102 yaşlı polisi sevmək olarmı? - Deputat yazır

img

01-07-2020 [17:04]


Razi Nurullayev,

Milli Məclisin deputatı

***

Müasir dünyada polissiz cəmiyyət yoxdur və heç onu arzu edənlər də yoxdur. Polissiz bir cəmiyyət “cəngəllik qanunları” ilə yaşamaq deməkdir. İnsanların təhlükəsizliyi, dövlətin sabitliyi birbaşa olaraq polisin fəaliyyətinin nəticəsidir. Təsadüfi deyil ki, “polis” sözü qədim yunan dilindən tərcümədə də məhz “dövlət”, “şəhər” mənasını verir.

Koronavirus pandemiyası dövründə də ən böyük yük həkimlərlə yanaşı, həm də polislərin üzərinə düşüb. Xırda narazılıqlar olsa da, pandemiya dövründə Azərbaycan polisinin fəaliyyəti birmənalı şəkildə üst səviyyədə oldu. Risk altında fəaliyyət göstərmələrinə baxmayaraq, işlərinin öhdəsindən gəlməyi bacardılar. Doğrudur, hər bir sahədə olduğu kimi, polis sistemində də müəyyən problemlər mövcuddur və onların aradan qaldırılması üçün işlər aparılır.

Milli Məclisin İnsan Hüquqları Komtəsinin üzvü kimi vətəndaşların polislə bağlı bir sıra şikayətlərini araşdırmalı olmuşam və deməliyəm ki, heç də bütün şikayətlər birmənalı olaraq ədalətli olmur. Düzdür, daha çox vətəndaşın, seçicilərin yanında dayanıram, amma sonra vicdan əzabı çəkirəm. Axı polis də vətəndaşdır, o da seçicidir, onun da hüquqları var, onun də ürəyi, onun da problemi, onun da stresli, əsəbi vaxtları olur. Ayrı-ayrı polislərin fəaliyyətində qanunsuz hərəkətlər olur, arxasınca cəza mexanizminin tətbiq edildiyinin şahidi oluruq. Etiraf edək ki, bu gün polis kobud deyil, əksinə bəzən lazım olduğundan artıq nəzakətlidir. Elə vətəndaşlar görürəm ki, polisə ağzını açmağa imkan vermir, onu “neprav” çıxarır.

Səbəbi isə budur ki, vətəndaşlar da gərgindir, narahatdır, dolanışığı zəifdir, pandemiya vəziyyətlərini daha da çətinləşdirib. Amma, axı polis də bizimlə bərabər, sosial quruluşumuzun bir elementidir, onun da ailəsi-uşağı var, onun da qorumalı olduğu yaşlıları var, o da koronavirusa yoluxa bilir, o da gəzmək istəyir, o da səhər erkən yuxudan qalxmaq istəmir. Polisi də başa düşmək və dəstək olmağa ehtiyac var.

Təəssüflə qeyd etməliyəm ki, bu gün bir polis işçisinin kobudluğu, qanundankənar hərəkəti bütün sistemə şamil olunur. Bu yolverilməzdir və bu cür yanaşmaya cəmiyyət olaraq qarşı çıxmalıyıq. Ölkədə aparılan islahatların məhkəmə-hüquq, təhlükəsizlik orqanlarını, polis sistemini də əhatə etməsi polislərimizə də müsbət imic qazandırdı. Artıq hiss olunur ki, polisə yanaşma, münasibət xeyli dəyişib. Son dövrlər, bəzi istisna hallar olsa da, cəmiyyətdə polislərə münasibət kifayət qədər müsbətdir. General-polkovnik Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunmasının da bu məsələdə kifayət qədər böyük rolu var. Vilayət Eyvazov bu gün mənfi tərcümeyi-hala malik olmayan azsaylı kadrlardandır.

Cəmiyyətdə DİN rəhbərinə qarşı olan müsbət münasibət artıq polis sisteminə də daşınır. 10 gün əvvəl, 20 iyun tarixində Vilayət Eyvazovun nazir postunda fəaliyyətinin bir ili tamam oldu. Nazirin bir illik fəaliyyətini qənaətbəxş hesab etmək olar. Təbii ki, hələ bir çox sahələrdə olduğu kimi, polis sistemində də dəyişikliklərə eytiyac var. Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatlarının davamlı xarakter daşıması vacibdir və göründüyü kimi bu işlər davam edir.

Müxalifət olaraq davranışımızda bir təəssüfləndirici məqamı qeyd etməliyəm. Müxtəlif mitinqlərdə, piketlərdə iştirakçı olmuşam və birmənalı olaraq polislə qarşıdurmanın əleyhdarı kimi çıxış etmişəm. Demişəm ki, polisin vəzifəsi ona verilən tapşırığı icra etməkdir. Məgər biz müxalifət olaraq hakimiyyət təmsilçisi olsaq, polisə verdiyimiz tapşırıqların icra edilib-edilməməsini onların öhdəsinə buraxacağıq?

Demişəm ki, biz piket, mitinq edirik, Bakı Şəhər İcra Hakimiyyəti isə deyir ki, icazə verilməyib və polis onun qarşısını almalıdır. Polis nə etməlidir?

Bir də demişəm ki, polisin həftədə bir gün, bazar günü istirahəti olur, həmin günə də mitinq təyin olunur və polislər üç-dörd gün əvvəl gecə-gündüz səfərbər edilir və əsayişi qorumaq üçün tapşırıq alır. Mitinq qurtarana kimi onların həyatı cıəhənnəmə dönür. Axı, o da polis olmaqla yanaşı, həm də insandır, onun da ayaqları ağrıyır, o da istidə tərləyir, soyuqda donur. Vəzifə borcunu yerinə yetirən polisi niyə günahlandırmalıyıq?

Bu il həm də Azərbaycan polisinin 102 yaşı tamam olur. 2 iyul tarixində polislərimizin peşə bayramı qeyd olunacaq. Bu münasibətlə başda nazir Vilayət Eyvazov olmaqla, bütün şəxsi heyəti, şəhid polislərimizin ailələrini, veteran polisləri təbrik edirəm! Hər birinə müstəqil, qalib və işğaldan azad bütöv Azərbaycanın polisi olmağı arzulayıram!

Əziz polislər, bayramınız mübarək!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq