Çempionlar Liqası: "Bavariya" "Çelsi"ni, "Barselona" isə "Napoli"ni evə əliboş göndərdi

img

09-08-2020 [09:03]


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Mia.az xəbər verir ki, , gecənin son cavab görüşlərində "Bavariya" Almaniyada İngiltərənin "Çelsi", "Barselona" isə İspaniyada İtaliyanın "Napoli" komandasını qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 

"Bavariya" ilk matçda 3:0 hesabı ilə yendiyi "Çelsi"ni yenə böyük hesabla məğlub edib - 4:1.

Qalib komandadan hesabı 10-cu dəqiqədə penaltidən Robert Levandovski açıb. 24-cü dəqiqədə İvan Perişiç ikinci qolu vurub. "Zadəganlar"dan Temi Abraham 44-cü dəqiqədə fərqi azaltsa da, 76-cı dəqiqədə Korenten Tolisso yenidən fərqi 2 topa çatdırıb. 84-cü dəqiqədə isə Levandovski dubl edərək, yekun nəticəni müəyyənləşdirib. 

İlk matçda səfərdə "Napoli" ilə 1:1 hesablı heç-heçəyə razılaşmış "Barselona" isə "Nou Kamp"da inamlı qələbəyə imza atıb - 3:1.

İlk qolu 10-cu dəqiqədə Kataloniya komandasından Kleman Lanqle vurub. 23-cü dəqiqədə Lionel Messi, 45+1-ci dəqiqədə Luis Suares fərqi artırıb. İtaliya təmsilçisi 45+1-ci dəqiqədə Lorentso İnsinyenin dəqiq penalti zərbəsi ilə təsəlli tapıb. 

Beləliklə, 1/4 finalda qarşılaşacaqlar:

12 avqust: "Atalanta" (İtaliya) - PSJ (Fransa)
13 avqust: "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) 
14 avqust: "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
15 avqust: "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
 
Oyunlar "8-lər finalı" formatında Portuqaliyada keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR