Qəza törədən 100 minlik maşın (90 VM 200) niyə gizlədilib? – Vəzifəli şəxsin oğlu ilə bağlı olay

img

17-12-2014 [17:06]


Dekabrın 10-da səhər paytaxtda – Neftçilər Xəstəxanası ilə üzbəüz küçədə yol nəqliyyat hadisəsi baş verib. 

Belə ki, yüksək sürətlə hərəkət edən dövlət nömrə nişanı 90 VM 200 olan «AUDİ» markalı avtomobil Musayev Kazım Vəli oğlunun idarə etdiyi 27 BX 395 dövlət nömrə nişanlı "OPEL”i vurub.  

Zərbənin təsirindən "Opel” qarşıdakı BMW ( 10 TV 745) ilə də toqquşub. Nəticədə "Opel” maşını «metallomluq” hala gəlib. 

Bu barədə Mia.az-a daxil olan məlumata görə, hadisə yerinə gələn yol polisləri evakuator sürücüsü 90 VM 200-ün sürücüsünə xüsusi qayğı ilə davranıblar. 

Zərərçəkənlərə isə deyilib ki, "narahat olmayın, bu adam polis rəisinin oğludur. Belə bir qəza bir neçə ay əvvəl edib. Sizin zərəriniz artıqlaması ilə ödəniləcək”. 

Mia.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bundan sonra zərərçəkənlərin maşınlarını şəhər «QAİ»sinin cərimə meydançasına aparsalar da, eyni halı polis rəisi olduğu deyilən şəxsin oğluna məxsus «AUDİ»yə tətbiq etməyiblər. Həmin maşının «Qaqarin» körpüsünün yanındakı cərimə meydançasına aparılacağı bildirilib.

Əməkdaşımız isə həmin günü dəqiqləşdirib ki, "Qaqarin” körpüsünün yanındakı cərimə meydançasında 90 VM 200 nömrəli maşın olmayıb. 

Maraqlı burasıdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları isə təqsirkarı gizlətdikləri kimi, bu barədə də susurlar. Hətta şəhər yol polisində 13 "a” otağında oturan Şahin Vahidov adlı inspektor bu barədə sualları kobud cavablayaraq «Mən bilərəm, kimə nəyi necə edirəm. Protokol tərtib olunub, müvafiq tədbirlər görülüb»,- deyib. 

Amma həmin tədbirin nədən ibarət olması isə hələ də aydın deyil. 

Məsələnin ən ilginc tərəfi isə şəhər yol polislərinin ciddi şəkildə 90 VM 200-ün sürücüsünü qorumaq cəhdləridir. Belə ki, son model bahalı "AUDİ" avtomobilinin sürücüsü zərərçəkənlərdən gizlədilməklə yanaşı, onun kimliyi, barəsində kimi tədbirlər görülməsi də, sanki dövlət əhəmiyyətli sirr kimi saxlanılır. 

Şahin adlı inspektorun isə zərərçəkənlərə «Sizə yalnız sığortaya təqdim etmək üçün arayış verərik» deməsi ilə yanaşı, zərərçəkənlərə qarşı ifrat sərt davranması da, yuxarıdakı qənaəti gücləndirir. Üstəlik, inspektorun fürsətcil davranaraq, sığortaya təqdim etmək üçün 250 manat pul istəməsi isə əndazəni tamamilə aşmaq deməkdir. 

Mia.az-ın məlumatına görə, ayın 10-da baş verən qəza ilə bağlı hələ də zərərçəkənlərin izahatları da alınmayıb. Burada haqlı sual meydana çıxır: "Hansısa imkanlı adamın övladı belə bir qəza törədəcək, kiminsə maşınını əzəcək, üstəlik, onun zərər verdiyi kasıblar (zərərçəkənlər) niyə rüşvət verməlidir?!".

Yəqin ki, Daxili İşlər Nazirliyi bu hadisə ilə bağlı ciddi ölçü götürülməsi haqda müvafiq tapşırıq verəcəkdir. 

Yeri gəlmişkən, Mia.az qəzanı törədən 90 VM 200-ün sürücüsü haqda məlumatları da, onun hadisə yerindəki fotolarını da əldə edib. 

Aydın olub ki, qəzanı törədən maşını etibarnamə ilə idarə edən Sabirabad şəhəri, X.Həmidov küçəsində qeydiyyatda olan Rəsul İlham oğlu Qəhrəmanovdur.

 Maşının qanuni sahibi isə Ehtiram Paşa oğlu Qəhrəmanovdur, Rəsul isə dəyəri 100 min manat civarında olan avtomobili etibarnamə ilə idarə edir. 

Mia.az Rəsul Qəhrəmanovun barəsində bir sıra məlumatlarla yanaşı, onun atasının kimliyi haqda da ətraflı informasiya əldə edib. 

Aydın olub ki, İlham Qəhrəmanov Daxili İşlər Nazirliyi sistemində vəzifə sahibidir. Hələlik onlarla danışa bilmədiyimizdən vəzifəsini və hadisənin qapadılmasına cəhd edilməsində kimlərin hansı rolu oynaması haqda təfsilata toxunmuruq. 

Onu da qeyd edək ki, hadisə günü, yəni ayın 10-da olayla bağlı Respublika Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə danışdıq. O, hadisə ilə bağlı 902 qaynar xəttinə məlumat veriləcəyi təqdirdə, rəsmi araşdırma apara biləcəklərini  dedi 

Həmin günü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətin yaxından tanıdığı Vaqif Əsədova da zəng etdik. Maraqlı burasıdır ki, müsahibimiz "Yaxşı olar ki, özünüz Şahin müəllimin yanına gəlin, danışın”, - dedi. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz də alınmayıb. 

Araşdırmalarımız davam edəcək.  

F.ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR