Qadın hüquqlarının müdafiəsi naminə "Gender Hub Azerbaijan” platforması yaradılır

img

07-07-2020 [15:24]


Artıq bir müddətdir ki, gender fəalları arasında xüsusi marağa səbəb olan NAYORA (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası) və “Gender Talks” təşəbbüs qrupunun birgə təşkil etdiyi “Qadın və qızlara qarşı məişət zorakılığı”, “Qadınlara qarşı istifadə olunan stereotiplər” və “Medianın qadın zorakılığında rolu” adlı online formatda keçirilən silsilə ictimai müzakirələrdə gender fəalları, feministlər, jurnalistlər və insan hüquqlarının müdafiəsi sahəsində çalışan ümumilikdə 300-dən çox şəxs iştirak edib və həmin mövzularda 50-yə yaxın təkliflər irəli sürülüb.

Bu barədə Mia.az-a verilən məlumata görə, təkliflərdən biri də həm qeyri-hökumət, həm də media daxil olmaqla bütün sahələrdə çalışan gender fəallarının qadın hüquqları naminə birgə fəaliyyət göstərməsi, şəbəkələşməsi və vahid platformanın yaradılması olmuşdur.

Bu təklifə əsasən, qadın hüquqları naminə vahid platformanın yaradılması məqsədilə 2 iyul 2020-ci il tarixində online formatda konsultativ görüş təşkil edilmişdir.

Vahid platformanın yaradılmasının məqsədi qadın və qızların zorakılıq hallarının qarşısının alınması ilə bağlı qaldırılmış məsələləri, qadın hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri platforma üzərindən işıqlandıraraq ictimaiyyətə çatdırmaq, təkliflər hazırlayaraq müvafiq instansiyalara təqdim etmək, gender bərabərliyi mövzusunda ideyalar mərkəzinə - HUB-a çevrilməkdir.

Konsultativ görüşün təşkilatçısı, gənclərlə iş üzrə ekspert Məryəm Məcidova öz çıxışında xüsusilə qeyd etmişdir: “Biz təşkilatları, təşəbbüs qruplarını, eləcə də gəncləri vahid çətir altında toplayaraq qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edə bilərik.“

Konsultativ görüş iştirakçılarının təklif etdiyi 32 ad içərisindən səsvermə nəticəsində səs çoxluğu ilə “Gender Hub Azerbaijan” yaradılacaq platforma üçün ən uyğun ad olaraq seçilib. Görüşdə iştirak etmiş təşəbbüs qruplarının nümayəndələri, ictimai fəallar, feministlər, qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən digər şəxslər platformanın yaradılmasını yüksək qiymətləndirmiş və platformanın gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər.

Bundan əlavə, iştirakçılar “11 iyul Ümumdünya Əhali günü” ilə əlaqədar mümkün onlayn aksiyalar barədə də müzakirə apardılar.

Gender Hub Azerbaijan bütün gender fəallarını və qadın hüquqları naminə fəaliyyət göstərən hər bir kəsi prosesə qoşulmağa və Azərbaycanda bu sahədə mövcud olan problemlərin həllinə dəstək verməyə dəvət edir.

Facebook linki: https://bit.ly/2Z2Mcui

İnstagram linki: https://bit.ly/2Az1iO


Digər xəbərlər
SON XƏBƏRLƏR