Bakıda meyvə-tərəvəzin qiyməti niyə "əl yandırır"? - Səbəblər

img

09-07-2020 [17:24]


Bu il Bakı bazarlarında satılan meyvə-tərəvəzin qiymətləri yüksək olması ilə diqqəti cəlb edir, necə deyərlər, "əl yandırır". Bu isə ilk baxışdan ölkədə istehsal olanan aqrar məhsulların həcminin əvvəlki illərlə müqayisədə az olması təsəvvürü yaradır. 

Mia.az-ın məlumatına görə, "Report"un araşdırması nəticəsində isə məlum olub ki, bahalıq məhsul qıtlığı ilə bağlı deyil, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi - hərəkət məhdudiyyəti regionlardan paytaxta meyvə-tərəvəz çatdırılmasında çətinlik yaradıb. 

"Karantin müddəti uzadıldı və ..."

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, karantin rejiminin tətbiqi edildiyi ilk dövrlərdə, yəni martın əvvəlində əkin-səpin işləri artıq həyata keçirilmişdi: “Odur ki, əkin-səpin prosesinə pandemiya təsir göstərmədi. Lakin karantin müddəti uzadıldı və pandemiya aqrar məhsulların daşınması, ixracı və digər bu kimi vacib proseslərə təsir göstərdi. Pandemiyadan əvvəlki dövrdə hər bir kəs öz sahəsində əldə etdiyi kiçikhəcmli məhsulu istədiyi bazarlara çıxara bilirdi. Bu isə bazarlarda rəqabət mühiti yaradırdı, məhsulun satış qiymətinin artmasına imkan vermirdi.

Nicat Nəsirli

Nicat Nəsirli

Karantin rejiminin tətbiqi ilə əlaqədar böyük şəhərlərin giriş-çıxışında karantin keçid postları yerləşdirildi. Yalnız böyük həcmli yüklərin şəhərlərə daşınmasına icazə verildi və kiçikhəcmli yükdaşıyanlara isə məsləhət görüldü ki, onlar birləşərək bir avtomobildə yükü şəhərə çatdırsınlar. Bu qərar yükdaşımanın ümumi dövriyyəsinə ciddi təsir göstərdi. Hazırda bəzi aqrar məhsullar mövsümə uyğun olmayan qiymətlərlə satılır. Bu isə birbaşa karantin rejiminin  tətbiqi ilə əlaqədardır. Bəzi bazarlarda isə karantin rejimini bəhanə edərək daha çox gəlir əldə etmək istəyənlər var və onlar bazarlarda  bəzi məhsulların qiymətini mövsümə uyğun təklif etmirlər. Ölkədə həmişə aprel ayından etibarən aqrar məhsullarda ucuzlaşma başlayır və bu, oktyabra qədər davam edir. Bu il biz bu prosesi müşahidə etmirik”.  

N.Nəsirli ixracla bağlı məsələyə də münasibət bildirib: “Müasir innovasiyalar əsasında fəaliyyət göstərən aqrar təsərrüfatlar  məhsulların yetişdirilməsində elə sortlar tətbiq edirlər ki, rəqabətə və daşınmaya davamlı olur. İxrac prosesində isə sadəcə  gömrük-keçid məntəqələrində cüzi lənginmələr, itkilər oldu”.   

"Koronavirusa kütləvi yoluxma ola bilər"

Bundan başqa, onun sözlərinə görə, aqrar sahədə insanların aktivliyi yüksək səviyyədədir: “Ciddi problem kənd təsərrüfatında insanların kütləviliyidir, son nəticədə koronavirusa kütləvi yoluxma ola bilər. Üzüm bağlarının bir hektarında orta hesabla 150-160  nəfər çalışmalıdır. Pambıq sahələrində 200 adam işləməlidir. Kütləvilik tələb edən sahələrdə yığım prosesi hələ başlamayıb. Proses avqustda başlayır. Həmin məqamda bağlarda işləyənlər pandemiyadan qorunmaq üçün  gigiyenik qaydalara əməl etməlidirlər. Eyni zamanda məhsullar yığılır və emal müəssisələrinə göndərilir. Həmin müəssisələrdə də təhlükəsizlik qaydaları təmin edilməlidir. Bu günə kimi aqrar sahədə pandemiyaya ilə əlaqədar fəsadlı məqam yaşanmayıb. Ümumilikdə, insanların əkin yerlərinə getmələri üçün şərait yaradılır. Yəni pandemiya əkin prosesinə ciddi təsir göstərməyib. Ancaq məhsulların daxili və xarici bazarda dövriyyəsinə həcm baxımdan  ciddi təsir göstərir”.  

Su problemi də var

Bu il Azərbaycan fermeri həm də su qıtlığından əziyyət çəkir. Nicat Nəsirli deyir ki, əslində ölkədə su problemi 10 ildir ki, mövcuddur, sadəcə indi diqqəti daha çox çəkir: "Bu da Kür çayında suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi ilə bağlıdır. Adətən hər ilin iyul ayında suyun səviyyəsi azalır. Avqust ayının ikinci ongünlüyüdə isə yağıntılar başayan zaman Kürdə suyun səviyyəsində müəyyən artımlar əldə edilir. Kür çayının ölkə ərazisindən keçdiyi sağ və sol istiqaməti əkinçilik bölgələridir. Kürdən həmin ərazilərin suvarılması üçün nasosla su qaldırılır” .

Onun sözlərinə görə, Azərbaycan su ehtiyatlarının formalaşmasından Kür və Araz çayları həlledici rol oynayır, bu çaylar isə digər ölkələrdən keçərək Azərbaycana daxil olur: "Kür başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Araz çayı isə mənbəyini Türkiyə  ərazisindəki Ərzurum dağlarından götürür, Ermənistandan da keçərək ölkə ərazisinə daxil olur. Bu isə o deməkdir ki, həmin ölkələr də bu çaylardan istifadə edir. Çayların ən zəif axını məhz Azərbaycanın payına düşür. Hər iki çay əsasən ölkənin aqrar sahəsi ilə məşğul olan regionlarından keçir. Həmin regionların əkinçilik sistemi bu iki çaya əsaslanır və orda su kanalları böyük hektarlarla ərazilərin suvarılmasını təmin edir. Son vaxtlar dövlət başçısı tərəfindən bu problemin həlli istiqamətində ciddi addımlar atılır. Ümid edirik ki, su resurslarının həm qorunması, həm də yeni su resurslarının tapılması sahəsində addımlar atılacaq. Suyla bağlı problemimiz yalnız suyun azlığı ilə bağlı deyil, həm də suyun düzgün idarə edilməməsi ilə əlaqəlidir. Burda bizim kifayət qədər itkilərimiz var, aqrar sahədə ərazilərin suvarılması üçün  ənənəvi suvarma sistemləri tətbiq edilir. Bu isə su  itkisi  ilə müşahidə edilir və sudan səmərəli istifadə edilmir”.

Nəticə etibarı ilə bir tərəfdən koronavirusa görə tətbiq olunan karantin rejimi, digər tərəfdən su qıtlığı meyvə-tərəvəzin qiymətini kəlləçarxa çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı