"Həmin icra başçısını atın qabağına qatıb, it kimi qovaram..."

img

30-05-2020 [12:37]


Seymur VERDİZADƏ 

Yenisabah.az-ın Baş redaktoru

***

Beş-altı il əvvəl partiyadan qovulan sarsaq bir YAP-çı vardı. Hakimiyyətdə ortabab vəzifə sahibiydi. Mənim də daimi eksperti olduğum “Səni axtarıram” verilişinin azarkeşiydi. Hər dəfə ATV-yə çıxanda zəng vurub, yarım saat baş-beynimi aparırdı…

Yeyib-içməyi, istirahət etməyi xoşlayırdı. Bir dəfə mənə zəng vurub, belə dedi: “Müəllim, Göy-gölə balıq tutmağa gedirik. Sən bilirsən ki, balıq tutmaq mənim hobbimdir”. 

Mən ondan Göy-gölün qoruq olduğunu, orda necə balıq tutduqlarını soruşanda, belə cavab verdi: “Bu ölkənin hər yerində bizim qarşımızda yaşıl işıq yanır”.

Vaxtilə bu barədə yazdığım üçün hadisəni təfərrüatına qədər xatırlayıram. Bir gün yenə məni arayıb, Qəbələyə cüyür ovuna getdiklərini dedi. Mən ona cüyür ovlamağın qadağan olduğunu xatırladanda, yenə eyni cavabı verdi: “Bu ölkənin hər yerində bizim qarşımızda yaşıl işıq yanır”.

Bu həmin vaxt idi ki, Hüseynqulu Bağırovun işçiləri acından ölən balasına iki balıq aparmaq istəyən adamın başının üstünü kəsdirib, iki ton balığın pulunu alırdılar. Bu həmin vaxt idi ki, pulu başından aşan ərəb şeyxi adı “Qırmızı kitab”a daxil olan beş-altı qartalı qanına qəltan edir, rayonlarımızdakı qorxaq və acgöz məmurlar isə beş-on manat pula görə onların qabağında göbəyiaçıq rəqs edirdilər. Bu həmin vaxt idi ki, ov mövsümünün başlamadığını əsas gətirən dövlət qurumlarının əməkdaşları donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar…

Müsəlmanların müqəddəs bayramını yenicə arxada qoyduğumuz bu ilıq may günündə donuz söhbətini təsadüfən xatırlamadım. Əslən Naxçıvandan olan, dediyinə görə, KİV DF-nin sabiq icraçı direktoru Vüqar Səfərlini uşaqlıq illərindən tanıyan ADP sədri Sərdar Cəlaloğlu mətbuata maraqlı açıqlama verib. Mən qərəzli adam olmadığım üçün onun Vüqar Səfərlinin ünvanına işlətdiyi qeyri-etik ifadələri burda tirajlamaq istəmirəm, amma mövzumuza birbaşa dəxli olduğu üçün sizdən aşağıdakı üç-dörd cümləni diqqətlə oxumağınızı xahiş edirəm.

Sərdar bəy bu günlərdə Əvəz Zeynallıya verdiyi müsahibədə belə deyib: “Biz bu adamı  çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısı bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi”.

Vüqar Səfərli vəzifədə işləyəndə sözümü üzünə dediyimə görə indi onunla heç bir işim yoxdur. Mənim “işim” bəlkə də indi hansısa vəzifədə işləyən həmin icra başçısıyladır. Əlimdə səlahiyyət olsa, həmin icra başçısını atın qabağına qatıb, it kimi qovaram. Bəlkə bundan sonra heyvanların da onun kimi canlı olduğunu anlayar…

 


Digər xəbərlər
SON XƏBƏRLƏR