Bakıya sərnişin daşıyan sürücü ağır qəza törətdi: 1 sərnişin ölüb, 5 yaralı var

img

11-09-2020 [14:44]


Bu gün səhər saat 06:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 55-ci km-də 1 sərnişinin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Mia.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, sürücü , Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Ramal Bilal oğlu etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz Vito” markalı 99-XF-890 dövlət qeydiyyat nişanlı avtomobillə 10 sentyabr saat 8:30-dan Bakı və Sumqayıt şəhərlərinin ərazisində mütəmadi olaraq hərəkətdə olub, saat 17:30 radələrində Tovuz rayonu istiqamətinə gedib, saat 22:30-da həmin əraziyə çatsa da istirahət etmədən, yəni 11 sentyabr gecə saat 2 radələrində yorğun vəziyyətdə Bakı şəhəri istiqamətinə hərəkətə başlayıb və səhər saat 6:20-də sükan arxasında yuxuya gedərək yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Bildirilib ki, qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minib, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşalrında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb: "Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarınada uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət edilmədiyinə görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR