Məşhur YAP-çıya hücum oldu - Prezidentdən kömək istənildi

img

14-07-2014 [17:50]



YAP-ın qurucularından olan Arif Rüstəmov iyulun 14-də RATİ-də mətbuat konfransı keçirib. O, prezidentə müraciət edərək, hakimlərin ona qarşı etdiyi qanunsuzluqlardan danışıb, ailəsinin qanının batırılmaması üçün kömək istəyib.

A.Rüstəmov dedi ki, 1992-ci ildə YAP ideyasına qoşulanlardan, hakim partiyanın ilk üzvlərindən olub: "1992-93-cü illərdə Heydər Əliyevin prezident seçkilərində iştirakını əngəlləmək üçün ortaya atılan yaş senzi ilə bağlı qanundakı maddənin dəyişdirilməsini azyaşlı oğlanlarımla birlikdə Ali Sovetin qarşısında aksiya keçirib, tələb etmişəm. İndi də ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləyirəm. Həmçinin müharibə veteranıyam. YAP-ın qurulmasında və güclənməsində fərqlənməyimə görə fəxri diplomla təltif edilmişəm, hazırda partiyanın ərazi təşkilatının sədriyəm. Son beş ildə isə bəzi məmurların, hakimlərin başıma gətirdiyi oyunlardan cana doymuşam. Qərəzli hakimlər mənim ailəmin qanını batırırlar. 11 dekabr 2009-cu il tarixdə Rüstəmov Pərvaz və Rüstəmov Rüstəm (ata-oğul) cinayətkar qrup kimi mənə və ailə üzvlərimə hücum edərək bizi döymüş, təhqir etmiş, bıçaqlamışlar. Səbəb də odur ki, onlar mənim Hövsanda qızım üçün tikdiyim evi ələ keçirmək istəyirlər. Buna görə də Rüstəmin barəsində CM-nin 212.3, Pərvazın barəsində isə 121.2.1-ci maddəsi ilə cinayət işi başladı, lakin onlar himayədarları olduğu üçün qanunsuz olaraq xeyli müddət həbs edilmədilər. Nəhayət, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 25 iyul 2013-cü il tarixli qərarı ilə R.Rüstəmov bizə qarşı törətdiyi cinayətlərə görə 3 il azadlıqdan məhrum edilmişdi. P.Rüstəmov isə törətdiyi cinayətlərə görə qanun qarşısında cavab vermədi. Daha sonra cinayət işini pərdələmək üçün oğlum Rüstəmov Raminə qarşı mülki iddia qaldırıblar ki, guya həmin evi oğlumla şərikli tikdirib. Rəsmi sənədlərlə isə təsdiq edilir ki, həmin evi mən özüm tikmişəm”.

A.Rüstəmov deyir ki, qarşı tərəfin bu iddiası Suraxanı Məhkəməsində rədd olunub: "Rüstəmovların dərhal qətnamədən verdikləri apelyasiya şikayəti də təmin edilmədi. Bundan sonra o, Ali Məhkəmədəki havadarları ilə sövdələşərək Apelyasiya Məhkəməsində R.Rüstəmovun barəsində çıxarılan həbs qərarından şikayət verərək, işi öz yaxınları – məhkəməyə sədrlik edən İ.K.Hüseynov, hakim R.S.Nəbizadə və əsas yaxın adamları Vafəddin İbayevin də tərkibində olduğu məhkəmə kollegiyasına saldırdılar. 17 mart 2014-cü il tarixli qərarla R.Rüstəmovun onun cəzasını 1 il 6 aya endirdilər. Halbuki V.İbayev cinayət yox, mülki kollegiyanın hakimidir və onun cinayət işinə baxmaq səlahiyyəti yoxdur. Təsəvvür edin, V.İbayev Rüstəmovların işi ilə nə qədər maraqlıdırsa, onlarla bağlı həm mülki, həm də cinayət işini hər dəfə özünə saldıraraq Rüstəmovların xeyrinə ədalətsiz qərarlar çıxarır! Həmçinin Vəfaddin İbayev 15 il əvvəl mənə qarşı da Suraxanı rayon Məhkəməsində mülki işə baxaraq qərəzli qətnamə qəbul etmişdi, onun qətnaməsi Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdi. Rüstəmov Pərvaz bir-neçə dəfə qarşımı kəsərək bildirib ki, onun Ali Məhkəmədə sanballı adamları var, hansı ki, onun oğlunun və özünün işini həll edirlər, onlardan biri də Vəfaddin İbayevdir. Beş ildir ki, işi cinayətkarın xeyrinə həll edirlər və cinayətkar da cinayət əməllərindən əl çəkmir. Rüstəm Rüstəmov 8 nəfərin ölümünə səbəb olan qəzalar törədib. Son 5 ildə o, azadlıqda gəzməsi səbəbindən birinci dəfə "VAZ-2107” markalı avtomobillə toqquşdu. Maşında olan bir ailənin 5 üzvü öldü. Ancaq o, məsuliyyətə cəlb edilmədi. Daha sonra 3 azyaşlı uşağın ölümü ilə nəticələnən qəza törətdi. O, yenə də azadlıqdadır. Bütün bu qanunsuzluqlara necə göz yumulur? Rüstəm Rüstəmovun cəzasını şəxsi maraqlarına görə yarıya endirən hakim Vəfaddin İbayev indi də P.Rüstəmovla əlbir olub, Apelyasiya Məhkəməsinin 26 fevral 2014-cü il tarixli – oğluma qarşı əsassız iddiaya dair çıxarılan ədalətli qətnaməsini ləğv etməyə çalışır, bu işi də öz icraatına saldırıb. 

Cənab prezident, çox xahiş edirəm ki, bu məkrli niyyətin qarşısını alasınız! Sonuncu ümid yerim sizsiniz. Çox xahiş edirəm ki, bizim ailənin belə hakimlər tərəfindən qanının batırılmasına imkan verməyəsiniz. Mən həmçinin buradan prezidentimizə müraciət edərək, məni qəbul etməsini xahiş edirəm. Mənim başıma gətirilənlər bununla bitmir, istəyirəm prezident məni qəbul etsin, sözümü ona deyə bilim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR