Tikinti obyektlərinə dair tələblər dəyişir - Nələr olacaq?

img

08-09-2020 [14:59]


Azərbaycanda tikinti obyektlərinə dair tələblər dəyişir.

Bununla əlaqədar Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə mühəndis-axtarış işləri yerinə yetirilir. Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir.

Hazırda mühəndis-axtarış işlərinin nəticələri həmin axtarış işlərinin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat hazırlanacaq. Başqa sözlə, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına da yeni əlavələr edilir. Qanun layihəsinə əsasən, artıq bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılacaq. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR