Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrinə baş çəkiblər

img

02-09-2020 [15:29]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 17 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından Mia.az-a bildirilib ki, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunub.

Başçəkmələr zamanı bu müəssisələrdə cəza çəkən məhkumların saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.

6 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində bir çox məhkum, o cümlədən internet saytlarında qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsində olan məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını bildirib.

17 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində cəza çəkdiyi  müəssisənin dəyişdirilməsi tələbini əsas göstərərək qida qəbulundan imtina etdiyini qeyd edən Vahid Əliyev də qəbul olunub. Ona hüquqları izah olunmaqla müraciətləri qəbul edilib.

MPQ-nin üzvləri tərəfindən adıçəkilən məhkumlara qida qəbulunu bərpa etmələri ilə bağlı, habelə müəssisə rəhbərliyinə və tibbi-sanitar hissəyə məhkumların səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.

Qəbullar zamanı məhkumlara Ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA