Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət tətbiq olundu - Detallar

img

27-09-2020 [19:23]


Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmanda deyilir:

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin.

2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.

3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:

3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin;

3.2. xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilsin.

6. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

***

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 8 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. 

Mia.az-ın məlumatına görə, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Naftalan, Beyləqan, Ağdam, Göygöl, Agstafa və digər şəhər və rayonlarda saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib: "Xüsusi giriş-çıxış müəyyən edilib".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR