"Heç kim özündən Amerika çıxarmasın, tutulan yoxdur" - İcra başçısı 

img

29-07-2020 [19:49]


Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov rəhbərlik etdiyi qurumda hüquq-mühafizə orqanlarının əməliyyat keçirilməsinə dair yayılan məlumatlara münasibət bildirib. 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Mərdan Camalov rəhbəri olduğu qurumda belə bir  əməliyyatın keçirilmədiyini bildirib:

“Əgər Dövlət Təhlükəsizlik Xidməti (DTX), Baş Prokurorluq və yaxud Daxili İşlər Nazirliyi hər hansı bir rayonda əməliyyat keçirirsə bu barədə dərhal mətbuat xidmətləri açıqlama verirlər. Ona görə, heç kim özündən Amerika çıxarmasın. İcra hakimiyyətində heç kim həbs edilməyib. Sadəcə lazım olan müəyyən məsələlərlə bağlı 1 ay əvvəl işdən çıxardığım icra nümayəndəsi və bələdiyyə sədri saxlanılıblar. Bu barədə də KİV-lərə məlumat veriləcək. O yoldaşlar nə icra hakimiyyətinə gəlib əməliyyat keçib, nə də buradan heç kim həbs olunub.”

Mərdan Camalov hüquq-mühafizə orqanları tərəfindən rayonun İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Abuseyid oğlu Əhmədov izahat alındığını və onun həbs edilmədiyini bildirib: “Nəsə lazım olub deyə onu çağırmışdılar. Hazırda memar da, mən də öz yerimdəyəm”. 

M.Camalov Azərbaycanda bəzi xəbər saytlarını yaydıqları məlumatlara görə də qınayıb: “Onlar öyrəşiblər ki, hər kəsin pis işinə sevinsinlər. Ancaq bilmirlər ki, Allah göydən baxır. Pis işə sevinənin Allah öz başına gətirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA