Hafiz Hacıyev yaxın günlərdə mitinq keçirməyə hazırlaşır – Açıqlama

img

25-04-2017 [13:22]


Səhhətində yaranan problemlər səbəbindən Türkiyənin İstanbul şəhərində müalicə alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycana qayıdıb. H.Hacıyev müalicədən sonra özünü sağlam hiss etdiyini bildirib. O, indi daha böyük şücaətlə xəyanətkar müxalifətçilərlə vuruşacağını vurğulayıb. H.Hacıyev ekskluziv açıqlamalarını Kanal15.tv ilə ilə bölüşüb.

"Siyasi arenada məndən çox görünən partiya sədri yoxdur. Gündəmdə ancaq Müasir Müsavat Partiyası və onun sədri Hafiz Hacıyevdir. Mənim siyasət meydanında olmamağım ədalətsizlik olardı. Sadəcə, son günlər səhhətimlə əlaqədar Türkiyəyə getmişdim və buna görə bir neçə günlük siyasi fəaliyyətdən uzaq düşmüşdüm”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər siyasi arenada görünməməsi ilə bağlı Kanal15.tv-yə açıqlamasında bildirib. O bildirib ki, yenidən fəaliyyətinin başındadır: "Mən olmasam da, müavinlərim burdadır, köməkçilərim burdadır. Onlar məni layiqincə əvəz edirlər. Bizim partiya gündən-günə inkişaf edən bir partiyadır. Biz qurultaya hazırlaşırıq. Yaxın zamanda qurultay, konfrans keçirəcəyik. Proqram əsasında işlərimizi, siyasi fəaliyyətimizi davam etdirəcəyik”.

H.Hacıyev yaxın günlərdə mitinqlər keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Azərbaycanda yeganə müxalif partiya olan MMP-nın mitinq keçirməyə zəruri ehtiyyaclar yaranıb. O, mitinq keçirməyinin səbəblərini də açıqlayıb: "Yaxın günlərdə bizim siyasi şuranın iclası baş tutacaq. İndi mən təzə gəlmişəm deyə, hələ ki, planlaşdırırıq. Hər halda biz qərar verəcəyik ki, mitinqlərə başlayaq. Xalq görəcək ki, Azərbaycanda bir müxalifət partiyası var. O da, Müasir Müsavat Partiyasıdır. Azərbaycanda bir müxalifət partiyası var ki, o da heç dövlətin himayəsində deyil. Bu da Müasir Müsavat Partiyasıdır. Bizim mitinqlərimiz dövlət başçısına xəyanət edənlərə qarşı olacaq. Onların adları bir-bir çəkiləcək. Azərbaycanda son 23 ildə adını müxalif partiya qoyub kimlərə işləyirlər, hamısını faktlarla açıb ortaya qoyacağıq”.

Partiya sədri bildirib ki, növbəti prezident seçkilərində iştirak edəcək: " Azərbaycanda növbəti prezident seçkilərinə hazırlaşıram. Bunu mən dəfələrlə demişəm, yenə də deyirəm ki, Azərbaycanın növbəti prezidenti mən olacağam. Buna heç kəsin şəkk-şübhəsi olmasın. Biz çalışmalıyıq ki, Azərbaycanda siyasi sabitliyi qoruyaq. Prezident seçkilərində vaxt çoxluğu olsun, təbliğat-təşviqat proseslərinin vaxtı uzansın. İstəyərdim ki, bu məsələ ilə bağlı siyasətçilərimizin hamısı öz mövqelərini ortaya qoysunlar. Həm regionda, həm Azərbaycanda vəziyyət gərginləşib. Kimlərsə vəziyyətin yaxşı olduğunu deyirsə, ya insafsızdır, ya da özünü aldadır. Ölkədə elə bir irəliləyiş yoxdur. Azərbaycanda elə bir təbəqə formalaşıb ki, imkan vermir ki, müəyyən məsələlərdə irəliləyişlər olsun. Tək bir adamdır işləyən, o da mənim əziz qardaşım Prezidentdir. Prezidentə də kömək lazımdır. Onun da arxasında dayanan yeganə partiya varsa, o da Müasir Müsavat Partiyasıdır”.

O, müxalifətdən vahid namizəd kimi seçiləcəyini də vurğulayıb: "İndi görək, bu dəfəki seçkilərdə başqa kimlər iştirak edəcək. Ola bilsin ki, müxalifətdə vahid namizəd kimi şəxsən mən özüm iştirak etdim. Əgər bu xalq istəyirsə, daha yaxşı yaşasın, korrupsioner və rüşvətxor hökümət üzvlərindən azad olsun, onda əlbəttə ki, mütləq məni seçməlidir. Bütün hallarda çalışırıq ki, Azərbaycan demokratik bir dövlət kimi dünyada öz yerini tutsun. İçimizdə bunun əleyhinə olanlar da var. Amma Müasir Müsavat Partiyası dövlətimizin qorunmasında öz xidmətlərini əsirgəmir. İdeoloji və siyasi və s baxımdan dövlətçiliyin qorunmasında, bəzi təhlükələrdən sovuşmalarda bizim böyük xidmətlərimiz olub. Biz bu gün ideoloji savaşda hamıya qalib gəlmişik. Mənim əziz qardaşım həmişə çalışıb ki, ölkədə kadr islahatları, siyasi islahatlar aparsın”.

H.Hacıyev "Milli Şura”nın sezonla işlədiyini xüsusi olaraq önə çəkib. Onun sözlərinə görə, Azərbaycanda heç bir xarici dövlətə işləməyən müxalif partiya yalnız Müasir Müsavat Partiyasıdır: "Milli Şura sadəcə olaraq sezonla fəaliyyət göstərməməlidir. Çox təəssüflər olsun ki, Milli Şura da öz başına deyil, onların xaricdə himayədarları var. Onların hakimiyyətin daxilində də ölkə başçısı İlham Əliyevə qarşı birləşən məmurlarla iş birlikləri var. Ona görə də, Milli Şura qalıb bu iki qüvvələrin arasında”.


Digər xəbərlər
SON XƏBƏRLƏR