"Artıq sadə insanlar məmurlara hec cür inanmırlar..." - "91-lər"in məşhur üzvü YAP-ı "topa tutdu", PA-ya mesaj verdi (MÜSAHİBƏ)

img

07-06-2020 [10:47]


“91-lər” Hərəkatının üzvü Ariz Abduləliyev Yenisabah.az-a müsahibəsində sensasion fikirlər səsləndirib.

Mia.az həmin müsahibəni təqdim edir::

- Ariz müəllim, YAP-ın bugünkü vitrininə nəzər salanda orada partiya qurucularından heç kim gözə dəymir. YAP-ı yaradan adamlar haradadır, niyə partiyanın idarəçiliyində iştirak etmirlər?

- Demək olmaz ki, heç kim gözə dəymir. Belə deyil. Az da olsa, hər halda var. Bilirsiniz, bəzi amilləri nəzərə almaq lazımdır. Zaman durmadan irəliləyir, vaxt sürətlə gedir, hər dəfə yeni dövr, yeni nəsillər, yeni baxışlar yaranır, siyasi mədəniyyət durmadan inkişaf edir, meydana yeni siyasətçilər, siyasi şərhçilər, partiyalar daxil olur, siyasi mühitdə korrektələr baş verir... 

Artıq o tarixi hadisədən - partiyanın yaranmasından görün neçə illər ötüb. Partiya qurucularının əksəriyyəti ya yaşlaşıblar, təqaüddədirlər, ya da dünyasını dəyişiblər. Bəziləri isə müəyyən sahələrdə lazımınca işləyir, öz sahələrində ad-san qazanırlar. Siz dediyiniz o qurucular, partiyanın siyasi-təşkilati əsasında dayanan şəxsiyyətlər indi sayca az qalıblar. Naxçıvanda, bölgələrdə, Bakıda... 

Qalanlardan bəzilərinə az da olsa, etimad göstərilib. Bəziləri mövcud nöqsanlar barədə düz danışdıqları üçün partiyadaxili ədalətsiz, ambisiyalı qrupların qərəzinə tuş gəliblər. Düz danışdığına görə, nöqsanları açıq tənqid etdiyinə görə vaxtilə Sirus Təbrizliyə qarşı da partiya prinsiplərinə zidd olan ədalətsiz kampaniya aparılırdı. Hər halda partiyanı qurucuları olmuş sədaqətli YAP yaradıcıları sayca artıq azdırlar. 

O ki qaldı partiya idarəçiliyində iştirak məsələsinə, bilirsinizmi, hər bir partiyada varislik əlaqəsi, quruculara və stajlılara qarşı hörmət və etimad mühiti mütləq yaradılmalı və sağlam zəmin əsasında yaradılan bu vacib mühit mütləq qorunmalıdır. Bu, partiyanı qoruyan və yaşadan mənəvi meyardır. Bu meyar, bu dəyər yoxdursa, o partiya daxilində siyasi-mənəvi dayaqlar da, ideoloji dayaqlar da mütləq laxlayır və istər-istəməz yalan, saxtakarlıq, ambisiozluq, təkəbbür, karyerabazlıq, qohumbazlıq, tanışbazlıq, "görüm-baxım" mühiti ayaq açır. Partiyanın sarsılmazlığı bütün yaşdan və təbəqədən olan üzvlərin qaşılıqlı hörmət və etimadı üzərində də qurulmalıdır. Bu çox vacib şərtdir. 

O insanlar ki, YAP qurucuları olublar, partiyanın hər bir bölgədə təşkilatlanması yolunda zəhmətləri, əziyyətləri və inkaredilməz rolları olub, açıq desək, onlar zamanında qiymətləndirilməli, irəli çəkilməli idilər. Təəssüf ki, xalqımız bunun tam baş verdiyini, ədalətli həllini görmədi. Elə cəmiyyətimizdə sağlam və səmimi etimad mühiti də, siyasi ədalət də buradan sarsılmağa başladı. Bəziləri irəli çəkilsələr də, öz ətrafına layiqli, bacarıqlı partiyadaşlarını deyil, əks keyfiyyətli insanları topladılar. Bəli, o qurucuların, partiya cəfakeşlərinin, əqidə və mövqe uğrunda fədakar insanların Əliyevlər hakimiyyətində etimada tam mənəvi haqları çatırdı. Onlar dövlətə, xalqa xidmət göstərməyə, vəzifələrə və deputatlığa layiq insanlar idi. Amma əksəriyyəti onlara çatacaq halal münasibətləri görmədilər. Regionçuluq, ambisiozluq, ədalətsizlik, mənəm-mənəmlik baş alıb getdi.... 

Bilirsiniz, hər şeyin öz zamanı var. O şey ki, zamanında ədalətli həllini tapmır, o insan ki zamanında haqqını ala bilmir, sonra gec olur, hər şey, meyarlar da əks istiqamətdə dəyişə bilir, nəticədə dövlət də, cəmiyyət də itirir. Necə ki, bu, baş verdi. O ki qaldı kimlərinsə görünməməsinə, idarə heyətində və siyasi şurada qurucu qvardiya da, onlara maneə yaradan stajlı və qoca məmur partiyaçılar da var... Az da olsa, hər halda var. 

- PA-nın bəzi keçmiş məmurlarının YAP qurucularına və 91-lərə ədalətsiz münasibəti olubmu? 

- Bilirəm, kimləri nəzərdə tutursunuz. Çünki bu mövzu partiya yaranandan bəri gündəmdən düşmür. Əslində, onlar Prezident Administrasiyasında hakim partiyanı, partiyanın fəaliyyətini kurasiya edən məmurlar idi. Əlbəttə, partiya daxilində arzuolunmaz mühit, qeyri-ədalətli idarəçilik metodu, üzvlərə ayrı-seçkilik, pullu və vəzifəli üzvlərə hər cür imkanların təşkili, yerlərdə layiq olmayan pullu kəslərin təşkilatlara sədr qoyulması, 91-lər ilə Heydər Əliyev və İlham Əliyev arasında münasibətlərin kəsilməsi, yaşlı və gənc nəsil arasında körpülərin sökülməsi - bunların hamısı həmin o iki-üç PA məmurunun əməlləridir. 

Partiyada icra strukturunun yaradılması və icra katibliyinə təyinatlar da elə həmin baş kuratorların sayəsində reallaşmışdı. İndi məlum olur ki, partiyada açıqfikirliliyə, demokratiya və aşkarlığa qarşı qərəzli kampaniyaları kimlər təşkil edirmiş, 91-ləri PA-da kim sevmirmiş... 

İndi bilinir ki, bu kuratorların partiya idarəçiliyində illərlə əlaltıları kimlər imiş... Ən acınacaqlısı isə budur ki, həmin kuratorlar və onların əlaltıları, "kron"ları idarə heyətində, siyasi şurada, təşkilatlarda əvəzolunmaz personallar kimi möhkəm oturublar, hələ də üzvlər qarşısında özlərini sanki "dövlət qurmuş tarixi qəhrəman" kimi aparırlar, partiyanın ali orqanlarını təmsil edirlər, partiya idarəçiyində, qərar və bəyanatlarda səsvermə hüququna malikdirlər. Anlamırlar ki, ictimai rəy onları qəbul etmir. Cəmiyyət onların bəzilərini hətta rüşvətxorluqda, dövlət büdcəsini talamaqda, saxtakarlıqda, vətəndaşların hüquqlarını pozmaqda, partiyadaşlara təkəbbür, saymazlıq göstərməkdə, ədalətsiz mövqelərdə günahlandırır. 

Yaxşı, tutaq ki, nə vaxtsa partiya quruculuğunda bir az rolu olub. Amma hələ o vaxtlar da belələrinin dövləti işlərə irəli çəkilməsi, partiyada status almaları üzvlər tərəfindən birmənalı qarşılanmırdı. Vaxtilə Heydər Əliyevə yazılan müraciəti imzalamaqdan açıq şəkildə boyun qaçıranlara sonradan bu hakimiyyət tərəfindən böyük "ənamlar" - vəzifələr verildi. Onlar da partiya qurucuları və partiyadakı layiqli kadrlar üçün bilərəkdən maneələr yaratdılar, qərəzli və qısqanc olduqlarını gizlətmədilər. Beləcə ədalət, nizam tərəzisi pozuldu.

- YAP bir vaxtlar ziyalılar partiyası adlanırdı, bəs indi necə? 

- Partiyanın ilk siyasi, tarixi qurucusu, ilk sədri, ilk ideya rəhbəri Ulu Öndər bu ifadəni tez-tez işlədirdi. Sanki bununla partiyaya yeni və müasir missiya verir, ona cəmiyyət qarşısında məsuliyyətini xatırladırdı. Bu qiymət partiyanın böyük ziyalı korpusuna malik olduğunu görə verilirdi. Azərbaycan cəmiyyətində ziyalı şəxsiyyətinin, ziyalı sözünün və mövqeyinin həmişə xüsusi çəkisi olub və bu gün də var. YAP bu sarıdan əmindir. 

Amma ziyalı kimdir?

Bu suala bəzən birmənalı cavab verilmir, çünki kriteriyalar üzərində fikir ayrılığı var, gerçəklik isə öz sözünü diqtə edir. Məgər hər məmur, hər elmi dərəcəsi olan, hər təhsil, elm və mədəniyyət işçisi ziyalı səviyyəsinə yüksələ bilirmi? Bu məsələdə müəyyən göstəricilərlə yanaşı ictimai rəy, insanın əməlləri və şəxsi keyfiyyətləri, niyyəti və məramı, nə dərəcədə bacarıqlı və mədəniyyətli olması, əqli və əməli qabiliyyətləri, təvazökarlığı, səmimiliyi, xeyirxahlığı və təmənnasızlığı, əyri əməllərdən uzaq olması, millətsevərliyi də vacib şərtdir. Azərbaycanın əsl ziyalılarının mütləq əksəriyyəti partiyamızın üzvü olublar, indi də partiya öz nüfuzlu ziyalı korpusu ilə fəxr edir. Cəmiyyətimizdə, beynəlxalq çapda nə qədər hörmətli, nüfuzlu ziyalı şəxsiyyətlərimiz var, böyük əksəriyyəti partiyada təmsil olunur və onun fəaliyyətində yaxından iştirak edir. Əslində, elə partiyanın bünövrəsində də ziyalı təşəbbüsü dayanır. 

Mən 91-lər ziyalı hərəkatını, ictimai-siyasi hərəkatını nəzərdə tuturam. O qədər dəyərli ziyalılarımız var ki, YAP üzvü olmasalar da, Heydər Əliyevin, ölkə prezidentinin siyasi fəaliyyətini, xidmətlərini dəstəkləyirlər. Ziyalı hər partiya üçün böyük qüvvədir. Ziyalı potensialı siyasi demokratiya, saflıq, ideya və əqidə, xidmət, fəallıq, uğur, mədəniyət potensialıdır. Ziyalı cəmiyyətin də, təşkilatın da düşünən beynidir, mənəviyyat, humanistlik, fəaliyyət və əxlaq meyarıdır. Bu potensial partiyamızda bu gün də var. Deməli, qarşıda yeni islahatlar, uğurlar, sarsılmayan nüfuz və etimad da var. 

- Yeri gəlmişkən, məşhur YAP-çılardan olan Əli Əlirzayev, Musa Musayev hakim partiyada islahatların aparılmasının vacibliyini bildiriblər . Sizcə, YAP-da nə və kim dəyişməlidir? 

- Bu sualı əvvəlki cavabımla davam etdirim. Bu iki şəxs partiyada çox təmiz, vicdanlı, əqidəli insanlardır, ictimai rəy onları bu cür tanıyır və qiymətləndirir. Belə ziyalı insanlar partiyada çoxdur. Onları həmişə qorumaq, dəyərləndirmək, dinləmək, söz vermək lazımdır. Belə təmiz, təcrübəli ziyalıların əməli, xidməti, nüfuzu gənc nəslə, gənc partiyadaşlara ən gözəl nümunədir. Belə ziyalıların həyatı, düşüncəsi, təcrübəsi uğur, saflıq, vicdan, ədalət formuludur. Onlar rüşvət alıb-verməyi, saxtakarlığı, yalanı, riyanı, mənsəbpərəstliyi, xəyanəti, dostu və əqidəni tapdalamağı bacarmırlar. 

Heydər Əliyev Azərbaycanı sovet dönəmində yenidən quranda Musa Musayevə yüksək dövlət vəzifələri etibar edibsə, müstəqilliyin ilk illərində onun məmur təcrübəsindən yararlanıbsa, ona qarşı heç kimin sözü ola bilməz. Ona görün hansı dahi şəxsiyyət qiymət verib: Heydər Əliyev! 

Yaxud Əli Əlirzayev. O, partiyanı quran, ona sədaqətli olan, əsl ziyalı keyfiyyətləri daşıyan canlı nümunədir. Hansı partiya olsaydı, belə böyük mütəxəssisin köməyi ilə dövlətə yeni iqtsadi layihələr və konsepsiyalar təqdim edərdi. Belə ziyalılardan imtina etmək, onları partiyanın tədbirlərinə dəvət etməmək, onlara söz verməmək, onları qəbul etməmək, dinləməmək, uca tutmamaq ilk növbədə YAP-ın ideya prinsiplərinə, YAP-ın etik-əxlaqi normalarına, partiya proqram və nizamnaməsinə ziddir, partiyanın siyasi keçmişinə və siyasi gələcəyinə xəyanətdir, Heydər Əliyevin dövlətçilik və partiya quruculuğu prinsiplərinə əməl etməməkdir. Həm də mədəniyyətsizlik və tərbiyəsizlikdir. 

- İslahatlar?! 

- O ki qaldı islahatlara, bəli, YAP-da islahatlar qaçılmazdır. Dövrün, inkişafın tələbidir. Vaxtilə belə real formul deyilirdi: yuxarılar yeni üsulla idarə edə bilmir, aşağılar köhnə üsulla idarə olunmaq istəmir. Belə situasiyada idarəetmədə ağıllı və zəruri islahatlar tələb olunur. Əks halda ziddiyyətli qarşıdurmalar başlaya bilir. 

Şəxsən mən Yeni Azərbaycan Partiyasında konstruktiv islahatların tam tərəfdarıyam. İnanıram ki, partiyada proqram və nizamnamə tələblərinə sadiq olan, siyasi və intellektual mədəniyyəti olan, təkcə partiyaya deyil, ölkəyə, xalqa fayda verə bilən on minlərlə üzv var ki, onlar da islahatların tərəfdarıdır... 

Bu baxımdan, partiyada bütün istiqamətlərdə islahatlara bu gün çox böyük ehtiyac var. Bir şərtlə ki, islahatlara partiyanın idarəçiliyindən başlanılsın. Həm idarəetmə quruluşunu, həm də idarə edən subyektləri nəzərdə tuturam. İdarəetmə islahatları aşağılardan yuxarı pillələrə qədər hamısını, yəni özək təşkilatlarından, rayon təşkilatlarından başlamış mərkəzi aparata qədər hər pilləni, hər strukturu əhatə etməlidir. Metodlar, subyektlər, kadrlar, baxışlar, mövqelər də partiyanın nizamnamə və proqram tələblərinə uyğun şəkildə, YAP-ın ideya prinsiplərini qorumaq şərtilə yenilənməlidir, dəyişməlidir. Digər tərəfdən, mənim fikrimcə, ən doğru islahat yolu Heydər Əliyevin qurduğu saf, təmiz əqidəli partiyanı ideya, amal və əməl olaraq işlək şəklə qaytarmaqdır, o mühiti bərpa etməkdir. 

Bilirsiniz ki, Heydər Əliyev 91-lərə tarixi cavabında partiyanın əsas vəzifələrini, partiya quruculuğunun yollarını konkret şəkildə açıqlamışdır. Bu cavab əslində, müstəqilliyin ilk illərində dövlət qurmağın strateji planı, yolları idi. Belə də oldu. Sonra ambisiyalı insanlar partiya idarəçiliyini ələ aldılar. Şəxsi maraqlar, karyera hərisliyi, üzvlərə və kadrlara qeyri-obyektiv yanaşma, mənəm-mənəmlik partiya maraqlarını, partiya nüfuzunu üstələdi, administrativ status və hökm nizamnamə, proqram müddəalarından, bərabərhüquqluluq, ideologiya, qarşılıqlı hörmət kimi mühim prinsiplərdən üstün tutuldu. 

Ən pisi budur ki, şəxsi maraqları üstün tutanları yerli rayon təşkilatlarına sədr gətirdilər, onlara himayədarlıq olundu. Partiyanı yerlərdə quranlar, onun proqramına və nizamnaməsinə cani-dildən sədaqətli olan və təmənnasız xidmət edən yüzlərlə YAP fəalı yerlərdə idarəçilikdən uzaqlaşdırıldı. Bunu kimlərin etdiyi hamıya məlumdur. Nəticə göz qabağındadır. Bölgələrdə, yerlərdə əhali arasında hörməti olmayan, rüşvətxor, saxtakar, yalançı, oğru kimi mənfi imicə malik olanlar yerlərdə YAP təşkilatlarına rəhbər gətirildilər. Onlar da bu imkandan bir vasitə kimi istifadə edərək YAP başçılarının dəstəyi ilə bizneslərini genişləndirdilər, ya da növbəti mərhələdə dövlət məmuru oldular. 

Daha çox isə İH başçısı, yaxud onun birinci müavini postlarını tutdular, deputat, bələdiyyə sədri seçildilər. Bütün bunların son nəticələri artıq xalqımıza məlumdur. Acınacaqlısı budur ki, belə insanları dəstəkləməklə, onları təşkilatlara rəhbər gətirməklə, onları kadr kimi irəli sürməklə partiya sədrini də aldatmış olublar. 

- Kimlərdir? 

- Yerli təşkilatların rəhbərlərindən yerlərdə narazılıq və şikayətlər var. Başlıcası, bu narazılıq elə YAP-çıların özündən gəlir. Amma bu narazılıqlara nə siyasi şura, nə də icra katibliyi tərəfindən əhəmiyyət verilir. Odur ki, partiya idarəçiliyində artıq özünü doğrultmayan və maneəyə çevrilən icra modeli ləğv olunmalı, orada işləyənlər də dəyişməlidir. Artıq idarəetmə mənfi mənada monopoliyalaşıb və demokratik mexanizmlər işləmir. 

İş elə bir həddə çatıb ki, icra katibliyinin, Siyasi Şuranın və müavinlərin ünvanına yazılan ərizələrə aylarla, illərlə cavab verilmir. Elə mənim də 13 ildir yazdığım cavabsız ərizələr var... 

Təsəvvür edin, parlament seçkilərindən əvvəl YAP Neftçala rayon təşkilatından namizədin dəyişdirilməsi, onun rayon partiyadaşları tərəfindən dəstəklənmədiyi barədə mərkəzi aparata, Siyasi Şuraya, şəxsən Əli Əhmədova məktub ünvanlandı. Bu məktub saytlarda dərc olundu. Amma heç bir reaksiya, cavab verilmədi. Yəni mərkəzi qərargah üzvlərə patiyadan olan namizədi dəstəkləyən, yaxud onlarla razılaşdığını bildirən hər hansı cavabı vermədi. 

Prezident Aparatında da vətəndaşların şikayət və ərizələrinə münasibət eynidir. Mən Neftçala əhalisinin, iş adamlarının illərlə PA-ya göndərdiyi şikayət məktublarını saytlarda oxuyub dəhşətə gəlirəm. Gərək zamanında xalqın səsinə, ictimai rəyə hörmət ediləydi, şikayətlərə baxılaydı. Çünki vaxtında baxılsaydı, rayon əhalisi məmurlardan bu qədər əzab-əziyyət, bu qədər özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaq, dövlətin və xalqın cibinə girmək, dövlət mənafeyini tapdalamaq görməzdi. 

Yəni Neftçala İH başçısının göndərdiyi eşşək südünü içmək dövlət maraqlarından, partiya qeyrətindən, dövlətçiliyə qulluqdan vacib imiş? Şəxsən bu fikirdəyəm ki, ötən illər ərzində əhalinin məmurlardan şikayətləri, iş adamlarının üzləşdiyi qanunsuzluqlar, vətəndaşların hüquqlarının pozulması, məmurların, oliqarxların, biznes monopoliyasının, rütbəli adamların sonsuz özbaşınalıqları barədə Prezidentə ünvanlanan şikayət məktubları bəlkə də bilərəkdən ünvanına çatdırılmayıb. Burada kimlərin hansı "işbirliyi", hansı maraqları olduğunu özləri hamıdan yaxşı bilir... 

Əgər icra katiblərinin işi, partiyada mühim məsələlərin taleyi, üzvlərin ərizə və şikayətlərinə baxılması, mərkəzi aparat binasına daxil olmaq üçün kimə icazə verilməsi onların köməkçilərinin ixtiyarına buraxılıbsa, o zaman durumu şərh etməyə lüzum yoxdur. 

- Bəs 700 min üzvün rəyləri, təklifləri kim və hansı metodla araşdırılır? Məktublara, ərizələr kim baxır? 

- Demək olmaz ki, 700 min üzvün əksəriyyətinin təklifinə, rəyinə, məktubuna, şikayətinə  baxılır, öyrənilir, müzakirə edilir. Əgər idarəetmə monopoliyaşaşıbsa, partiya maraqları bir neçə adamın əlində öz şəxsi maraqlarına qurban verilibsə, hansı demokratiyadan, üzvlərə qarşı hansı sayğıdan, hansı hüquqlardan söhbət gedə bilər? Şəxsən mən 2007-ci ildən mütəmadi olaraq YAP icra katibinə, onun müavinlərinə, Nəsimi təşkiatlnın sədrinə, Siyasi Şuraya, MNTK-ya eyni məzmunlu ərizə ilə müraciət edirəm. 13 ildir mənə qarşı ədalətsiz, böhtan qərar barədə ərizə yazıram. Baxılmır. 

Bununla partiyanın nizamnaməsini də, vətəndaşın siyasi hüququnu da, ölkənin məlum qanununu da kobud şəkildə pozurlar. Amma fərqində deyillər ki, onların belə davranışı qanun pozuntusudur, partiyanın ana xəttinə, vətəndaşa hörmətlislikdir, vəzifə səlahiyyətini aşmaqdır, özbaşınalıqdır, partiya qarşısında bağışlanmaz səhvdir. Bax buna görə də ilk növdə belə məsuliyyətsiz cavabdeh insanları partiyadan kənarlaşdırmaq vacibdir. Özləri deputatlıqdan, insan hüquqlarından, üzvlərin hüquqlarından, şikayələrə baxılması haqqında qanunverilicikdən danışırlar. Amma ərizələrimə 13 ildir baxmırlar. Belə də ədalətsizlik, özbaşınalıq olar? 

Bir də ki, açıq desək, üzvlüyə qəbul olunanların da, partiyada işə götürülənlərin də ən azı əlli faizi ideyasız adamlardır. Kimlərinsə qohumudur, tanışıdır, gül balasıdır. Hakim partiya belələri üçün olsa-olsa karyera vasitəsidir ki, tərcümeyi-halında YAP üzvü olduğunu bircə cümlə ilə göstərsin, yaxud deputat siyahısına düşə bilsin, vəssalam. İdeyasız isə möhkəm partiya ola bilməz. Təsəvvür edin ki, partiyanın nə vaxt yarandığını, onun qurultaylarını, Heydər Əliyevin siyasi fəaliyyət xrologiyasnı, onun partiyaya tövsiyələrini bilməyən, nizamnamə və proqramı öyrənməyən, partiya təəssübünü, qeyrətini, əziyyətini çəkməyən adamları, azərbaycançılığın ideya kimi nə demək olduğunu bilməyənləri hakim partiyada ya özək təşkilatlarına, ya da rayon təşkilatlarına rəhbər təyin edirlər, təşkilatlarda belələrini maaşlı işlə təmin edirlər, hətta dövləti vəzifələrə göndərirlər, siyasi şuraya, idarə heyətinə seçirlər. Bunun özü kobud nizamnamə və proqram pozuntusudur, partiyanın siyasi və mənəvi ideallarına xəyanətdir. 

Odur ki, yaxşılığa doğru hərtərfli islahatlar həyata keçirilməlidir.      

- Amma telekanallara, partiyanın saytına, partiya qəzetlərinə inansaq, bunun tam əksini deyirlər...  

- Siz partiyanın saytından danışırsınız? Buyurun o sayta daxil olun və müraciətinizi göndərin. Bir-iki gün gözləsəniz belə, müraciətiniz sayta yüklənməyəcək. Yaxud rayon təşkilatlarının saytına yazılı müraciət göndərin, yenə də heç nə alınmayacaq, alınsa belə, müraciətə baxılmayacaq. Prezindentə onlayn müraciət və ərizə göndərmək olur. Amma Əli Əhmədova, Siyasi Şuraya partiya saytından müraciətlər yüklənmir... 

Siz uzağa getməyin. Bakının istənilən rayon təşkilatının binasına daxil olun. Hansı vəziyyəti görəcəksiniz? 700 min üzvü olan partiyanın təşkilatlarında, qərargahlarnda maaşlı işçilərdən savayı bir kimsə gözə dəymir. Və bu, eynilə mərkəzi qərargaha da aiddir. Halbuki təşkilatların da, mərkəzin də qərargahın da bir qaynar, fəal mühit görünməlidir, elə olmalıdır ki, üzvlərin əlindən tərpənmək mümkün olmasın, təşəbbüskar və təkliflər irəsli sürən gənclər və yaşlı nəsil bu qərargahlarda daim görüşməli, partiyanın vəzifələrinə, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparmalı, mənəvi varisliyə əməl olunmalı, yeni-yeni layihələr həyata keçməlidir. 

Amma baxın, nə rayon və şəhərlərin qərargahlarına, nə də mərkəzi qərargaha gələn yoxdur, hamısı bomboş qalıb. Prezident bölgələrdə partiya təşkilatları üçün necə gözəl, müasir binalar tikdirir. Təəssüf ki, əvvəl o binaların içində oturanları təzələmək lazımdır. Yalnız və yalnız iclasa və ya TV-lərin kamerası qarşısnda müzakirəyə yığışırlar. Bunun bir kökü də idarə edənlərin yerlərdə partiyanı nüfuzdan salmaları, hörmətsiz, mənfi imicli insanların təşkilatlara sədr qoyulmasıdır. Baxırsan ki, nə nizamnamədən, nə proqramdan, nə partiya şərəfindən və ideyasından xəbəri var, hələ üstəlik partiyadan lətifələr də danışır, amma onu özəyə və yaxud rayon təşkilatına sədr qoyurlar. Belə vəziyyətdə hansı partiyadaxili ədalətdən, partiya yolunda fəaliyyətdən, etimad və inamdan söhbət gedə bilər? Prezindentimizin uğurları nə vaxta qədər partiyanın adına yazılmalıdır? 

Hələ indiyə qədər partiya özünün gənclər siyasətini, öz ideya prinsiplərini, Ulu Öndərimizi,  Möhtərəm Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" ideoloji paltformasını təbliğ edən bir dənə olsun reklam, fləşmob roliki çəkməyibdir. Halbuki hər il 9 milyon manata qədər üzvlük haqqı yığılır. İdeoloji işin təşkili, bu istiqamətdə yenilənmə də ürəkaçan vəziyyətdə deyil. Partiyada təbliğat-təşviat işi lazımı səvviyyədə fəallaşmalı, gənclər arasında böyük ideoloji iş aparılmalıdır. Buna gənclər potensialı da, partiyanın ideoloji sektoru da imkan verir.       

- Faktlar var? 

- Nə qədər istəsəniz. Ağstafa rayon İH başısı və onun birinci müavini. Kim idilər? Birinci adam Kapitalbankın Göranboy filialının sədri idi. Bu vəzifədə ola-ola hansı "metodla"sa partiya mərkəzi aparatı tərəfindən rayon təşkilatına sədr qoyuldu. Halbuki bank müdiri kimi sağlam rəyə malik deyildi. Belə şəraitdə həmin rayonda partiyaya inanan olarmı? Sonra o, təşkilat sədri kimi rayon İH başçısı vəzifəsinə namizəd verildi. Nə az,nə çox, düz 10 il rayonu taladı. PA-ya hər gün yazılan yüzlərlə şikayət məktubuna əhəmiyyət verilmədi. Üstəlik özünə "Şöhrət" ordeni də aldı. Üstəlik onun başqa rayona təyinatını verdilər. İnsanlara bu qədər zülm etməsi azmış kimi, on ildən sonra ona növbəti rayon da "peşkəş"  olundu. Bir yoxlayan yoxdur ki, bu şəxs YAP yaranan zaman nə işlə məşğul idi, YAP-da fəaliyyəti olubmu - heç kimi maraqlandırmadı, təki pulun olsun. 

Yaxud Ramiz Tatarov rayonda hansısa yollarla fermerə, iş adamına çevrilib? Yenə eyni "metodla" YAP rəhbərliyi tərəfindən rayon təşkilatına sədr gətirilib. O da həmin vəzifədən təkan alıb, İH başsının birinci müavini postuna sahib çıxa bilib. Belə fərdlər yerlərdə hələ də var.  

Məsələn, YAP Mingəçevir təşkilatından seçkilər zamanı və ondan sonra partiyaya, şəxsən Əli Əhmədəvun adına şikayətlər, məktublar daxil oldu. Amma partiya yenə biganə qaldı, vecinə almadı. Sual olunur: belələrini təşkilat sədrliyinə kimlər və hansı maraqla gətiriblər, belələrini kimlər və hansı maraqla bölgələrə rəhbər vəzifəyə namizəd kadr kimi irəli sürüblər? Onların havadarları, "krışaları" kim olub. Bu kəslər indi onlarla birlikdə həbsdə olmalı idilər. Çünki ölkə başçısını, partiyamızın sədrini öz saxta kadr namizədləri ilə aldadıblar. Başqa faktlar da var. 

Məsələn, Neftçala rayon əhalisinin illərlə İH başçısından yazdıqları şikayət məktubları baxımsız qalıb, o da öz bildiyini edib. Deməli, eşşək südü içmək naminə onu yüksək hakimiyyət dairələrində və YAP-da himayə ediblər? Yaxud onunla birlikdə həbs olunanların hamısı rayonda YAP təşkilatının rəhbərliyi və idarə heyətinin üzvləridir. Beləcə neşə illərdir sadə insanlar iztirabı, zilləti, əzabları, stressləri, təhqirləri, ədalətisizliyi yaşamaq zorunda qoyuldular. 

Onların barəsində əvvəllər partiyaya şikayətlər göndərilsə də heç birinə baxılmayıb. YAP fevral ayından indiyə qədər məlum hadisələr haqqında öz bəyanatlarını vermədi, cəmiyyətə öz mövqe mesajlarını ötürmədu. Halbuki öz üzvləri olan kadrların yerlərdə bu qədər mənfi və qanunsuz əməllərə qurşanmasına, partiyanın tələb etidiyi ictimai və siyasi normaları pozmalarına görə hakim partiyanın Syasi Şurası tərəfindən rəsmi bəyanatlar verilməli idi. Prezidentin belələrinə qarşı ədalətli və qəti qərarları, islahat siyasəti xüsusi bəyanatlar ilə dəstəklənməli idi. Cəmiyyət də görməli idi ki, hakim partiya bu qədər ədalətlidir, bu fəaldır, bu qədər konstruktivdir, Prezidentə bu qədər dəstək verir. Ölkənin Prezindenti tərəfindən məmur əməllərinə qarşı ədalətli qərarlar verilir, Prezident kadr islahatları aparır, amma hakim partiyanın bu qərarlara dəstək verən kollegial mövqeyi, rəsmi siyasi bəyanatı ortada hələ də yoxdur. 

Prezident Elnur Aslanovu ali icra aparatından kənarlaşdıranda da, adı fetöçularla hallananda da, Eldar Mahmudovun təşkilatlanmış cinayətkar dəstəsini ifşa edəndə də hakim partiya mövqe göstərməli, öz rəsmi bəyənatları ilə Prezidenti dəstəkləməli idi. Əvəzində E.Aslanovu Siyasi Şuranın iclaslarına dəvət edirlər.   

- Siyavuş Novruzov tez-tez çıxışlar edir. Buna nə sözünüz?  

- Bəli, parlamentdə, mediada mütəmadi çıxışlar edir, mövqeyini bildirir, tənqid edir. Kim nə deyir-desin, belə deputat fəallığı və partiya adından çıxışlar ictimaiyyətə çox lazımdır. İctimaiyyət mütəmadi olaraq tezi-tez görməlidir ki, partiya təmsilçisi mövqe sərgiləyir. Hakim partiyada ildə 3-4 mətbuat konfransı keçirməklə və bir səhifəlik press-reliz yazmaqla iş birmir. Fəal şəkildə çıxışlar, layihələr, bəyanatlar, daim mövqe bildirmək, daim ictimaiyyətlə fəal ünsiyyət, davamlı layihələr, siyasi aktivlik lazımdır. Siyasi təşkilatın fəallığı, nüfuzu, etimadı bundan çox asılıdır. Yoxsa, durğunluq başlayır. Onun çıxışlarına mən də qulaq asıram, oxuyuram və dəstəkləyirəm. 

Amma o, neçə il əvvəl mənim barəmdə həqiqətə uyğun olmayan bir söz demişdi. Kökündən səhv məlumat idi, yanlış bir söz idi. Partiyada təşkilat şöbəsi mühüm sturkturdur, partiyanı qurur, ayaqda saxlayır, fəaliyyətini nizamlayır. Buna görə də hakim partiyada belə bir sturktura rəhbərlik edən yüksək məsul şəxs öz informasiyasında dəqiq, ehtiyatlı və doğru olmalı idi. Yəqin ona düz məlumat çatdırılmayıb. İradı budur ki, əgər mən "Səs" qəzetindən öz ərizəmlə çıxmışamsa, deməli mövqeyimdən dönmüşəm. Bu, absurddur, məntiqsiz və əsassız mühakimədir. Mən dəfələrlə demişəm və yenə deyirəm ki, işdən xahişimlə çıxmağım elmi-pedaqoji işimə, vaxt əldə etməyə, tədqiqat işlərimə görə olub, vəssalam. Açığı üzvlərin, ziyalıların ondan gözləntiləri çoxdur. Yerlərdən ona ünvanlanan ərizələrə, məktublara vaxtlı-vaxtında baxmalıdır. 

Təsəvvür edin ki, mən 13 ildir bu adamın partiyada qəbuluna düşə bilmirəm, ərizələrimi cavablandırmır. Azərbaycan vətəndaşı Prezidentin, Baş nazirin, spikerin, Birinci vitse-spikerin, dövlət məmurlarının, beynəlxalq təşkilatların, səfirlərin qəbuluna düşə bilir. Amma partiyada Əli Əhmədovun, Siyavuş Novruzovun, Mübariz Qurbanlının  qəbuluna düşmək, üstəlik şöbələrin sıravi işçilərinin də qəbuluna düşmək müşkül bir problemdir. Mütləq gərək köməkçilərin - Həsən və Mahir müəllimlərin "bayrağının altından" keçəsən. Cavabları isə həmişə eynidir: yerində yoxdur, parlamentdədir, nazlirlər kabinetindədir, xaricdə səfərdədir, iclasdadır və s. Hətta partiya üzvləri binaya daxil olmaq üçün də onlardan icazə almalıdır. Amma partiyada kimin vəzifəsi, pulu, biznesi varsa, onu gözlətmədən qəbul edirlər. 

Əslində, partiyamızın məsul şəxsləri də, Siyasi şura üzvləri də, partiyadan olan deputatlar da, icra katibliyi də qanunlara, vətəndaş hüquqlarına, siyasi ədalətə, üzvlərə qarşı diqqət göstərməkdə, vicdana əməl etməkdə cəmiyyət üçün ideal bir nümunə olmalıdırlar. Təəssüf ki bu yoxdur. 

Bir məsələni də xatırlatmaq istəyirəm. Vaxtilə Heydər Əliyevin şəxsiyyətinin aşağılanmasını başlayan radikal müxalif yönümlü 2-3 qəzeti YAP-ın ənənəvi konfranslarına buraxılmırdılar. S.Novruzov, partiya rəhbərliyi bu məsələdə prinsipial ideoloji mövqe göstərirdi. O təhqirləri, dezinfomasiyaları, yolverilməz ifadələri yazan həmin jurnalistlər sonra dövlət işlərinə irəli çəkiliblər, onların bəzilərinə biznes imkanı, mənzil və avtomobil hədiyyə ediblər. 

S.Novruzov başda olmaqla, Siyasi Şura üzvləri o zaman hakimiyyəti baltalayan radikal müxalifət qəzetlərinə və saytlarına indi məqalə yazır, intervülər verirlər. Görünür, bu ya demokratiyanın inkişafındandır, ya da partiya ideologiyasına sədaqətin azlığındandır... 

- YAP-çılardan biri demişdi ki, İH başçıları partiya təşkilatlarını saymır, onlara diqqət və hörmət göstərmirlər? 

- Bəli, belə bir vəziyyyət var. Deyəsən hər rayonda, şəhərdə belə münasibət var. Belə münasibət nazirlik rəhbərləri arasında da, hər sahədə də var. Nahaq unurdurlar ki, Heydər Əliyevin yaratdığı hakim partiyanın üzvüdürlər. Gərək belə məmurlarla, belə rəhbər işçilərlə hərdənbir siyasi-maarifləndirici söhbət arapılsın, necə deyərlər "başına ağıl" qoyulsun ki, onu o vəzifəyə təyin edən ölkə Prezidentinin YAP sədri olduğunu unutmasınlar. Partiyaya ictimaiyyət qarşısında da, fəaliyətində də siyasi-ideoloji dayaq kimi sayğılı, etikalı yanaşmalıdırlar. Sadəcə, milyonlar başlarını "məşğul" etdiyindən, "alıb-verməyə" başları qarşıdığından çox vacib nəsnələri ya unudublar, ya da saymırlar.      

- Parlament seçkisində bəzi YAP üzvləri öz namizədliyini müstəqil şəkildə verdilər. Buna necə baxırsınız? 

- Hər partiya öz namizədlərini əvvəlcədən tərtib olunmuş siyahı ilə tədqim edir. Namizədlərin klimliyini, siyasi fəallığını, partiya mövqeyini dəfərlə ölçüb-biçir, nəhayət yekdil qərar verir. Hakim partiya da hər parlament seçkisinə bu qaydada gedir. Müvafiq qanunvericilik sənədləri də, nizamnamə tələbləri də, partiyanın qərarına hörmət prinsipləri uca tutulur. Bu baxımdan, kollegial qərardan və təsdiq edilən siyahıdan kənarda müstəqil namizədliyini verən üzvlər, əlbəttə cəzalanmaldır. Əvvəlki seçkilərdə olduğu kimi, son seçkidə də belə üzvlər oldu. Seçkiyə müstəqil qatılmaq hər bir vətəndaşın hüququdur. Lakin partiya mənsubluğu varsa, bu məsələni qanunverilicilikdə nəzərdə tutulan kimi həll etməlidir. Daha istədiyi kimi yox. S.Novruzov onların cəzalanması barədə qısa bir açıqlama verdi. Əslində, bu cür olmaz. Partiyanın qərarını pozanlar haqqında özək, sonra ilk təşkiatın qərarı olmalıdır. Tarixi, protokolu də öz yerində. Yalnız bundan sonra qərar İcra katibliyinə, Siyasi Şuraya təqdim edilirr. Qərara baxılması, onun təsdiqi baş verirr. Üzvlükdən xaric olunanların adı, soyadı, hansı ilk təşkilatın qərarı ilə çıxarılması siyahı şəklində mediya və bütün ilk təşkilatlara göndərilməlidir. Partiya üzvləri birmənalı əmin olmalıdır ki, kimlər və hansı qərarla üzvlükdən kənarlaşdırılıb. Bu, həm də üzvlərin hüquqlarına və partiyadaxili intizama diqqət və hörmət deməkdir, ədalət deməkdir. Yoxsa, iki-üç kəlmə ilə ümumi söz demək, baş aldatmağa oxşayır. Bu şəkildə açıqlamalar inam və etimad yarada bilməz.  Elə ötən seçkilərdə də belə olmuşdu...     

- Sizcə, Heydər Əliyevin vaxtilə partiyada yaratdığı siyasi və mənəvi prinsiplər bu gün akualdırmı?  

- Çox aktualdır və qaçılmazdır. Onlar adi deyil, ali siyasi və mənəvi prinsiplərdir. Bir çox problemlırin kökündə onların unudulması və riayət olunmaması dayanır. Bəli, Heydər Əliyev hələ sovet illərində Azərbaycan cəmiyyətinə aşkarlıq, prinsipial və azad tənqid, konstruktiv təklif mühiti gətirmişdi. Mən o dövrün arxiv sənədlərini araşdırmışam...

Heydər Əliyev partiyanı da aşkarlıq, demokratiya, qaşılıqlı hörmət, bərabərhüquqluluq, nəsillr arasında etimad və körpü, milli və bəşəri ideyaların sintezi, azərbaycançılıq ideyasının birmənalı təsbiti kimi qurmuşdu, partiyanı daim belə modeldə görmək istəyridi. Təəssüf ki işinin həddən artıq çoxluğundan və etimadından sui-istifadələr olundu. Ən acınacaqlısı isə partiyada bəzi qüvvələr hakiyyəti ələ keçirdi və  üzvlərə, kadr seçiminə regionçu ayrı-seçkiliklə yanaşılmağa başlanıldı. 

- Sizcə islahatlar İdarə Heyətini, Siyasi Şuranı, nəzarət təftiş komissiyasını da dəyişməlidir? 

- Bəli, dəyişməlidir. Çünki partiyada mövqe və baxışları daşıyanlar onun fəaliyyətinə də təsir edirlər.  Baxın, həmin ali qurumlarda əhali arasında narazılıqlara rəvac vermiş, ictimai rəydə mənfi qarşılanmış, hətta rüşvətxorluqda ad çıxarmış insanlar var. Onların YAP rəhbərliyində təmsil olunmasını partiya təəssübkeşi olan üzvlər də artıq qəbul etmirlər. Biri elə Hacıbala Abutalıbov. 18 il paytaxt meri işlədi. Təsəvvür edirsinizmi, 18 il! Bəlkə də 21-ci əsrdə heç bir ölkənin paytaxt meri bu qədər vəzifədə olmayıb və olmayacaq da.  

Amma YAP ideallarından uzaq olan məmurları iş başına yığdı. Heydər Əliyevin tövsiyələrini də, etimadını da get-gedə unutdu, Bakını qarış-qarış dələduz iş adamlarının, oliqarxların, tikinti şirkətlərinin ixtiyarına buraxdı. Onlar da "Bakımızı gözəlləşdiririk" kimi yalan sözlərlə paytaxtımızın tarixi simasını dağıtdılar, şəhəri əndrabadi günə qoydular. Eyni şirkət bir-birinin yanında binalar tikib, amma hərəsi fərqli arxitekturada. Bakının bərbad duruma qoyulmuş arxitekturasında heç bir vahid memarlıq konsepsiyası yoxdur. Kim harada və necə istəyirsə, ağlına necə gəlirsə elə də tikib. Hətta bu yeni tikililər şəhərdə nə qədər sıxlıq, qarışıqlıq yaradıblar, Bakının ekologiyasını, hava axınının təbii hərəkətini əməlli-başlı pozublar. Bunlar isə əhalinin sağlamlığına mənfi təsir edir. Tarixi paytaxtımızda geniş meydanlar yox dərəcəsindədir. 

Demək istəyirəm ki, bu işlərdə Abutalıbov da təqsirsiz deyil. Əvvələr qışqıra-qışqıra "Heydər Əliyevimiz", "əmin ola bilərsiniz" desə də, ictimaiyyət qarşısında vətəndaşa "sizi yarım saatdan sonra qəbulumda gözləyirəm" desə də, əməl etmədi. Onun dövründə Bakının tarixi-mədəni simasına, tarixi arxitekturasına, Şərq və Avropa şəhər mədəniyyəti sintezinə vurulan dağıntının ziyanı ölçüyəgəlməzdir. Ondan bir soruşan yoxdur ki, oğlun Türkiyədə bahalı otelləri hansı maaşı və qazancı ilə alır. Təsəvvür edin ki, YAP-ın yuxarı eşalonunda elələri təmsil olunur ki, Abutalıbov onların yanında "toya-bayrama gedəsidir". Bütün bunlardan sonra YAP İdarə Heyətinin üzvü H.Abutalıbov jurnalistə deyir ki, "ömür qısa, dəyməz qıza"...   

- Siz hansısa probleminiz üçün doğma bildiyiniz partiyadan kömək ummusunuz?  

- Bircə dəfə, vəssalam. R.Allahverdiyevin də, H.Abutalıbovun da zamanında dəfələrlə ərizə ilə müraciət etmişəm ki, mənzilimin damından evə yağış tökülür, çətin bir vəziyyətdir, evdə körpə uşaqlar...

Xahiş edirdim ki, evin damını aidiyyatlı ərazi mənzil-istismar idarəsinin köməyi ilə döşəsinlər. Çünki açığı buna maddi imkanım çatmırdı. Yoxsa, özüm təmir etdirərdim və belələrinə ağız açmazdım. Amma ərizələrimə heç baxılmadı. Hətta Nəsimi rayon mənzil-tikinti idarəsinin müdiri qəbulda o qədər güldü ki... "Sən 91-lərdənsən, amma evinin damına qır axtarırsan? Bu, nə vəziyyətdir, partiyanı söyənlərin də, özünün də halına bax gör, onlar haralarda, sən haradasan" və s.     

- Məmurların silsilə həbsi hakim partiyanı da hədəfə çıxarıb. Bu cür rüşvətxor kadrları yetişdirdiyinə görə YAP-ı qınayanlar var. Bu ittihamlarla razısınızmı?

- Tamamilə razıyam. Bu barədə söz demək hər kəsin hüququdur. Mən artıq bu barədə fikrimi dedim. Bu şəxsləri Prezidentə vəzifəyə təqdim edənlərləri də ittiham edirəm. Onların arasında YAP İdarə Heyətinin, Siyai Şuranın üzvləri də var. Mən artıq dedim. Hakim partiya son hadisələr ilə bağlı kollegial qərarını və bəyanatlarını verməlidir. Prezindentə hər an dəstəyini göstərməlidir. Bu bəyanatlar cəmiyyət qarşısında həm də özünütənqid olardı, yol verilmiş qanunsuluqlara və nöqsanlara qarşı hakim partiyanın sərt mövqeyi və tənqidi olardı. 

Bəli, son hadisələrdə partiya da təqsirsiz deyil. Çünki o cür adamlara bilə-bilə YAP üzvlüyü vermək, təşkilat sədri eləmək, yuxarı başa çəkmək, həmişə növbəsiz qəbul eləmək, havadarlıq göstərmək, dəstəkləyib irəli aparmaq, yuxarılara kadr kimi namizəd göstərmək, nöqsanlarını vaxtında aşkar edib Prezidentə məlumat verməmək, onlarla zamanında islahedici söhbərlər aparmamaq  - bunlara hakim partiyada yol verilməməli idi. İkinci tərəfdən, ideoloji iş də axsayır. Ümumiyyətlə, bu sahənin təşkili bütün ölkədə qənaətbəxş deyil. Partiyada  ideoloji yönümdə layihələr, təbliğat-reklam, fləşmob çarxları hazırlanmalıdır idi. Təkcə Prezidentin "Biz birlkdə güclülük!" ideoloji platforması üzərində nə qədər ideoloji təbliğat işi qurmaq olar. Son hadisələr mən də təəssüf də doğurur. 

Təəssüf edirəm ki, YAP rəhbərliyi nə qədər dəyərli, ləyaqətli, iş bacaran kadrlarına imkanlar yaratmadı, irəli çəkmədi, onların qabiliyyətlərindən zamanında millət və dövlət üçün yararlana bilmədi. Heç olmasa, bundan sonra səhvləri düzəltsinlər.   

-    Sizcə, dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə necə nail olmaq olar. Savadlı, müsbət imici olan bitərəf kadrların dövlət idarəçiliyində irəli çəkilməsinin vaxtı çatmayıbmı?

- Çətin sualdır. Bu problemin düzgün həllinin dəqiq resepti yoxdur. Nə qədər inansan da insanda subyektiv amillər, gizlində saxlanılan şəxsi keyiffətlər və ambisiyalar yox deyil. Bilirsiniz, bir zamanlar belə bir şüar var idi: "Kadlar hər şeyi həlli edir". Bu gün də sıradan  bir şüar deyil, kadrların dövlət idarəçiliyində istisnasız rolunu göstərir. Təəssüf ki illər boyu kadr seçimində yol verilən səhvlərin, boşluqların hər cür neqativini, əziyyətini, hər bir ziyanını, əyər-əksiyini yalnız xalq, yerlərdəki vətəndaşlar çəkirlər. Bu məmurlar onsuz da istədikləri qədər rüşvət və korrupsiyaya yol veriblər, qanunsuz yollarla külli miqdarda sərvət, kapital yığıblar. 

Vəziyyət o həddə çatıb ki, nazirin, nazir müavinin, idarə rəisinin, İH başsının, müavinin, bank işlədənlərin, biznes adamlarının təmizliyinə, rüşvətsiz və korrupsiyasız işləməsinə ölkədə sadə insanlar artq hec cür inana bilmirlər. Məmur obrazı ictimai rəydə bu qədər neqativ, bu qədər mənfi, bağışlanmaz şəxsiyyət, oğru, dələduz, saxta simalı kimi formalaşıb. Təəssüf ki, belə mənfi ictimai rəyin qarşılığında indiyə qədər onların birinə də gözün üstündə qaşın var deyilməyib və deyilmir də. İstədikləri qədər də qanunsuz, dələduz yollarla milyonlar yığırlar. Azərbaycanda belə bir milli aforizm var: "Varlanmağın ən asan və qısa yolu vəzifə almaqdır". Bu yolla varlanmaq yolu tutan rəhbər məmurların zillətini, ziyanlarını, stressini yaşayan isə 29 ildir ki əhalimizdir. 

-  Bəs qanun, cəza metodu, işdən azad olunmaq, həbs?  

- Lap tutaq ki, hansısa məmur işdən azad olundu və ya həbs olundu. Şəxsi mülklərinin və kapitalının bir qismi də əlindən alındı. Sonra da iki il həbsxanada rahat həyat yaşayıb, amnistiya ilə azad olundu. Bəs sonra? Məgər bununla onlar kasıblaşırlar? Bəlkə əhalidən yığdıqları, oğurladıqları milyonlar əhaliyə qaytarılır? Bəlkə vətəndaşın rifahına, ölkənin tərəqqisinə yönələn maliyyəni korrupsiya və oğurluq ilə yığıb qanundan kənar topladıqları milyonlarla pul vətəndaşlara qaytarılır? Əlbəttə, yox. Heç birlirsiniz, son 10-15 ildə kimlərinsə əli ilə ölkədən nə qədər milyardlar çıxarılıb qanunsuz yollarla? Bunlar hamısı təfsilatı ilə, arqumentlərlə mediada yazılıb. Nə faydası, yenə də öz bildiklərini edirlər. 

Bu oğurluq milyonlar axı sənin, mənin, xalqın cibindən gedib. Bunlara oğurluq, dələduzluq, talan, korrupsiya, vicdansızlıq üçün şərait yaradan o himayədarlar niyə hələ də azadlıqda, kef-damaq içində yaşayırlar, hələ üstəlik vəzifələrində də qalırlar? Bunların fonunda vicdanlı müəllim də gözləyir ki, maaşı nə vaxt 20 manat artacaq...

 Yeri gəlmişkən, elə müəssisələr var ki, prezidentin maaş artımı haqqında sərəncamlarına hələ də riayət etməyiblər. Özünün və yaxın ətrafının maaşını qaldırıb, amma işçinin yox... 

- Hər halda cəzaların verilməsini cəmiyyət dəstəkləyir. Layiqli cəzanın özü də ədalətli addımdır, necə bilirsiniz?

- Mənə elə gəlir ki, bu məmurlara nə qədər cəza versələr də, mülklərini müsadirə eləsələr də, əhali onlardan çəkdiyini çəkib və vurulan maddi, mənəvi, dövlətçilik ziyanını artıq heç nə ilə sığortalamaq mümkün deyil. Biri elə Əbülfəs Qarayev. Onun mədəniyyətə, musiqi təhsilinə, incəsənətə, kinoya, maddi-mədəniyyət abidələrinə, Bakının tarixi binalarına, yaradıcı ziyalılara, istedadlı insanlara, mədəniyyət siyasətinə və bölgələrin mədəni durumuna vurduğu ziyanı və dağıdıcı zərbəni, inanın, heç bir cəza ilə bərpa etmək mümkün deyil. Zamanında baxmaq lazım idi ki, vəzifəyə kimi təyin edirlər. Mən onların dosyesini oxuyanda açıq görürəm ki, bu adam ya rüşvətxordur, ya dələduz. 

Çayxanada cay, yemək paylayan səviyyəsizin birisi, təsəvvür edirsinizmi, rüşvət yolu ilə bələdiyyə sədri seçilir və oradan da İH başçısı postunu kimlərinsə əli ilə satın alır. 15 il işləyib rayonu, hökuməti, insanları quldur kimi talayır. Beləsini kimlər və hansı yolla bu mərtəbəyə çatdırıb? Onların yüksək dairələrdəki oliqarx himayədarlarını da həbs etmək lazımdır. Ömrü boyu alababat bir müəllim olan Ə.Qarayev günlərin bir günü "İmproteks" mebel biznesində mal satışına nəzarətçi işləyir və buradan da birdən-birə böyük bir səhəyə nazir gətirilir. 25 il ərzində hər dəfə də nazir postunda saxlanılır. 

1995-2020 illərdə onu nazir kimi saxlayanlara da mən etirazımı bildirirəm. Hansı keyfiyyyətinə, iş bacarığına görə ona bu qədər toxunulmaz yanaşdılar? O festivalların açılışında danışanda mən xarici qonaqlara görə utanırdım. O an hiss olunurdu ki, qarşında hansı insan dayanıb, yəni danışığı, səmimiyyəti, milli dəyərlərə zərrə qədər hörməti və bələdliliyi yox idi, yaradıcı ziyalıya, sənət adamına lazımınca ehtiram hissi yox idi, muğam festiavvallarında, aşıq festivallarında, teatr fesivallarında bir dəfə də rəsmiyyət xatirinə əyləşib dinləmədi.  Bir dəfə də xalq teatrlarının, bölgə teatrlarının tamaşasına baxmadı. Təsəvvrün edin ki, dünyanın ən varlı sənət adamları Ə.Qarayevin şəxsi mülkündən heyrətə gəlirdilər, deyirdilər ki, biz dünyada belə malikanə görməmişik. O, bu qədər pulu maaşı ilə, yoxsa öz sənət əsərləri ilə, yoxsa yüksək qonorarları ilə, yoxsa öz layihələri və əqli mülkiyyəti ilə qazanıb? Heç biri ilə. Bunun yalnız bir adı. Amma hələ də onun nazı ilə oynayırlar, hələ də xətrinə dəymirlər. Bəs ictimai rəy, bəs xalqın gözləntiləri, bəs mədəniyyətə vurulan zərbələr, yarıtmaz idarəetmə mexanizmi? Bunlara görə kim cavab verəcək?  

Eləcə də gömrük komitəsində baş idarəyə rəhbərlik edən, yaxud vaxtilə mühasib, polis, vergi, bank işçisi olan, MMC işlədən və ya biznes ilə məşğul olan adamlar yuxarı məmur postlarını əldə etməyə necə və kimlərin vasitəsilə nail olublar? Belələrinin məmurluğu xalqımız üçün, onun mənliyi üçün əsil fəlakətdir. İnsanlar on illərlə belə idarə edənlərə necə dözə biliblər görəsən? Məgər ölkəmizdə bizneslə məşğul olanı, MMC işlədəni, bank, gömrük, vergi, mühasibatlıq və polis işçisini də rayona başçı təyin edərlər? Qətiyyən. Biznes adamını da təhsilə, mədəniyyətə idarəçiliyə gətirərlər?

Axı biznes də daxil olmaqla, adıçəkilən sahələrdə hamılıqla aldatma, korrupsiya, dələduzluq hökm sürür. Bu sahələri təmsil edənlərə dövlət məmurluğu etbar etmək olmaz. Onların psixologiyası başqadır: necə aldadım, necə oğurlayım, kimin cibinə girim, xaricdə özümə necə mülk alım, kef-damaq sürüm, vəssalam. Nəticəsi göz önündədir. Əgər mən onların dosyesini oxuyanda kim olduqlarını aydın görürəmsə, o zaman belələrini hansı məsuliyyətlİ başçı və digər vəzifələrə təyin edib, insanların əsəbləri ilə, mənliyi ilə, etimadı ilə oynayırlar. 

İndi də milli heysiyyatı olmayanları, ömrü boyu kənd, torpaq, rayon görməyənləri, xaricdə, şəhərdə böyüyən şəhərli "ana uşaqlarını" böyük vəzifələrə çəkmək tendensiyası var. Onlar da kənd təsərrüfatının, kəndli əməyinin, təmiz kənd məhsulunun, kəndlinin  və rayonlunun torpaqdan qazancının "anasını ağlar günə" qoyublar və qoyacaqlar da. Ömrü boyu meyvəni, ərzağı marketlərdən alan şəhərli "ana uşaqları" onların necə zəhmətlə yetişidirlməsini bilmirsə, vətən torpağının nə olduğunu mənən dərk etmirsə, o, bölgələrdə insanlara zəhmətlə pul qazanmaq üçün imkan, şərait yarada bilərmi? Əsla yox. Bir-iki aydan sonra də yenə də əvvəlkilər kimi işləməyə başlayırlar... 

-  Axı onların xaricdə müasir təhsili var, dünyagörüşü var... 

- Nə olsun ki? Təkcə dünyagörüşlə, xaricdə təhsillə iş bitmir. Dövlətçilik şüuru, milli maraqları, millətə, vətənə sevgisi olmasa, Azərbaycanda bir kimsəyə vəzifə vermək olmaz. Bir də axı təhsildə dövləti idarə etməyin nəzəriyyəsini öyrədirlər, daha idarəçilik təcrübəsi, dövlətçilik şüuru vermirlər. Bu sahədə biliklə yanaşı, təcrübə və istedad, duymaq, qərar vermək bacarığı lazımdır. 

İdarəetmədə manqurtlaşmış kadrların hakimiyyət əldə etməsi, çoxalması nə vaxtsa ölkəmizə ciddi fəsaldar yarada bilər. Elə "fetoçular", "5-ci kalon", "sapı özümüzdən olan baltalar" da belə "sivil, təhsilli kadlar"dan seçilir həmişə. Onlar bu ölkəyə maliyyə zərbələrindən də böyük zərbələr vura bilərlər. Maliyyə ziyanlarını ödəmək bəlkə də mümkündür. Amma millətə sevgisiz, cəmiyyətə qarşı məsuliyyətsizlik, vətəndaşa, sıravi insana təkəbbürlə yanaşmaq, daxili mənəm-mənəmlik sondromu, milli heysiyyatsızlıq, xaricdə təhsil almışın toxunulmaz psixologiyası cəmiyyətə daha böyük zərbələr vura bilər. Dövləti də, hakimiyyəti belə məmurların vasitəsilə, onların təmənnalı xəyanəti ilə sındırıblar həmişə. 

Belələrinin saxta "sivil gənc", "sivil məmur" artistliyinə qətiyyən etibar etmək olmaz. Nə qədər dil bilməsinin də dövlətçiyimizə bir dəyəri yoxdur. Çünki ilk növbədə öz dillərini bilməlidirlər ki dilə, ölkəyə, dəyərə azacıq hörmət hissləri olsun. Amma başları yer kürəsinin hərəkətinə əks istiqamətdə işləyir və öz karyeralarını qorumaq üçün istənilən dəyərli kadrı tapdalamağa, ləkələməyə hazırdırlar. Bir yeganə seçim xüsusiyyətləri budur ki, hansısa regionu təmsil edirlər, vəssalam. Kadr siyasətinin özündə də islahat aparımalıdır. Dövlətin kadr siyasətinin kimlərinsə şəxsi seçiminə buraxmaq olmaz. Bu sahədə qanunlar, bir konsepsiya olmalıdır, deyilmi?  

Belələri artıq onlara olan inamdan sui-istifadə edib, vəziələr əldə etmək üçün yollar, əlaqələr axtarmağa başlayıbılar. Nəzərə almırıq ki, artıq 10 ildir Azərbaycan gəncinin xaricdə təhsil alması normal, adi bir şey kimi qarşılanır. Azacıq özünə əziyyət verib oxuyan hər bir gənc xaricdə universistetlərə daxil ola bilər. Əlbəttə, mən bahalı universitetləri nəzərdə tutmuram. Təhsil xərci o qədər yüksəkdir ki, orada hər istedadlı, savadlı gəncimiz oxuya bilmir. Bəs kimlər oxuyur? Rüşvətlə, korrupsiya ilə, dövlətin cibinə girməklə qanunsuz və bol sərvət yığan məmurların və ya keçmiş məmurların övladları və ya nəvələri. Odur ki, xaricdə təhsil almış gəncləri ölkəmizdə bu qədər idellaşdırmaq kadr siyasətində yenə boşluqlar yarada bilər.  Onu da unutmayaq ki, vəzifəyə təyinat alanların əksəriyyəti keçmiş və indiki məmurların qohumlarıdır, övladlarıdır, ya da kiminsə qohumudur və sairə. Belə getsə, yenə də ziyan, əzab, stresslər, ədalətsizliklər bu xalqa, bu ölkəyə dəyəcək. 

P.S. Qeyd edək ki, Ariz Abduləliyev Mia.az-da yayımlanan bu müsahibədən sonra redaksiya ilə əlaqə saxlayıb. O bildirib ki, müsahibədə adı keçən Musa Musayevi deyil, o məşhur YAP-çı, vaxtı ilə müxtəlif vəzifələrdə, eyni zamanda, Xızının da icra başçısı olmuş Maksim Musayevi nəzərdə tutub: "Ümidvaram ki, oxucular mənim sırf texniki xətamı anlayışla qarşılayacaqlar".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı