Heydər Əliyevlə Türkiyənin etirazı, Rusiyanın sülhməramlı qüvvə planı, Petrosyanın xahişi ... - Qarabağla bağlı tarixi sirlər ortaya çıxdı

img

05-06-2020 [14:53]


ABŞ-ın 42-ci prezidenti Bill Klintona aid Prezident Kitabxanası bu günlərdə Klintonun prezidentlik dövründə (1993-2001) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi sənədlərin məxfiliyini götürüb və onları ictimaiyyət üçün dərc edilib.

Sənədlərə görə, 1993-cü il yanvar ayından 1994-cü ilin may ayınadək dövrü əhatə edən yeni sənədlərdə əks olunan aşağıdakı məqamlar diqqət cəlb edir:

Türkiyə-Ermənistan münasibətləri

Məktublardan birində 1993-cü ilin yanvar ayında Ermənistan prezidenti Ter-Petrosyan ABŞ-ın müvəqqəti işlər vəkilinə Türkiyənin Baş naziri S.Dəmirəldən Ermənistana Türkiyədən buğda və enerji təchizatı (Bolqarıstandan Ermənistana 200 meqavat elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi) barədə etdiyi xahişlərdən danışır. Eyni zamanda, Türkiyəyə yardım xahişlərinə baxmayaraq Ter-Petrosyan Türkiyəyə münaqişənin həlli üzrə danışıqlarda tutduğu mövqeyindən şikayət etdiyini də bildirir.

Bundan sonra 31 mart tarixində ABŞ diplomatları eyni məsələləri Türkiyə XİN ilə müzakirə etmişdir. Türkiyə tərəfi Ermənistana Türkiyə vasitəsilə yardımın çatdırılmasına razılığını təsdiq etmiş, lakin bunun müqabilində S.Dəmirəlin məcburi köçkünlərin tələbatlarının ödənilməsi üçün qərbin Azərbaycana da yardım etməsini istədiyini bildirmişdir.

Bundan əlavə görüşdə Türkiyə tərəfi Ermənistanın Kəlbəcərə hücumu məsələsini qaldırır. Türkiyə diplomatı bu əməliyyat nəticəsində 60 minə yaxın Azərbaycanlının mühasirəyə düşərək qırğına məruz qalması təhlükəsini və əməliyyatın Rusiyanın açıq dəstəyi ilə həyata keçirildiyinə dair məlumatlar yayıldığını çatdırır. O, həmçinin Rusiyanın danışıqlarda mövqeyindən şikayətlənmiş və sonuncu Cenevrə danışıqlarının Rusiyanın tutduğu mövqeyə görə uğursuz nəticələndiyini bildirmişdir. Danışıqlarda Rusiya “dərhal və şərtsiz atəşkəs” tələb etdiyi halda, Türkiyə tərəfi qüvvələrin Laçından çıxarılması ilə davamlı atəşkəsin təmin edilməsi mövqeyini tutmuşdur. Türk diplomatı ABŞ-ın Laçının tədricən evakuasiyası təşəbbüsünü yüksək qiymətləndirmiş, həmçinin Dağlıq Qarabağdan ağır silahların çıxarılması məsələsini qaldırmışdır.

BMT Təhlükəsizlik Şurasının sədrinin Kəlbəcərin işğalı ilə bağlı bəyanatı

Növbəti məktubda BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ilin 6 aprel tarixində keçirilmiş formal iclasında TŞ sədri adından Kəlbəcərin işğalı ilə bağlı qəbul edilən bəyanat və orada əks olunan bəzi ifadələrlə bağlı ABŞ və Fransa arasında olan fikir ayrıqlıları barədə məlumat əks olunmuşdur.

Məktuba görə sözügedən məsələ üzrə daha əvvəl keçirilmiş qeyri-formal məsləhətləşmələrdə Fransa səfiri (J.B.Merime) TŞ üzvlərinin vəziyyət barədə məhdud məlumatlı olduğunu qeyd edərək ABŞ tərəfindən bəyanatın birinci bəndi ilə bağlı təklif olunan dilin çox spesifik olduğunu bildirmiş, həmçinin bəyanatın BMT Nizamnaməsinin VII deyil, VI fəslinin dilinə uyğun şəkildə tərtib edilməsini təklif etmişdir. Bununla əlaqədar, ABŞ Daimi Nümayəndəsi M.Olbrayt yenidən müdaxilə etmiş və sonda bu bənddə kompromis dil kimi “yerli erməni qüvvələri tərəfindən müdaxilə” ifadəsindən istifadə olunması razılaşdırılmışdır.

Göründüyü kimi bəyanatda və sonradan TŞ tərəfindən bu bəyanat əsasında qəbul olunan 822 saylı qətnamədə işlənilən “yerli erməni qüvvələri” ifadəsi kompromis dil kimi verilmişdir. Bu da onu göstərir ki, TŞ Ermənistanın işğalda məsuliyyət daşıdığını daha birmənalı şəkildə ifadə etmək niyyətində olmuş, lakin bəzi dövlətlərin ermənipərəst mövqeləri səbəbindən bəyanata “yerli erməni qüvvələri” ifadəsi daxil edilmiş, həmçinin Ermənistan təcavüzkar dövlət kimi BMT nizamnaməsinin VII fəslinə əsasən ona qarşı məcburi tədbirlərdən yayına bilmişdir. Buna baxmayaraq, TŞ bu sənədlərdə dövlət məsuliyyətini ehtiva edən beynəlxalq hüquq pozuntularını qeyd etməklə əslində bu pozuntularda məhz Ermənistanın məsuliyyət daşıdığını göstərmək niyyətində olmuşdur.

Rusiya Sərhəd Qoşunları komandanının sülhməramlı qüvvələr barədə fikirləri

1994-cü ilin 20 may tarixində Rusiya Sərhəd Qoşunları komandanı ABŞ nümayəndələrinə münaqişə bölgəsinə Rusiya sülhməramlıların yerləşdirilməsi, həmçinin Azərbaycan-İran sərhədinin birgə mühafizəsinin təşkilinə dair bəzi fikirlər çatdırmışdır. Rusiya generalı A.Nikolayev Gürcüstanın Abxaziya bölgəsində MDB sülhməramlılarını qəbul etdiyi halda, Azərbaycan Prezidenti H.Əliyevin Rusiya qüvvələrindən imtina etməsindən və Rusiya nümayəndəsi V.Kazimirovun sülh planını imzalamaq istəməməsindən şikayətlənmişdir. Buna cavab olaraq, ABŞ diplomatı C.Presel Gürcüstanla eyni vaxtda Dağlıq Qarabağda Rusiya qüvvələrinin yerləşdirilməsinin qərbdə ciddi narahatlıq yaradacağını bildirmiş və əvəzində ATƏM müşahidəçilərinin yerləşdirilməsinə dəstək istəmişdir. Bundan əlavə, A.Nikolayev Rusiyanın Azərbaycan-İran sərhədindən özünə qarşı təhlükəsizlik təhdidləri olduğunu iddia edərək Azərbaycan tərəfinə bu sərhədin birgə mühafizəsini təklif etdiyini bildirir. O, Azərbaycanın təkliflə razı olmayacağı təqdirdə Rusiyanın Azərbaycanla sərhədini gücləndirməkdən başqa seçimi olmadığını və bundan ziyan çəkən tərəfin Azərbaycan olacağını qeyd edir.

Rəhim Qazıyevin anti-amerikan fikirləri

ABŞ-ın müvəqqəti işlər vəkili ilə Ermənistan prezidentinin administrasiyasının rəhbəri arasında 1993-cü il 29 yanvar tarixində keçirilmiş görüşdə sonuncu ABŞ diplomatını MDB-nin Müdafiə nazirlərinin görüşündə Azərbaycan Müdafiə nazirinin səsləndirdiyi anti-amerikan fikirlər barədə xəbər çatdırmışdır. Yazıya görə R.Qazıyev görüşdə erməni nümayəndəsinin olmadığı güman edərək Sovet İttifaqının dağılmasında əsas məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü, həmçinin bundan digər qərb dövlətlərinin də məsuliyyəti bölüşdüyünü bildirmişdir. Bundan əlavə görüşdə erməni nümayəndəsi Gürcüstanın Azərbaycandan asılılığından şikayətlənir və bu xüsusda Gürcüstanın Ermənistana 40 vaqon xam neftin ötürülməsini qəsdən ləngitdiyini iddia etmişdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı