Məşhur aparıcı TƏBİB-i "topa tutdu", ÜST-ü lağa qoydu: "1-ci, 2-ci, 10-cu dalğa, yox bir "payızda ujas yaşanacaq" 

img

08-07-2020 [10:00]


Televiziyada səyahət verilişi aparıcısı kimi tanınan Azər Qərib karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalarla bağlı sosial şəbəkədə TƏBİB-i tənqid edib.

Mia.az xəbər verir ki, o,  karantin elan ediləndən 2 ay müddətində bütün qərarları dəstəklədiyini yazıb:

“Nəvələrimi görmədim, anama dəyə bilmədim, “evdəqal” təbliğatına qoşuldum, 50 yerdən zəng etdilər ki, BMT-dan tutmuş digərlərinə kimi ki, tanınmış simasınız, bizə dəstək verin, verdim, vətəndaş borcu kimi buna yanaşdım. Amma artıq dörd ay keçib və nə görürəm?”.

A.Qərib hesab edir ki, lazımi nəticə əldə edilməyib və TƏBİB çıxıb səhvlərini etiraf etməli olsa da, bunu etmir:

“Səhvini etiraf etmək böyüklükdür, bu, bir tərəfə. Amma eyni zamanda, indiki gərgin dövrdə bu, həm də azacıq da olsa, təsəlli verərdi insanlara, görərdik ki, məsuliyyəti bölürlər aramızda, yalnız bizim boynumuza atmırlar. Əvəzində isə TƏBİB bizi yenə də sevindirir, "payızda vəziyyət daha da pis olacaq" deyir”.

Müəllif qeyd edib ki, ümumiyyətlə, hal hazırda TƏBİB-in rəhbəri əhali tərəfindən ən qəbul edilməyən simalardan biri olub: “ Necə olur ki, uğur olanda mikrofon üstündə dava edirdi ki, bizim uğurumuzdu, amma problem çıxan kimi günahkar yalnız biz olduq? Söz deyən kimi də "bütün dünya bu vəziyyətdədir" tezisini soxur gözümüzə”.

A.Qərib vurğulayıb ki, TƏBİB rəhbəri pandemiya ilə mübarizədə uğurlu nəticə əldə edən ölkələrdən ümumiyyətlə danışmır.

Onun sözlərinə görə TƏBİB "Siz virusa inanmırsınız” deyərək vətəndaşları günahlandırsa da, bu inamsızlığın obyektiv səbəbləri var:

“Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir, hələ sonra ... brifinqə də qatılır, çimərliklərin baqlanmasını təklif edənlər öz çimərliklərində günəş vannası alırlar, dörd divar arasında evdə qapananları məsuliyətə çağıran sözçü Zuğulbada dəniz havasından feyziyab olur, 5 ulduzlu otellər hovuzlarını açıq elan edirlər, kimə inanasan? Necə inanasan ki, əgər test keçirən klinikalardan biri TƏBİB rəhbərliyinə aiddir, od qiymətinə edirlər bunu, həkimlər gileylənirlər ki, Prezidentin qərarı ilə artırılan maaşlarımızı TƏBİB vermir, hətta əlcək filanı da öz pulumuza almalı oluruq, hansı birini sadalayım?”

A.Qərib yazıb ki, dünyada ÜST-ün hegemoniyasına müqavimət artır, ona görə bu təşkilatın isterikası da göz qabağındadır:

"İkinci dalğa", "üçüncü dalğa", "donuz qripi gələcək", "meymun qpiri gələcək", "virus mutasiya edəcək", "payızda ujas yaşanacaq", "kim bizim tövsiyələrimizə qulaq asmasa qırılacaq" -  bu, həmin isterikanın bariz nümunələridir.

Lakin dünya artıq anlamağa başlayır ki, bu stress içində, bu gərginlik içində, bu əsəb içində uzun müddət yaşamaq mümkün deyil”.

A.Qərib sonda vurğulayıb ki, insanlar çox gərgin vəziyətdə yaşayır  və belə bir həssas məqamda  hər bir məmur sözünü ölçüb-biçməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR