“Dövlət ən pis sahibkardır” - Dəmiryolu, qaz, işıq, su və hava nəqliyyatında hansı yeniliklər ediləcək?
07-08-2020 [17:14]
Azərbaycanda dövlət şirkətlərinin itkilərə yol verməsi, zərərlə işləməsi yenidən gündəmə gəlib.
Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən gün keçidiyi videoformatda müşavirədə dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edib, başqa sözlə, onları büdcənin “pulsoran”ına çevrilməkdə günahlandırıb. Dövlət başçısının sözlərinə görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər.
“Səmərə hardadır?”
“Dövlət şirkətlərinin ödədiyi vergilərlə onlara verilən subsidiyalar və birbaşa investisiya qoyuluşu arasında böyük fərq var. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – “Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? “Azərbaycan Dəmir Yolları” da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - dövlət başçısı qeyd edib.
“Sosialist iqtisadi modelində işləyirlər”
“Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”, - deyə İ.Əliyev vurğulayıb.
Yeni idarəetmə sistemi gəlir
Prezidentin sözlərinə görə, artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar: “Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.
Yığılmış zərər milyardlarla manatla ölçülür
Dövlət şirkətlərinin açıqladığı maliyyə (audit) hesabatlarına əsasən deyə bilərik ki, onların yığılmış zərərləri milyardlarla manatla ölçülür. Məsələn, İ.Əliyevin adını çəkdiyi “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 333 milyon manatdan çox yığılmış zərəri olub (2019-cu ilin maliyyə nəticələri hələ ki, məlum deyil). Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10% çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətinin nizamnamə fonduna qoyulmuş 1 760 milyon manat vəsait dağıdılıb, onu müflis olmaqdan isə 1 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.
“Azərenerji”nin istehsal etdiyi enerjinin əsas alıcısı – “Azərişıq” ASC-nin də yığılmış zərəri az deyil. Bu rəqəm 2019-cu ildə təxminən 17% artaraq 385 milyon manatı keçib. Baxmayaraq ki, son illər ölkədə elektrik enerjisi tarifləri bir neçə dəfə artırılıb. Əgər 10-15 il bundan əvvəl Azərbaycan vətəndaşları enerjinin hər kilovat/saatına cəmi 2 qəpik ödəyirdilərsə, hazırda bu rəqəm 7-11 qəpikdir. Odur ki, enerji müəssisələrinin zərərlə işləməsi istər-istəməz narahatlıq doğurur.
Təyyarə parkı daimi yenilənən, ABŞ-a uçuşlar həyata keçirməsi ilə fəxr edən AZAL da dövlətə xeyir vermir. Milli aviadaşıyıcı 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur. Baxmayaraq ki, AZAL-la uçuş regionun digər ölkələrindən uçuşla müqayisədə xeyli baha başa gəlir və aviaşirkət sərnişin qıtlığı çəkmir. Bakı-Naxçıvan aviareysi üçün isə şirkətə dotasiya ödənilir. Dövlətın hesabına kapital qoyuluşu da öz yerində.
Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə onun yığılmış zərəri təxminən 34% artaraq 1 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaq üstə qalır. Halbuki, ötən illərdə Azərbaycanda dəmir yolları tarifləri də yerində saymayıb və təxminən 3 dəfə artırılıb. Məsələn, indi Bakıdan Böyük-Kəsiyə 10-15 il əvvəl olduğu kimi plaskart tipli vaqonda 2 manata getmək mümkün deyil və azı 5-6 manat ödəmək lazımdır.
“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatıb. 2018-ci ildə metroda gediş haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq qurumun maliyyə vəziyyətində ciddi irəliləyiş olmayıb və hər il büdcədən 50 milyon manata yaxın dotasiya almaqda davam edir.
Nəqliyyat müəssisələri ilə yanaşı, kommunal müəssisələr də dövlətin üzərinə zərər yığmaqla məşğuldur. Məsələn, 2018-ci ilin yekununda “Azərsu” ASC-nin 6 385 milyon manat zərəri yığılıb ki, bu da 2017-ci ilin yekununa nisbətən təxminən 8% çoxdur (2019-cu ilin maliyyə nəticələri açıqlanmayıb). Nizamnamə kapitalı cəmi 400 milyon manat olan su-kanalizasiya təsərrüfatı qurumuna indiyə qədər 2 013 milyon manat əlavə kapital, 4 190 milyon manat dövlət investisiyası qoyulub. Baxmayaraq ki, 2017-ci ildən bəri Azərbaycanda əhaliyə satılan içməli suyun 1 kubmetrinin qiyməti təxminən 2 dəfə artırılaraq 35 qəpiyə, 1 kubmetr çirkab suyunun axıdılması xidmətinin qiyməti isə təxminən 4 dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.
İstifadə etdiyi elektrik enerjisinə, qaza və suya görə borclarının olmasa tez-tez gündəmə gələn “Azəristiliktəchizat” ASC da zərər içində üzür. 2018-ci ilin yekununda bu qurumun yığılmış zərəri 68 milyon manatdan çox olub. 2019-cu ilin maliyyə nəticələri isə hələ ki, məlum deyil.

“Korporativ idarəetmə yoxdur”
İqtisadçı-ekspert Samir Əliyev dövlət şirkətlərinin zərərlə işləməsini təbii sayır. Onun sözlərinə görə, bu, həmin şirkətlərin rəhbərlərinin dövlətə arxayın olmasından, bütün məsələlərdə təkbaşına qərar vermələrindən, başqa sözlə korporativ idarəetmənin mövcud olmamasından irəli gəlir: “Dövlət şirkətlərini idarə edənlərin hesabat verməli olduqları Müşahidə Şurası yoxdur. Halbuki, həmin qurum şirkətin İdarə Heyətini (İH) və Audit Komitəsini formalaşdırmalıdır, hər ikisi vaxtaşırı ona hesabat verməlidir. Azərbaycanda dövlət şirkətlərinin auditi onların İH sədrlərinin nəzarəti altında baş tutur, yəni daxili nəzarət yoxdur. Son nəticədə şirkətlərin niyə zərərlə işlədiyini soruşan olmur, onlar tez-tez büdcədən dotasiya və yaxud investisiya formasında dəstək alır, alınmış kreditləri, dövlət zəmanəti verildiyinə görə dövlət qaytarmalı olur”.
“Dövlət ən pis sahibkardır”
S.Əliyev hesab edir ki, dövlət şirkətləri bundan sonra da zərərlə işləməkdə davam edəcəklər: “Nə qədər effektiv idarəetmə qurulsa da, vəziyyət dəyişməyəcək. Dünya təcrübəsi göstərir ki, dövlət şirkətləri biznes yönümlü ola bilməz. Belə bir deyim var - dövlət ən pis sahibkardır. Odur ki, tədricən dövlətə məxsus təsərrüfat subyektləri ya özəlləşdirilməli, ya da özəl (yerli və yaxud xarici) şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bu halda dövlətin onlara xərc çəkməsinə, aldıqları kreditlərə zəmanət verməsinə ehtiyac qalmaz. Özəl şirkət lazımsız xərclərə yol verməyəcək. Demirik ki, bütün müəssisələr dövlətsizləşdirilsin. Məsələn, enerji istehsalı yenə də dövlətdə saxlanıla bilər, amma satış və paylama işi özəl sektora ötürülə bilər”.
Əli Əsədov təhsillə bağlı qərar imzaladı - Detallar
İsrail Qəzzaya zərbə endirib - 4 nəfər ölüb
QARABAĞA YENİ KÖÇ BAŞLAYIR
Zabrat maşınqayırma zavodu özəlləşdirilib
"Azərişıq" ASC-nin rəhbəri növbəti təyinatlara imza atıb - Vüqar Əhmədov kimlrə vəzifə verdi? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - İcazələr dərhal...
Sabah qar yağacaq - Xəbərdarlıq
Lalə Şövkətin bacısı oğlu qəfil vəfat edib - FOTO
Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlanıb
Məhkəmə hərbi ekspertlə bağlı qərar verib
Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)
Rasim Məmmədov azadlığa çıxmaq istəyir
Vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - İzahat
Məşhur müğənninin qanında narkotik üzə çıxdı
"Azərişıq" ASC-nin İdarə rəisi vəzifə azad edilib - Yeni təyinat
Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir - Paşinyan açıqladı
"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub
Rusiyada vertolyot qəzaya uğrayıb - Ölənlər var
Bərdədə silah satmaq istəyən iki nəfər tutulub
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? - ARAŞDIRMA
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Məşhur reper Elşad Xose həbs olunub - Söyüşə görə
25 min qızıl gül, 25 min Xrizantema, 40 min Primula... - Bakı Yaşıllaşdırma İdarəsi gül alır
Sabah qar yağacaq - Hava proqnozu
İlham Əliyev Külək Elektrik Stansiyasının rəsmi açılışında mühim mesajlar verdi - TAM MƏTN, FOTOLAR
ABŞ sərhədə hasar çəkir - 804 kilometr uzunluğunda
"Bloger" saxlanıldı - 16 min manatlıq dələduzluq
Deputat: “Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib” - VİDEO
Şəhriyar 3 milyon, Teymur 2 milyona yaxın pul qazanıb
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altı nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edildi - Tramp qanun layihəsini təsdiqlədi, ucuz neft alan ölkələr cəzalandırılacaq
Vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb
"Həmin toyda nə deputatı gördük, nə də ona əmi kimi.." - Müğənni müzakirələrə səbəb olan dəbdəbəli toydan danışdı
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşdü
"O, 400 mini “Holluvud” restoranım üçün istədi" - Şərurlu İsfəndiyardan sabiq icra başçısına ağır ittiham
Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu