"Siz təsəvvür edə bilməzsiniz ki, bizdə necə bir məlumat var" - Belarus kəşfiyyatı Merkelin səs yazısını ələ keçirib?

img

09-09-2020 [12:27]


Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksey Navalnı ilə bağlı telefon danışığının sensasiyalı detallardan ibarət hissəsinin yayımlanmadığını deyib. 

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti ilə müsahibədə olan "Danışır Moskva" radiosunun baş redaktrou Roman Babayan deyib. 

Onun sözlərinə görə, Aleksandr Lukaşenko həmin səs yazısının Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim olunduğunu bildirib. 

"Siz təsəvvür edə bilməzsiniz ki, bizdə necə bir məlumat var", Prezident Lukaşenko əlavə edib. 

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib. A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: "Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib".

Polşa və Almaniya hökumətləri bu məlumatın həqiqəti əks etdirmədiyini bəyan edərək belə bir telefon danışığının olmadığını bildiriblər.

Xatırladaq ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR