"Gürcüstana neft verib, əvəzinə daha baha qiymətə su almağa məcbur qalacağıq" - İqtisadçı həyəcan təbili çalır

img

29-06-2020 [17:08]


"Onlarla ciddi beynəlxalq araşdırmada, Beyin Mərkəzlərinin sənədlərində (ictimayətə açıq və qapalı) qeyd edilib ki, yaxın 30-50 ilin ən böyük problemi içməli (şirin) su problemi olacaq. Hətta gələcəkdə “su müharibələrinin” olması ehtimalı da var. Bol su resursu olan ölkələr gələcəkdə ciddi resurs və nüfuz qazanacaq”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, hətta son illər Rusiya-Qərb, Rusiya-Çin münasibətlərinin təməlində su resurslarına çıxış uğrunda açıq-gizli mübarizə dayanır:

“Çinin ən böyük strateji məqsədlərindən biri Rusiyanın Uzaq Şərq və Amur ətrafı bölgələrindəki su qaynaqlarına çıxış əldə etməkdir. Çünki Rusiya dünyada ən çox şirin su resurslarına malik ölkədir, söhbət tək Baykal gölündən getmir, bol sulu çaylar da məhz Rusiya ərazisindədir”.

Ekspert qeyd edib ki, Azərbaycan bizim bölgəmizdə sudan ən kasıb ölkədir, həm Gürcüstanın, həm işğalçı Ermənistanın su ehtiyatları bizdən qat-qat çoxdur:

“Yaxın 30 ildə məmləkətin ağrılı problemləri sırasına içməli (şirin) su problemi də qatılacaq. Bu problemin həlli yolu da ağıllı və elmə əsaslanan idarəetmədən keçir:

1. Hökumət (istər indiki, istər gələcək) aqrar sektorun prioritetlərinə yenidən baxmalıdır. Suvarma problemin həlli ilk olaraq pambıq sevdasından imtinadan keçir, bol su tələb edən, zamanla da torpağı şoranlaşdıran pambıqçılıq Azərbaycan üçün yararlı və lazımlı deyil. Ölkə daha çox meyvə-tərəvəz, göyərti əkini üzrə ixtisaslaşmalıdır.

2. Suvarma sitemləri yenidən qurulmalı, “damcı üsulu suvarmaya” keçid edilməlidir. Bunun üçün dünyada ən yaxşı təcrübə olan İsrail təcrübəsindən yararlanmaq lazımdır.

3. Xəzərin suyundan istifadə etmək üçün yatırımlara, dəniz suyunun şirinləşdirilməsi və istifadəyə yararlı hala gətirilməsi üçün ölkədə təsisatlar yaradılmalıdır. Bəli, bu baha texnologiyadır, böyük həcmdə elektrik enerjisi tələb edir, amma ağıllı hökumət proqramları olsa, dəniz kənarında quraşdırılacaq təsisatları alternativ enerji hesabına çalışdırmaq olar (günəş, külək, dalğa enerjisi).

4. Sudan istifadənin optimallaşdırılması və su itgisinin qarşısının alınması üçün ciddi sosial layihələrə, təşviq və təbliğat addımlarına ehtiyac var. Bəzən görürsən ki, yağış yağır, amma Bakı şəhərinin yaşıllaşdırma idarəsi də parkları sulayır,belə mənasız işlərdən əl çəkmək lazımdır.

5. Ölkə ərazisində, əsas da Bakıda və Abşeron yarımadasında onminlərlə “moykalar”, maşın yumaq üçün obyektlər var və hamısında da içməli sudan istifadə olunur. Bu mənasız su itkisidir, belə obyektlər və zavod-fabriklərdə işlədilən su üçün ayrıca texniki su xəttləri çəkilməlidir. SSRİ zamanı belə bir infrastruktur olub, sonra “YAP kapitalizmi” dönəmində bütün infrastrukdur dağıdıldı - əsas da yöndəmsiz və plansız binaların tikintisi zamanı bu xəttlər, həm də kanalizasiya xəttlərindən ayrıca olan yağış sularının axıdılması xəttləri də 90-cı illərin sonundan başlayaraq məhv edildi. Bu infrastruktur bərpa olunmalıdır.

6. Kanalizasiya sularının boş-boşuna Xəzərə axıdılıb dənizi üfunət ocağına çevirməkdənsə, həmin suların təmizlənərək texniki xəttlər vasitəsi ilə istehsal və kənd təsərrüfatında istifadə edilməsi üçün infrastuktur yaradılmalıdır. Biz hər sahədə gecikirik, hökumət hər sahəda gecikmiş və düşünülməmiş addımlar atır, amma bu problem artıq qapımızı israrla döyür, bu gün addımlar atılmasa, həll yolları tapılıb uyğulanmasa, bir neçə ildən sonra Gürcüstana neft verib əvəzinə daha baha qiymətə su almağa məcbur qalacağıq. Daha bir önəmli məsələ odur ki, bizim əsas su arteriyalarımız olan Kür və Araz çaylarının son ünvanı Azərbaycandır, bizdən əvvəl o çayların keçdiyi ərazilər dost olmayan ölkələrin ərazisidir və o su resurslarının başına min oyun açırlar, yəni biz hər iki çayla bağlı qonşulardan asılı vəziyyətdəyik, bu isə ölkəmizə təzyiqlər üçün həmin dövlətlərə əlavə fürsətlər və imkanlar yaradır-yaradacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR