"Çingiz Əhmədovun işlətdiyi bəzi fikirlər bizi təəccübləndirdi" - Musiqili Teatrda qalmaqal

img

08-06-2020 [11:57]


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidməti Fəridə Aslanova Əməkdar artist Çingiz Əhmədovun rəhbər Əliqismət Lalayev barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mia.az-ın məlumatına görə, açıqlamada teatrın direktoru Əliqismət Lalayevin orta və yaşlı nəslə mənsub sənətçilərə hörmət və ehtiramının böyük olduğu vurğulanıb:

"Teatr kollektivi - texniki işçidən Xalq artistinə qədər bu doğmalığı hər zaman öz üzərlərində hiss edirlər. Əliqismət müəllimin orta və yaşlı nəslə qarşı bir problemi olsaydı, onda niyə 82 yaşlı Əməkdar artist Boris Qrafkin bu gün də teatrda çalışır və o, bu il Prezident Mükafatına təqdim olunub? 20 Yanvar faciəsində yeganə oğlunu itirən şəhid anası, gözəl aktrisamız, 76 yaşlı Əməkdar artistimiz Səmayə Musayeva niyə Prezident Mükafatına təqdim olunub?

Bu il Prezident Mükafatı alanlar arasında Əməkdar artistlər — Əkbər Əlizadə, Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, aktrisa Gülcahan Salamova da orta nəslə mənsubdurlar. Bu il mükafat alanlar sırasında 1 mart 2015-ci ildən teatrda çalışan gənc və çox istedadlı aktyor - Baladadaşdan (“Baladadaşın toy hamamı”) tutmuş Qvazimodaya (“Paris Notr-Dama ithaf”) qədər teatrın ən maraqlı tamaşalarında iştirak edən, bir neçə dəfə “İlin aktyoru” nominasiyasına layiq görülən Əmrah Dadaşov da var. Siyahı ilə tanışlıq kimin haqlı, kimin haqsız olduğunu sübut edir. 

Əliqismət Lalayev nizam-intizamı xoşlayan insandır, tələbkardır, bununla yanaşı, aktyorların hər bir problemi ilə yaxından maraqlanır, yeri gələndə kömək edir, onlardan məsləhət və tövsiyələrini əsirgəmir.

Düzü, Çingiz Əhmədovun mətbuatda və televiziyada işlətdiyi bəzi fikirlər məni və kollektivimizi təəccübləndirdi. Ondan bu addımı gözləmirdik. Çünki indiyə kimi Çingiz Əhmədov hər zaman özünü teatr rəhbərinin ən yaxın dostu kimi aparıb. Bunu aktyorların özundən də soruşa bilərsiniz.

Təbii ki, burada Çingiz Əhmədovu qəzəbləndirən əsas məsələ onun bu il mükafat almamasıdır. Özünün də qeyd etdiyi kimi, 2015, 2016, 2017, 2018-ci illərdə və bir də (Çingiz Əhmədov özü bəlkə də unudub) 2008-ci ildə, məhz Əliqismət Lalayevin teatra rəhbərlik etdiyi illərdə mükafat alan aktyor 5 il ardıcıl olaraq o mükafata layiq görülüb.

Bu il də növbə başqalarınındır, Nadir Xasiyev, Səidə Şərifəliyeva, Nərgiz Kerimova, Əkbər Əlizadə, Gülcahan Salamova kimi istedadlar, bütün ömrünü teatra həsr edən insanlar mükafat alır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR