Arvadına çoxsaylı bıçaq zərbələri endirən sabiq icra başçısının oğlunun işi məhkəməyə göndərildi

img

14-09-2020 [18:02]


Fevralın 1-də Yasamal rayonu ərazisində Dilarə Bəhmənovanın bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülməsinə cəhd edilməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi və Dilarə Bəhmənovanın ölümlə hədələnməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində istintaq edilən cinayət işi bir icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə rayon prokurorluğunda istintaq davam etdirilib.

Yasamal Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərəçəkmişin keçmiş əri Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı yenidən birgə yaşamaları üçün evə qaytarmaq məqsədilə bir neçə dəfə ölümlə hədələməsinə, sonuncunun bundan imtina etməsi səbəbindən qeyd edilən tarixdə aralarında yaranan mübahisə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Bəhmənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, C.Bəhmənovun atası Nizami Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR