"Azercell"in mobil tətbiqi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək imkanı yaradılıb

img

13-10-2020 [16:29]


Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell” şirkəti abunəçilərinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını yaradıb.

Şirkətdən Mia.az-a verilən məlumata görə, “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür.

Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 manat olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 manat, aylıq limit isə 500 manat təşkil edir.

Qeyd edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim” mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir.

Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “App Store”, “PlayStore” və ya “Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

Xatırladaq ki, “Azercell” şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat həcmində vəsait köçürülüb.

Bundan əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə ki, hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına “Azercell” tərəfindən 100 manat köçürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR