Deputat prokurordan şikayətləndi - Kamran Əliyev göstəriş verdi

img

04-09-2020 [14:12]


"Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi. Bu gün məlum məsələ ilə bağlı Baş Prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm".

Mia.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra vətəndaşlara, onların şikayətinə münasibətin xeyli dəyişdiyi barədə məlumatlıdır:

"Bu gün görüşə gedən zaman səhvən əsas qapıdan yox, qəbul şöbəsindən içəri daxil olmalı oldum və prokurorluğa gələn şikayətçilərlə də rastlaşdım. Məni Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov qarşıladı. Baş Prokurorluqda başqa bir atmosferin olduğuna sevindim. Eldar müəllimin gələn şikayətçilərlə mehribancasına salamlaşmağı və onları dinləməyi də xoş oldu. Eldar müəllimə də vətəndaşlara doğma yanaşmasına görə də təşəkkür etdim. 

Baş prokurorun birinci müavini Elçin Məmmədovla görüşümüz qarşılıqlı anlaşma şəraitində keçdi. Sevindim ki, Baş prokurorluqda yeni bir abi-hava var və məsələlərin müsbətə doğru dəyişməsinə zəmin yaranmaqdadır. Ümid edirəm ki, islahatlar daha da intensivləşəcək. Vacib olan insan faktorudur. Əgər vətəndaş razı salınırsa, xoş qəbul edilib, xoş yola salınırsa, mütləq cəmiyyətə də müsbət siqnallar ötürür.

Milli Məclisin deputatına qarşı edilən sayğısızlıq əsas müzakirə mövzusu oldu və digər məsələlərə də toxunduq. Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır".


Digər xəbərlər
SON XƏBƏRLƏR