İcra başçısının tikinti "bumu" etirazlara səbəb olub - Sakinlərdən ağır ittihamlar + FOTOLAR

img

06-08-2020 [16:45]


Xırdalan şəhərini bürüyən "tikinti bumu" yerli sakinlərin kütləvi narazılığına səbəb olub.

Söhbət ilk növbədə son vaxtlar geniş vüsət alan yaşayış binalarının inşası ilə bağlıdır.

Bu barədə Mia.az-a daxil olan şikayətlərdə bildirilir.

Sakinlərin dediklərinə görə, apartman binalarının tikintisi əksərən qanunsuz yollarla aparılır.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın həmin qanunsuzluqlara göz yumduğunu deyən xırdalanlılar sözügedən binaların inşası ilə bağlı Dövlət Şəhərsalma və Arixtektura Komitəsini də məsələyə məsuliyyətsiz yanaşmaqda ittiham edirlər. "Apartman binalarının tikintisində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Belə binalar harda gəldi, necə gəldi tikilir və adi vətəndaşlara ciddi narahatlıq yaradır. Kimlərsə bəlli yollarla normal yaşayış evinin inşası üçün icazə alır, bir müddət sonra isə həmin yerdə 20-30 ailənin yaşayacağı, 3-4 mərtəbəli binalar peyda olur. Bu binaların ətrafı yaşayış evlərindən ibarətdir. İş o həddə çatıb ki, yayın bu qızmarında insanlar öz evlərinin həyətində dincələ, istirahət edə bilmirlər. Çünki binalar birbaşa bu həyətlərə baxır" – deyə şikayətlərdə vurğulanır.

Belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipinin gözlənilmədiyini, tamamilə maddi maraq güdüldüyünü deyən sakinlər bildirirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xırdalandakı bu rüsvayçı, artıq bütün əndazələri aşmış "tikinti bumu"na səssiz qalması, göz yumması təəccüb və təəssüf doğurur, eyni zamanda hansısa gizli, mübhəm mətləblərdən xəbər verir. Həmçinin icra başçısı İ.Gülməmmədovanın da belə qanunsuz hallara "yaşıl işıq" yandırması göz önündədir. Əks halda apartman binaları sözün həqiq mənasında xırdalanların başının bəlasına çevrilməzdi.

Redaksiyamıza daxil olan şikayətlərdə o da qeyd edilir ki, bu ilin iyununda Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevlə bərabər İ.Gülməmmədovanın yaxın qohumu Qoşqar da saxlanılmışdı.

Lakin həmin şəxs sonradan müəmmalı və möcüzəli şəkildə azadlığa buraxılıb. Halbuki Abşeron rayonu, o cümlədən Xırdalan ərazisindəki qanunsuz, özbaşına tikintilərin bir çoxu məhz onun himayədarlığı ilə gerçəkləşdirilib. İcra başçısının adıçəkilən qohumunun indinin özündə də oxşar əməlləri davam etdirdiyini bildirən sakinlər bu dözüməz vəziyyətə son qoyulmasını istəyirlər.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR