Azərbaycan qazının TAP-la Avropaya nəql edilməsinə başlanılıb

img

03-09-2020 [15:58]


Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya nəql edilməsinə başlanılıb.

Məlumata görə, təbii qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulan Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) boru kəməri sınaqları keçirilir və xətdə ehtiyyat yaratmaq üçün də qaz verilib.

“Boru kəmərinin, kompressor və ölçmə stansiyalarının sınaqlarına başlandı. Ehtiyyat qaz da vurulur və 2021-ci ilin ilk rübündə TAP-ın tam şəkildə istifadəyə verilməsi planlaşdırılır”, - deyə mənbə bildirib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xatırladaq ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR