İcra başçılarını nə gözləyir? - 30 rayon rəhbəri haqda sərəncam veriləcək

img

28-07-2014 [19:18]


Qarşıda bir sıra rayonların icra başçıları üçün ən ağır sınaqlar gözləyir.

 Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək: «Artıq prezident Administrasiyası icra başçılarının nazı ilə oynamaq niyyətində deyil. Onların hər birinə şəxsən prezident İlham Əliyevin adı ilə xəbərdarlıq olunub. Təxminən 30-a yaxın icra başçısına isə son xəbərdarlıq olunub. Onların fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb. Və əmin olunub ki, artıq yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar. Odur ki, həmin icra başçılarına qəti və son xəbərdarlıq olunub. Elə buna görə də həmin icra başçıları mətbuatla münasibətləri qaydaya salmaqla, rayondan göndərilən şikayətlərin dərc edilməsinə qarşı da tədbirlər görməyə başlayıb. Məsələnin ən maraqlı tərəflərindən biri də icra başçılarının himayədarları vasitəsi ilə bu təhlükədən ən azı rəhbərlik etdikləri rayondan başqa bir rayona başçı göndərilməsini təmin etmək üçün dəstək də istəməyə başlayıblar. Mənim bildiyimə görə, bütün çabalara baxmayaraq, oktyabr ayınadək 30-dək icra başçısı yola salınacaq. Onların arasında Bakının Suraxanı rayonunun icra başçısı İlqar Abbasovla Xətainin icra başçısı Razim Məmmədovun da adları var».

Məlumatlı şəxs bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Yeni Azərbaycan» qəzetində icra başçılarına yönəlik məqaləsinin də təsadüf olmadığını deyir: «Həmin məqalədə 2014-cü ilin birinci yarısı üçün icra başçılarından edilən şikayətlərin statistikasından bəhs edir. Həmin məqalədə ötən ilin müvafiq dövrünə nisbətən Qobustan, Samux Ağcabədi, Ağdam, Astara, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Cəlilabad, Zəngilan, Zərdab, Suraxanı, Nərimanov, Sabunçu, Xətai, Yasamal və digər rayonlardan edilən şikayətlərin pik həddə çatdığı vurğulanıb. Bu isə o deməkdir ki, həmin adıçəkilən rayonların əksəriyyətinin rəhbərləri də artıq «qara siyahı»dadır. Xüsusilə son iki ay ərzində Suraxanının icra başçısı İlqar Abbasovun özünü qorumaq üçün böyük çaba göstərdiyini deyə bilərəm. Hətta onun barəsində müsbət imic yaratmaq üçün böyük pullar xərclədiyi də diqqətdən qaçmır».

Yaxın həftələrdən başlayaraq, daha bir neçə rayonda  yoxlamaya start veriləcəyini də deyən müsahibimizin sözlərinə görə, artıq barəsində daha çox şikayətlər olunan Salyanın icra başçısı Tahir Kərimovun fəaliyyətinin təftiş edilməsi də bu istiqamətdə deyilən fikirləri qüvvətləndirir: «Tahir Kərimov da haqqında ən çox şikayətlər edilən başçılardandır. Onun bir hüquq müdafiəçisini şərləyərək, həbs etdirməklə, vəziyyətdən çıxmağa çalışması da əks-effekt verməyə başlayıb. Maliyyə Nazirliyi bir həftədən çoxdur bu rayonda bütün büdcə təşkilatlarını yoxlayır. Və bu, sonda birbaşa Tahir Kərimovun şəxsinə yönəldilməklə, bitəcək. Onu qarşıda daha məşəqqətli günlər gözləyir».

Məlumatlı şəxs deyir ki, bəzi icra başçıları barələrində edilən şikayətlərə biganə yanaşırlar: «Onlar adətən yuxarı dairələrə barələrində edilən şikayətlərin tədbir görülməsi məqsədiylə özlərinə göndərilməsindən arxayınlaşırlar. Əslində isə vəziyyət başqadır. Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur. Və bunlar hesabaat şəkilində birbaşa Prezidentə təqdim olunur. Bəzən elə olur ki, bu təhlildən heç bölgələr üzrə kuratorların da xəbəri olmur. Ona görə icra başçıları rahat şəkildə korrupsiya əməllərini davam etdirirlər. İş işdən keçəndən sonra isə geriyə yol qalmır və bunlar yığdıqları pulları ayrı-ayrı vəzifəli himayədarlarına xərcləməklə ən azı prokurorluğun dəhlizlərində qalma ehtimalından sığortalanmağa çalışırlar».


Digər xəbərlər
SON XƏBƏRLƏR