"Kontakt Home”la jurnalist arasında qalmaqal: "Deputatın şirkəti iki aydır malı vermir, üstəlik, 400 manatımı..." - Şirkət rəsmisi isə əksini deyir

img

28-07-2020 [21:21]


"Deputat Elnur Allahverdiyevə məxsus “Kontakt Home” mağazasından 2 ədəd kondisioner almışam. İki ay vaxt keçməsinə baxmayaq, kondisionerlər hələ də mənə çatdırılmayıb”.

Mia.az xəbər verir ki, bunu Criminal.az saytının Baş redaktoru Anar Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

A.Məmmədov deputat Elnur Allahverdiyevə müraciət edərək, qeyd edib: “Malı satarkən başqa qiymətə təqdim edirsiniz, alarkən isə ümumi məbləğin 5 faizini xidmət haqqı çıxırsınız. Üstəgəl, hələ kondisionerləri mənə çatdırmadan əvvəl ustalar gəlib boruları çəkib və məndən 400 manat alıb qaçıblar. Sizə şirkətinizin hansı oyunlardan çıxdığını başa sala bildim, yoxsa davam edim?”.

Jurnalistin bu statusunun şərh bölümünə yazan şirkətin sözçüsü Vəfa Rüstəmova isə ona belə cavab verib:

"Salam, Anar bəy. Sizinlə danışan Kontakt Home mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceridir. Zəhmət olmasa, iradınızla bağlı məhsul sənədləşməsində qeyd olunan ad, soyad və ata adını və aktiv nömrənizi qeyd edərdiniz. Məsələni aydınlaşdırıb sizə yardımçı olaq.

Əlavə olaraq qeyd etmək istərdim ki, ölkə qanunlarının tələblərinə uyğun olaraq Elnur Allahverdiyev AR Milli Məclisinin deputatı statusunu əldə etdikdən və deputat fəaliyyətinə başladıqdan sonra şirkət rəhbərliyindən uzaqlaşıb".

Anar Məmmədovun şirkət rəsmisinə ata adını da bildirməsindən sonra məsələ ilə bağlı araşdırma aparılacağı qeyd edilib. 

***

Məlumat Mia.az-a yayımlanandan sonra "Kontakt Home"un rəsmisi Vəfa Rüstəmova sayta təkzib məktubu göndərib.

Vəfa Rüstəmovanın göndərdiyi təkzib məktubunu olduğu kimi təqdim ediriik: 

"28.07.2020 tarixinizdə saytınızda Kontakt Home mağazalar şəbəkəsinin fəaliyyəti barədə bizim mövqeyimiz alınmadan əsassız xəbər paylaşılmışdır. Jurnalist Anar Məmmədovun müraciəti ilə bağlı mövqeyimizi nəzərinizə çatdırırıq:

Həqiqətən də müştərimiz Məmmədov Anar Şahin oğlu 12.06.2020 tarixində Bakıxanov mağazasından 2 ədəd kondisioner əldə edib. Lakin evində gedən təmir işləri ilə əlaqədar çatdırılma xidmətindən imtina edib, əlavə olaraq borulama işlərinin həyata keçirilməsi üçün ünvana usta yollanılmasını istəyib.

Qeyd edək ki, əlavə boru xətlərinin çəkilməsi və bu kimi əlavə xidmətlər standart quraşdırılma xidmətinə daxil deyil. Lakin müştəri məmnuniyyəti üçün, müştərinin istəyi ilə partnyor servis mərkəzinin xidmətlərini onlara təklif edirik.

14.06.2020 tarixində partnyor servis mərkəzinin əməkdaşları müştərinin ünvanına yaxınlaşaraq yerində baxış keçirmiş, əlavə xidmətlər üzrə dəyərləndirmə aparmış və öncədən razılaşdırılmış şərtlər əsasında zəruri təmir işlərini həyata keçirmişlər.

22.06.2020 tarixində əməkdaşlarımız xatırlatma məqsədilə təkrar müştəri ilə əlaqə saxlayıb və çatdırılma ilə bağlı tarixləri dəqiqləşdirmək istəyiblər. Bu dəfə də çatdırılmadan imtina edilib və çatdırılma üçün müştəri ona uyğun vaxtda şirkətimizə məlumat bildirəcəyini qeyd edib.

Bundan sonra 20.07.2020 tarixində mağazamıza məhsulun quraşdırılması ilə bağlı yaxınlaşıb. Çatdırılma barədə məlumat verilmədiyindən, əməkdaş sistemdə yalnız quraşdırılma üzrə qeyd aparıb.

21.07.2020 tarixində Servis mərkəzinin əməkdaşı quraşdırılma üçün ünvana yaxınlaşmaq istəyib, lakin məhsulun ünvanda olmadığı bildirilib. Bu barədə servis tərəfindən şirkətə məlumat daxil olduqdan sonra çatdırılma və quraşdırılma üçün təkrar müraciət qeydə alınıb və 28.07.2020 tarixində müştərinin ünvanına həm çatdırılma, həm də quraşdırılma həyata keçirilib.

Bundn başqa, bizdən asılı olmayan səbəblərdən olmasına baxmayaraq, baş vermiş gecikməyə görə müştəriyə sifarişinin 5%-i həcmində əlavə endirim də olunub.

Son olaraq bir neçə məqama da aydınlıq gətirmək istərdik. Hissə-hissə ödəmə şərtlərilə məhsul əldə edən zaman ödəmə şərtləri standart nağd qiymətlərdən fərqlənə bilər. Bu barədə satış həyata keçirilməzdən öncə müştəriyə məlumat verilir və bütün şərtlər alqı -satqı müqaviləsində də öz əksini tapır.

Bir də xatırlatmaq istərdik ki, deputat Elnur Allahverdiyev hazırda Kontakt Home-da hər hansı vəzifə daşımır. Ona görə sizdən xahiş edərdim ki, şirkətimizin fəaliyyəti ilə bağlı hər hansı sualınız, müraciətiniz olduğu zaman çox hörmətli müştərilərimiz kimi rəsmi kanallarımız vasitəsilə, məsələn, *6060 Çağrı Mərkəzinə zəng edərək, yaxud mənim iş e-mailimə yazaraq ünvanlayasınız.

Yayılmış bu əsassız məlumat şirkətimiz haqqında cəmiyyətdə çaşqınlıq yaradır və işgüzar nüfuzumuzu ləkələməyi hədəfləyir. Sizdən ən qısa zamanda verdiyiniz əsassız məlumatı təkzib etməyinizi istəyirik.

Öncədən təşəkkür edirəm!".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR