Vətəndaş cəmiyyətinin pandemiya sınağı...

img

20-05-2020 [00:21]


Elməddin Behbud,

QHT Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri

***

Azərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdən indiyədək bir çox ağır kataklizmlərdən keçib: torpaqlarımızın işğalı, vətəndaş müharibəsi təhlükəsi, terrorçuluqla mübarizə, dövlət çevrilişi və xarici siyasi müdaxilə cəhdləri, iqtisadi böhran və s. 2020-ci ildə ölkəmizin üz-üzə qaldığı bənzərsiz qlobal infeksiya olan koronavirus (COVID-19) təhlükəsi isə bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da tamami ilə yeni situsiya yaratdı.

2019-cu ilin dekabr ayında Çinin Hubey əyalətinin Uhan şəhərində meydana gələn naməlum infeksion xəstəlik qısa müddət sonra bütün dünyanı lərzəyə salan səssiz qatilə çevrilməyə başladı. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adının COVID-19 olduğunu bildirdi, martın 11-də isə koronavirusu pandemiya elan etdi.

COVID-19 pandemiyasının qlobal təhdidə çevrilməyə başladığı ilk vaxtdan etibarən bir çox inkişaf etmiş Avropa dövlətindən fərqli olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qəbul etdiyi qərarlar bu xəstəliyin ölkəmizdə geniş yayılaraq kütləvi insan itkisinə səbəb olmasının qarşısını aldı. Cəmiyyətin bütün təbəqələrinin, dövlət və ictimai qurumların, özəl sektorun koronavirusa qarşı mübarizədə qısa müddət ərzində səfərbər olunması, vətəndaşların sağlamlığının qorunması və xəstələrin müalicəsinin yüksək şəkildə və peşəkar səviyyədə təmin edilməsi, milli həmrəyliyin daha da gücləndirilməsi ümummili lider Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlətimizin sağlam siyasi, iqtisadi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu bir daha göstərdi.

Azərbaycan COVID-19 infeksiyası ilə mübarizədə zəruri olan tibbi avadanlığın, dərman preparatları və digər qorunma vasitələrinin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, yeni tibb və istehsal müəssisələrinin qısa müddət ərzində yaradılması ilə fərqləndi.

Koronavirusla mübarizədə Azərbaycan modelinin effektivliyi statistikada da aydın şəkildə əksini tapır. Beynəlxalq hesabatlara görə istər əhalisinin sayı 10 milyon civarında olan ölkələrdə, istər Azərbaycanla qonşu dövlətlərdə, istərsə də bütün dünyada əhalinin hər 1 milyon nəfərinə düşən xəstə və ölənlərin sayına görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur. Bu göstərici əlbəttə ki, cənab Prezidentin gözlənilməz infeksion təhlükəyə qarşı mübarizə məqsədi ilə qəbul etdiyi çevik, konseptual və uzaqgörən qərarların nəticəsində əldə olundu.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması, həssas təbəqədən olan vətəndaşlara dəstək verilməsi məqsədi ilə dövlətin 3 milyardan manatdan artıq maliyyə vəsaiti ayırıb.

Çoxsaylı yerli və beynəlxalq ekspertlər dünyanın qəfil yaxalandığı dəhşətli xəstəliklə mübarizədə Azərbaycanın atdığı çevik və məqsədyönlü addımları, əldə olunan nəticəni örnək təcrübə adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan prezidentinin yürütdüyü siyasətin və atılan addımların təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan həmçinin, koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəiçində uğurlu mübarizə modeli yaratmaqla yanaşı, dünya ölkələri ilə həmrəyliyini də müxtəlif formalarda ifadə edib. Ölkəmiz koronavirusla mübarizə məqsədilə ÜST-ə 5 milyon dollar yardım edib. Eyni zamanda İran, Qırğızıstan və digər bir sıra ölkələrə də maddi yardım edib. Arelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə, Böyük Britaniya, Gürcüstan, Rusiya, ABŞAvropa İttifaqı, İspaniya, İran, Almaniya, Fransa, Çin, İtaliya və Ümumdünya Səhiyyə Təşkilatının bayraqları videoproyeksiya olunaraq ölkəmizin dəstəyi nümayiş etdirilib. Bu aksiya dünyanın bir çox tanınmış media qurumları tərəfindən rəğbətlə təqdim olunub.

Əlbəttə ki, dövlətimizin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltdiyi bir dövrdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən qeyri-hökumət təşkilatları qəfil qarşılaşdığımız koronavirusa qarşı mübarizədə öz işini fəal və effektiv şəkildə qurması ilə diqqəti çəkdi. Koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumları və özəl sektorla yanaşı ictimai təşkilatlar da ön sıralarda yer aldı.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət başçısının tapşırıqlarına uyğun olaraq QHT-lərə çağırış edərək onları koronavirusla bağlı hökumətin müəyyən etdiyi qaydada bütün kütləvi görüşləri və öncədən planlaşdırdıqları tədbirləri təxirə salmağa, tətbiq olunan məhdudiyyətlərin icrasına ictimai nəzarəti gücləndirməyə çağırdı.

Martın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirərək bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb. İndiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 manatdan 100 min manatadək dəyişən müxtəlif məbləğlərdə ianə köçürüb. Bu proses hazırda da davam etməkdədir.

Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak edir. Bu günədək 40-dək QHT Real Tv ilə birlikdə qeyd olunan kampaniya çərçivəsində 19 gün ardıcıl olaraq Bakı şəhərinin və Abşeron rayonunun müxtəlif ərazilərində aparılan maarifləndirmə və monitorinqdə iştirak edib. Monitorinqin nəticələri barədə məlumatlar televiziya və saytlar vasitəsi ilə ictimaiyyətə həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib.

Martın 28-də Şura 2020-ci ilin qrant müsabiqəsinin qalibi olan QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün müraciət edib. Şura cari ilin martın 5-də nəticəsi elan edilən müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqələrinin qalibi olan 56 QHT layihəsinin mövzu və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

Şura aprelin 2-də koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirib. Şuranın tərəfdaşı olan bir neçə dövlət qurumunun rəsmisi və 400-ə yaxın QHT-nin rəhbərinin iştirak etdiyi onlayn konfransda prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində mühüm işlər görüldüyü bildirilib. Dövlətin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinə QHT-lərin də yaxından dəstək verdiyi vurğulanıb. Toplantıda QHT-lərin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinin effektivliyini artırmaq və koordinasiyanı gücləndirmək üçün QHT-lərin İctimai Qərargahının yaradılması barədə qərar qəbul olunub. Konfransda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb. Konfrans iştirakçıları ölkəmizdə koronovirusla mübarizədə görülən təsirli tədbirlərə görə Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. QHT rəhbərləri həmçinin, fədakar fəaliyyətinə görə həkim və polisləri alqışlayıblar.

Aprelin 4-də keçirilən Şuranın onlayn iclasında "QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edilib. Şura koronavirusla effektiv mübarizədə ictimai sektorun potensialını tam səfərbər məqsədi ilə İctimai Qərargah yaradıb.

İctimai Qərargah ötən iki ay ərzində mütəmadi olaraq onlayn iclaslar keçirərək regionlardakı vəziyyət barədə QHT-lərin məlumatlarını dinləyib, görülən işləri və irəli sürülən təklifləri müzakirə edib və müvafiq qərarlar qəbul edib.

Aprelin 7-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində indiyədək QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunub. İndiyədək QHT rəhbərlərinin, tanınmış ekspertlərin iştirakı ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş" mövzularında ictimai müzakirələr təşkil edilib.

Adıçəkilən kampaniya çərçivəsində həmçinin, mayın 1-də ABŞPolşa, İtaliya, Fransa və digər dövlətlərin vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə “Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Aprelin 8-də Şura koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi məqsədilə qeyri-hökumət təşkilatları üzvlərinin könüllü şəkildə iştirak etmək imkanlarının öyrənilməsi məqsədi ilə onlayn Sorğu keçirməyə başlayıb. Bir həftə müddətində keçirilən sorğuda 100 QHT nümayəndəsi iştirak edib. Dörd mövzu üzrə keçirilən sorğuda tibbi maarifləndirmə və tibbi ləvazimatların paylanması ilə bağlı 43, tibbi xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 3, psixoloji xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 18, ahıl və tənha insanlara xidmətlərin göstərilməsi istiqamətində isə 36 QHT nümayəndəsi könüllü olaraq iştirak etmək istədiyini bildirib. Beləliklə 100-dən çox QHT nümayəndəsi könüllü olaraq koronavirusla mübarizədə mütəxəssis kimi iştirak etmək üçün qeydiyyatdan keçib. Sorğunun nəticəsi Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha təqdim olunub.

Yenicə təsis olunmasına baxmayaraq Şuranın yanında fəaliyyət göstərən “SƏLİS Könüllülər” Birliyinin üzvləri də Prezident İlham Əliyevin çağırışına uyğun olaraq əhalinin həssas təbəqəsindən olan şəxslərə, xüsusi ilə yaşı 65-dan yuxarı insanlara ərzaq yardımlarının paylanması işində həmçinin, ictimai məlumatlandırma kampaniyalarında fəal iştirak edib.

Aprelin 10-da Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların rəhbərləri və üzvləri ilə onlayn görüşü keçirilib. Toplantıda prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi çevik və təsirli tədbirlərin sayəsində Azərbaycanın COVID-19 pandemiyasına qarşı effektiv mübarizə apardığı və vəziyyətin tamamilə nəzarət altında olduğu bildirilib.

Görüşdə İctimai Şuraların fəaliyyətinin koordinasiyasının təşkili, növbəti görüşə regionlarda və universitetlərdə fəaliyyət göstərən İctimai Şuraların da dəvət edilməsi, sosial yardımların monitorinqi, sosial şəbəkələrdə məqsədli şəkildə yayılan, dövlətin sosial siyasətinin gözdən salınmasına yönələn saxta məlumatlara qarşı aktiv şəkildə münasibətin bildirilməsi, istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması, dövlət qurumlarınin yaratdığı İctimai Şuraların qarşılıqlı effektiv şəkildə fəaliyyətinin təmin edilməsi üçün "İctimai İştirakçılıq haqqında" qanuna müvafiq əlavələrin də edilməsi üçün təkliflərin hazırlanması və s. kimi müxtəlif təkliflər səsləndirilib. 11 mərkəzi icra hakimiyyəti orqanının - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şura sədrləri və üzvlərinin iştirak etdiyi toplantıda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasında İctimai Şuraların rolu geniş müzakirə edilib. İclasda vurğulanıb ki, cəmiyyətin aparıcı institutlarından biri kimi QHT-lər yaşlı vətəndaşlara sosial xidmətlərin göstərilməsindən, vətəndaşların karantin rejimi ilə bağlı maarifləndirilməsinə qədər bütün sahələrdə göstərdiyi fəaliyyətini daha da gücləndirməlidir. Konfransda dünyanın bütün ölkələrinin pandemiya ilə mübarizə apardığı, karantin rejimi tətbiq etdiyi indiki dövrdə dövlətimizin və millətimizin əleyhinə fəaliyyət göstərən xəyanətkarlara da birmənalı şəkildə etiraz bildirilib.

Toplantının yekununda qəbul edilən bəyanatda Əli Kərimlinin və özlərini Milli Şuranın üzvləri adlandıran digər xəyanətkarların xaricdəki havadarlarının birbaşa iştirakı ilə ölkəmizə qarşı hədyanlar yağdırması, anti-Azərbaycan şəbəkəsinin ölkəmizin və millətimizin əlehinə apardığı təxribatlar birmənalı şəkildə pislənilib.

İctimai Şuraların üzvləri ilə keçirilən görüşdə irəli sürülən bütün təkliflər Şura tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub. Aprelin 15-də onlardan biri ilə bağlı (istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması) hökumət müsbət qərar verib. Qərara görə istilik mövsümünün müddəti aprelin 25-nə qədər uzadılıb.

Aprelin 14-də Şuranın qhtxeber.az saytı maddi imkanı zəif olan, yardıma ehtiyacı olan insanların aşkarlanması, bunla bağlı məlumatların vahid bazaya toplanması və cəmiyyətin müxtəlif imkanlı üzvlərinə müraciət etməklə həmin şəxslərə dəstək kampaniyası keçirməyə başlayıb.

Şura aprelin 17-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak üçün müraciət edib. Mərkəzi Qan Bankı aksiyaya qoşulanların sayının çoxluğunu nəzərə alaraq Şuranın bu aksiyada iştirakını mayın 20-nə təyin edib. Mayın 20-də saat 10:00-da Mərkəzi Qan Bankında Şura sədri, Katiblik əməkdaşları ilə yanaşı QHT nümayəndələri də qanvermə aksiyasında iştirak edəcək.

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi elan olunan ilk günlərdən etibarən QHT-lər dövlət başçısının çağırışına qoşularaq əhalinin həssas təbəqəsindən olan aztəminatlı ailələrə yardımlar göstərməyə başlayıb. 90 QHT bu prosesdə aktiv iştirakı ilə seçilib. 9 QHT bu yardımları Şuranın maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində göstərib. 81 təşkilat isə bu yardımları könüllü qaydada və öz hesabına həyata keçirib. Vətəndaşlara öz imkanı hesabına kömək edən QHT-lər 4000 ailəyə ərzaq, 6748 nəfərə tibbi ləvazimat və dərman, 5 nəfərə əlil arabası, 119 nəfərə isə müxtəlif növ maliyyə yardımı edib.

Xüsusi ilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin paytaxtda və ölkənin bütün regionlarında həssas təbəqədən olan on minlərlə ailəyə yardım etməsi vətəndaş həmrəyliyinin gücləndirilməsinə çox böyük töhfə verib.

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay QuliyevMətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edib. 270 nəfər QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Pandemiya ilə mübarizədə QHT sektorunun rolu və üzərinə düşən vəzifələr" və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Pandemiya ilə mübarizədə medianın üzərinə düşən vəzifələr və mövcud durum" mövzusunda məruzə ilə çıxış edib.

Konfransın yekununda dövlət başçısına müraciət qəbul olunub. Müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi cənab prezidentin rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına inamını ifadə edib. Konfrans iştirakçıları həmçinin, anti-Azərbaycan siyasəti həyata keçriən xarici dairələrin alətinə çevrilən margianl siyasi quruplara kəskin etiraz edərək dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyədiyini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Şura sədrinin təşəbbüsü ilə ümummilli məsələlərlə bağlı fikir və təkliflərinin öyrənilməsi, xüsusilə ictimai rəyə təsir imkanı olan tanınmış QHT rəhbərlərinin fəaliyyətinin koordinasiya olunması məqsədilə QHT sektorunda çalışan mütəxəssislərdən ibarət "İctimai liderlər" adlı qrup yaradılıb. "İctimai Liderlər" qrupunun aprelin 20-də keçirilən onlayn iclasında birgə fəaliyyətin təşkili, pandemiya ilə mübarizədə mövcud vəziyyətin qiymətləndirilməsi, mümkün risklər və onların qarşısının alınması istiqamətində fəaliyyət mexanizmləri geniş müzakirə edilib.

Şura koronavirusa qarşı mübarizə sahəsində ölkədaxili fəaliyyətlərlə yanaşı Beynəlxalq xeyriyyə aksiyasında da iştirak edib. Aprelin 29-da Rusiyanın "Rus Velikaya" Beynəlxalq Fondunun keçirdiyi immunitet estafentini Şuranın koordinatorluğu ilə Azərbaycan QHT-ləri götürüb. Rusiyanın müxtəlif tanınmış saytlarında Azərbaycan QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb. 30 QHT-nin iştirak etdiyi bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yaşayan 100-ə qədər yaşlı vətəndaşımıza ərzaq yardımları göstərilib.

Mayın 6-da Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib. Konfransda vurğulanıb ki, dövlət qurumlarında neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmin edilməsi üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Toplantıda Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizənin sistemli və ardıcıl xarakter daşıdığı və bu çətin mübarizədə ictimai sektorun dövlət başçısını birmənalı və qətiyyətlə dəstəklədiyi bildirilib.

Konfransda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Toplantıda məlumat verilib ki, Şura ilə AzTv-nin birgə layihəsi kimi həftəlik "İctimai nəzarət" adlı televiziya verilişinin hazırlanması haqqında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovla razılıq əldə olunub.

Konfransda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkilinə və ümumilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür məktubu ünvanlanıb.

Mayın 7-də Şuranın 2020-ci ildə birgə qrant müsabiqəsi keçirdiyi 26 dövlət orqanı və digər qurumların nümayəndələrinin, eləcə də Şura Katibliyinin əməkdaşlarının iştirakı ilə onlayn müzakirə keçirilib. Müzakirədə cari ilin mart ayının 6-da birgə qrant müsabiqələri çərçivəsində qalib olan layihələrin növbəti dövrlərdə icra vəziyyəti geniş müzakirə olunub.

Şura hökumətin sosial sahədə həyata keçirdiyi ardıcıl və qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını və dəstəyini təmin etmək məqsədilə tərəfdaş olduğu dövlət orqanları və digər qurumlarla birgə həyata keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra QHT layihələrinin mövzularının və fəaliyyət planının razılıq əsasında dəyişdirilərək koronavirusla mübarizə məqsədilə tətbiq olunan karantin rejimi dövründə sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəltməyi təklif edib. Dövlət qurumlarının nümayəndələri Şuranın bu təklifini dəstəklədiklərini bildiriblər. Müxtəlif mövzularda təlim, seminar və çoxlu sayda vətəndaşları cəlb etməklə keçirilməsi nəzərdə tutulan digər kütləvi tədbirlərin təşkilini özündə əks etdirən layihələrin siyahısının hazırlanması və həmin layihələri müvafiq dövlət qurumları ilə razılaşdırılması barədə Şura Katibliyinə müvafiq tapşırıqlar verilib.

Bundan irəli gələrək Şura 2020-ci ildə maliyyələşməsi barədə qərar qəbul etdiyi 429 layihədən 314-nün mövzusu dəyişdirilərək sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəltməyi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edib.
Mayın 13-də Şuranın Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib. Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa QHT rəhbərlərinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı, çıxışlar dinlənilib və müzakirələr aparılıb.

Ötən müddət ərzində paytaxt QHT-ləri ilə yanaşı həmçinin, Mingəçevir, Şirvan, ŞəmkirQəbələ və Qubada fəaliyyət göstərən QHT-lərin regional resurs və təlim mərkəzləri də dövlət qurumları, ictimai və özəl sektorla əlaqəli şəkildə çalışaraq vətəndaşların koronavirus təhlükəsindən xilas olması üçün aktiv fəaliyyət göstərib.

Mart ayından etibarən Şuranın təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətin bu qısa xronologiyası bir daha göstərir ki, qeyri-hökumət təşkilatları ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə başlanan gündən bütün sahələrdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə birmənalı və fəal şəkildə dəstək verir. Şuranın koordinatorluğu ilə sosial şəbəkələrdə, televiziyalarda, qəzetlərdə, saytlarda, həmçinin, küçə və parklarda karantin rejiminə əməl edilməsinin vacibliyi və koronavirusun yaratdığı təhlükə barədə maarifləndirmə işləri aparılmasından, həssas təbəqədən olan vətəndaşlara ərzaq yardımlarının göstərilməsinə, anti-Azərbaycan qüvvələrin, xəyanətkar siyasi qrupların təxribatlarına qarşı birmənalı və kəskin mövqeyin ifadə olunmasınadək bütün sahələrdə davamlı və uğurlu fəaliyyət göstərən QHT-ləri bu prosesin əsas ictimai aktorlarından biri hesab etmək olar.

COVID pandemiyasının insanlar üçün yaratdığı təhlükənin başa çatacağı yekun tarix isə hələ də bəlli deyil. Bu cəhətdən ümummili problemlərin həlli ilə bağlı cəmiyyətdə həmrəyliyin daha da gücləndirilməsi, dövlətçiliyin ətrafında sıx şəkildə birləşilməsi aktual olaraq qalmaqdadır. İnanıram ki, cəmiyyətin başlıca ictimai institutlarından olan QHT-lər qeyd olunan bu prosesə bundan sonra da töhfə verməkdə davam edəcəklər. Bu işdə ictimai institutlar da daxil olmaqla bütün qurumlar və vətəndaşlar üçün cənab prezident İlham Əliyevin martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi konseptual fikirlər mükəmməl yol xəritəsi mahiyyəti daşıyır: “Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".
 


Digər xəbərlər
SON XƏBƏRLƏR