"Düşməni məğlub etmənin ən yaxşı yolu onu öz silahı ilə vurmaqdır" - Sabiq nazir

img

03-08-2020 [12:10]


Ermənistanın Azərbaycan qarşısında tək üstün olduğu cəhəti xarici diaspor və lobbi fəaliyyətidir. 200 ildən artıq bir lobbiçilik, diaspor tarixinə malik olan Ermənistan bu yolla Azərbaycanı hər vəchlə haqsız göstərməyə çalışırdı.

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov diaspor sahəsində də uğursuzluğun nəticəsi kimi Ermənistan Baş naziri Nikol Paşinyanın erməni diasporunun aparıcı və məsul işçilərini işdən çıxarmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Tovuz hadisələri Ermənistan lobbisi və diasporunun nüfuzunu zədələdi:

“Etiraf etmək lazımdır ki, erməni lobbisi kifayət qədər köklü bir tarixə malikdir. Vahid bir vətəni olmayan bu xalq varlığını davam etdirmək üçün dünyanın müxtəlif regionlarına səpələnib, lakin hər zaman bir-biri ilə əlaqələri olub. Məqsəd isə özlərinə başqa ölkələrdən birinin torpağında dövlət yaratmaq olub. Tarixən inkişaf edən bu ideologiyanın zərərlərini isə ən çox biz çəkmişik. Bunları deməkdə məqsədim düşmənimizi yaxşı tanımaqdır. Və düşməni məğlub etmənin ən yaxşı yolu onu öz silahı ilə vurmaqdır.

Azərbaycan diaspor və lobbi fəaliyyəti Ermənistan kimi inkişaf etməmişdi. Çünki Azərbaycan xalqının tarix boyu bir yox, bir çox dövləti olub. Müstəqilliyin ilk illərindən bu sahədə işlər getsə də, təəssüf ki, lazımi effekt əldə edə bilmirdik. Lakin qısa müddətdə əldə edilən uğurlar bu gün bu sahədə inkişafın getdiyini göstərir.

Məlum Tovuz hadisələrindən sonra dünya azərbaycanlıları nizamlı, sivil qaydada bir araya gəlib ölkələrinə dəstək oldular. Bu cür dəstək bir ilk idi. Və bu ilk Ermənistanda çox böyük bir rezonans doğurdu”.

Politoloq qeyd edib ki, Azərbaycan diasporunun fəallığı erməniləri qorxuya salıb:

“Azərbaycan diasporunun Tovuz hadisələrinə bu cür reaksiyasını ermənilər gözləmirdi. Ona görə də özlərini itirdilər – erməni diaspor nümayəndələrinin azərbaycanlılara qarşı fiziki güc tətbiqinin də, Nikol Paşinyanın diaspordan məsul olan 13 şəxsi işdən çıxarmasının da səbəbi budur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR