Cinayətə görə cərimə və cəza müddətinin müəyyənləşdirilməsi haqda yeni qaydalar bəlli oldu

img

01-05-2020 [15:31]


Cinayət Məcəlləsinə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla cərimənin yeni müəyyənləşdirilməsi qaydası əlavə edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla 20 min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin)1 mislindən 10 mislinədək miqdarda cərimə müəyyən olunub.

Təklif edilən dəyişikliyə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla həm də cinayət predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunub.

Eyni zamanda məhkumların islah işləri, cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması qaydalarına da dəyişiklik edilib. Təklif olunan dəyişikliyə əsasən, intizam xarakterli hərbi hissədə saxlamanın bir günü islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü deyil, dörd gününə bərabər tutulacaq.

Cinayət Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni 68.3 və 68.4-cü maddələrə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlığın məhdudlaşdırılmasının 1 gününə islah işlərinin 2 günü, ictimai işlərin 4 saatı bərabər tutulacaq. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən islah işlərinin 1 gününə ictimai işlərin 2 saatı bərabər tutulacaq.

Məcəlləyə dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR