Dövlət qayğısının növbəti təzahürü... - Deputat yazır

img

23-07-2020 [17:21]


Musa Qasımlı,

millət vəkili, AMEA-nın müxbir üzvü, professor

***

Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonundan keçən istiqamətində törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan həm düşmən ölkənin başına ağır zərbə vurdu, həm də diplomatik-siyasi baxımdan onu dalana dirədi. Bütün bunlarla yanaşı Tovuz döyüşlərində qazanılan qələbədən dərhal sonra mülki sahədə atılan iki addım dövlət qayğısının təzahürü olmaqla qürur doğurur.

Birincisi, işğalçı Ermənistan qoşunlarının dövlət sərhədimizin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində mülki obyektləri, yaşayış məntəqələrini, dinc əhalini intensiv atəşə tutması nəticəsində dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam böyük əhəmiyyət daşıyır. Mütəxəssislərdən ibarət yaradılan İşçi qrupu Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyən ziyanı müəyyənləşdirmək üçün təcili olaraq fəaliyyətə başlayıb. Bu sərəncam bir daha təsdiq edir ki, dövlətimiz daim vətəndaşın yanındadır və hərbi, diplomatik-siyasi sahələrdə olduğu kimi mülki sahədə də düşmən ölkədən qat-qat üstündür. Digər tərəfdən, dünya ölkələrinin apardığı müharibə təcrübəsindən məlumdur ki, hərbi əməliyyatlar zonasına yaxın olan yaşayış məntəqələri bir qayda olaraq müharibə sona çatmayana qədər bərpa olunmur. Cənab Prezidentin bu sərəncamı əslində o deməkdir ki, düşmən bundan sonra daim qovulacaq, ordumuz irəli gedəcək və işğaldan azad ediləcək bütün ərazilərimiz bərpa ediləcək. Məlumdur ki, indiki sərəncam bu qəbildən olan ilk sənəd deyildir. Bilindiyi kimi, hələ 2016-cı ildə Lələ təpə əməliyyatı nəticəsində qazanılan qələbədən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən tikildi. Əhalisinin sayı az olduğundan şəhər statusu olmasa da, əslində yeni bir şəhər salındı. Tərtər və Ağdam rayonlarının kəndlərində də çoxlu obyektlər tikildi. Dövlətimizin gücünü döyüş meydanında və diplomatik-siyasi sahədə olduğu kimi, bərpa-quruculuq işlərində də göstərməsi və bu işləri paralel aparması yalnız fəxarət hissi yaradır.

İkincisi, Tovuz döyüşlərindən dərhal sonra birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarının daim Heydər Əliyev Fondunun nəzarətinə götürməsinə dair tapşırıq verməsi də qürurvericidir. Bu da bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır, Vətən uğrunda vuruşanları, canından keçənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR