"Cərimə faizi, dəbbə pulu və digər ödənişlər tutulmur" - Gecikdirilən kreditlərlə bağlı vəziyyət necədir?

img

07-05-2020 [19:45]


Azərbaycan Mərkəzi Bankı (AMB) Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.

Bu qərarda diqqət çəkən məsələlərdən biri banklara kredit ödənişlərinin gecikdirilməsinə görə sentyabrın 30-na qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının kredit təşkilatlarına tövsiyə edilməsi məsələsi olub. Lakin əhali arasında gəzən məlumatlara görə bəzi banklar bu tövsiyələrin icrasına əməl etmirlər və müştərilərdən kredit üzrə ödənişləri ödəməyi çağırırlar.

Bununla bağlı "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev “Report”a verdiyi açıqlamada bildirib ki, banklar Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı” ilə irəli sürülən bütün tövsiyələri yerinə yetirir:

"Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nda fiziki şəxslərlə bağlı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən pandemiyadan zərər çəkən sahələrdə çalışan insanlara verilən ipoteka kreditlərinin Fondun razılığı və bankın müştərilərinin müraciəti əsasında vaxtının uzadılması və sentyabra qədər cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması qeyd olunub.

Biznes üzrə 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyası, Sahibkarlığın İnkişaf Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə verilmiş kreditlərin onların razılığı ilə və həmin fondların qaydalarında dəyişiklik edilməklə restrukturizasiya edilməsinə imkan yaradılması və 30 sentyabra kimi bu kreditlərin restrukturizasiya müddətinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün yerdə qalan müştərilər üçün isə yalnız cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilib.

Bir sözlə, tədbirlər planında nə yazılıbsa, biz onların hamısını icra edir və orda qeyd edilən tövsiyələrin hər birinə əməl edirik. Heç bir şəkildə demək olmaz ki, tədbirlər planında nəzərdə tutulmuş hər hansı bir tədbir banklar tərəfindən həyata keçirilmir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankının qərarı çıxan kimi biz məsələni banklarla müzakirə etdik. Bütün banklar yekdil şəkildə tədbirlər planında nəzərdə tutulan bu tövsiyələrin icra edilməsini qəbul etdiklərini bildirdilər. Orada hansı tədbirlər nəzərdə tutulubsa, biz onların hamısını edirik. Bundan başqa banklar müştərilərin müraciəti əsasında pandemiyadan təsirlənən sahələrlə bağlı məsələlərə də baxırlar. Bu fərdi yanaşmalar hər zaman olub, bu gün də var və hər zaman da olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR