Nazir: "İdmançılarımızın vəziyyəti məni çox narahat edir, necə edək?"

img

10-08-2020 [15:32]


“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin”.

Bunu Gənclər və İdman Naziri Azad Rəhimov qeyri Olimpiya idman növləri üzrə Federasiyaların rəsmiləri ilə görüşündə bildirib.

Nazir olimpiya  idman növlərində vəziyyətin müqayisədə daha stabil olduğunu, idmançıların  icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Rəhimov çox narahat olduğunu deyib: "İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür, idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə, o zaman necə edək?” sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm.”

Nazir federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü ifadə edib. Avadanlıqlara gəldikdə isə, nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib.  

Eyni zamanda, Azad Rəhimov federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Nazir beynəlxalq yarışlarda iştiraka da toxunub: “Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla  bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun". 

Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu və nizamlı olduqlarını söyləyib. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırılıb. 

Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti- dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq  Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilə iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, iclasda 30-dan çox qeyri olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edib. Buraya  Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası və, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Poverliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən  mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürüblər. 

Konfrans zamanı dünyasını dəişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR