Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

img

15-09-2020 [15:14]


Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız  sessiyasında ilk iclası keçirilib.

Mia.az MM-ə istinadla xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar  arzulayıb. Daha sonra 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib.

Qeyd olunub ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniştərkibli parlament dinləmələri keçirilib. “Azərsu” ASC rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin  qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, Su Məcəlləsinin yenidən işlənməsinin vacibliyi vurğulanıb. 

Sadiq Qurbanov qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib.  Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər  edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və  vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə  etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına  daxildir. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edilib. 

Komitəni toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlardan Asim  Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov nef  istehsalı və emalı  zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə  münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildiriblər, faydalı təkliflər səsləndiriblər.  


Digər xəbərlər
SON XƏBƏRLƏR