Nəsimi rayonunda 600-dən yüksək bal toplayan abituriyentlərlə video-konfrans keçirilib - FOTO

img

15-09-2020 [11:33]


2019-2020-ci tədris ilində  rayonun tam orta təhsil müəssisələrini  1437 şagird bitirmiş, onlardan 1301-i ali məktəbə sənəd vermiş, qəbul imtahanlarında abituriyentlərdən 115 nəfəri 500-dən, 38 nəfəri 600-dən, 15 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 229 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 2019/2020-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 1 məzun isə bürünc medala layiq görülüb.

Bu barədə Nəsimi Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, onlayn konfransı açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərdiyi gənclər əldə etdikləri bilik və bacarıq, zəngin mənəvi kapital sayəsində respublikamızın təhsil, incəsənət, mədəniyyət və bir çox digər sahələr üzrə böyük inkişafın əsasını qoydular.

Asif  Əsgərov daha sonra bildirdi ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.Ümummilli Liderin  siyasətini uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində  şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan  kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi  kimi vacib tədbirlər Mehriban Əliyevanın təhsilə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Toplantıda Qızıl medala layiq görülmüş 151 saylı tam orta məktəbin məzunu,  Hüseyn Mehdiyev çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə  gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medallarla təltif olunub. Mən də qızıl medala layiq görülmüşəm. Bu etimadı doğruldaraq 638 balla ali məktəbə qəbul olmuşam. H.Mehdiyev  ali məktəblərə qəbul olunan bütün tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. 

Video-konfransda 42 nömrəli orta məktəbin direktoru Firəngiz Həmidova   çıxış edərək bildirdi  ki, bu gün  ölkəmizdə  davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər  milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər.

Video-konfransda iştirak edən məzunlar, onların müəllimləri və  valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara  hədiyyələr, həmçinin   rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 400 nəfər şagirdə məktəbli forması təqdim edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR