KİVDF-də yoxlama: "Rauf Arifoğlu deyirdi ki..." -  Vüqar Səfərli "gözükölgəli deyiləm" deyir

img

15-04-2020 [22:27]


“Fondun fəaliyyəti ilə bağlı hər üç ilin yekununda araşdırma aparılır. İndi aparılan araşdırma da bununla bağlıdır. Mənim çəkinəcəyim heç nə yoxdur”.

Bu sözləri Musavat.com-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərli deyib.

Vüqar Səfərli barəsində yazılan yazılara münasibət bildirərkən söyləyib ki, bu günə qədər olan fəaliyyətində heç bir nöqsan olmayıb və hər hansı bir araşdırmadan da narahat deyil.

“Araşdırma mənim fəaliyyətimlə bağlı yox, Fondun fəaliyyəti ilə bağlıdır. Bu yoxlama Fond yaradılandan Maliyyə Nazirliyi tərəfindən hər 3 ilin sonunda aparılan yoxlamadır. Bu da qanunun tələbidir. Bizə nə qədər pul ayrılıb, biz hansı işləri görmüşük və fəaliyyətimiz haqqında yoxlamalardır. Fonda pul ayrılanda onun təyinatları da müəyyən edilir. Maliyyə Nazirliyi tərəfindən həyata keçirdiyimiz layihələrə ayrılan pullar xəzinədarlığa daxil olub. Biz də gördüyümüz işlərin hesabatını vermişik. Ayrılan vəsaitin başqa yerə xərclənməsi mümkün deyil, çünki əvvəlcədən müəyyən edilən təyinat üzrə ayrılırdı. Əsas fəaliyyətimiz də qəzetlərin maliyyələşdirilməsi olub və işlədiyiniz müddətdə də bunu tam şəkildə həyata keçirmişik. Nə ayrılıbsa, hamısı da aidiyyatı üzrə ödənilib.

İndi bilməyən adamlar deyir ki, Vüqar Səfərlinin fəaliyyəti araşdırılır. Bu Fondun fəaliyyətinin araşdırılmasıdır və bunda da heç bir problem yoxdur”- deyə Vüqar Səfərli açıqlamasında bildirib.

Vüqar Səfərli suallarımıza cavab olaraq bildirib ki, Fondun yeni rəhbərliyi ilə görüşüb və təhvil-təslim işləri də görülüb:

“Yeni rəhbərliklə görüşmüşəm. Heç bir problem və narazılıq yoxdur. Mənə aid olan möhürü və digər sənədləri təqdim etmişəm. Digər məsələlərə bağlı isə araşdırma aparılır. Mənim özümü narahat edən heç bir məsələ yoxdur”.

Vüqar Səfərli Fondun rəhbəri olduğu müddətdə öz yaxın çevrəsində olan şəxslərin müsabiqələrdə, layihələrdə önə çıxarılması, onlara dəstək olunması ilə bağlı ittihamlara da cavab verib.

Bu ittihamların da əsassız olduğunu deyən V.Səfərli bildirib ki, əgər öz çevrəsi, yaxınları ilə bağlı deyilənləri sübut edə bilənlər varsa, ad çəkə bilərlər:

“Açıqlasınlar ki, mən öz yaxınlarımdan kimə güzəşt etmişəm? Layihələr üçün tenderlər keçirilib. Müşahidə Şurasında müzakirələr aparılıb. İstəsək də bunu edə bilməzdik.

Bizim fəaliyyətimiz həmişə mətbuatın gözü qarşısında olub. Keçirdiyimiz tədbirlər əsasən jurnalistlərin mükafatlandırılması ilə bağlı olub və bunu da hamı bilir.

Bütün fəaliyyətimiz qanun çərçivəsində olub. Nə böyük layihələrimiz olub ki, bunu da kimdənsə gizlədək? Gördüyümüz bütün işlər də saytda yerləşdirilib və hamı tanış ola bilər. Bütün fəaliyyətimiz, gördüyümüz işlər qəzetdə də çap edilib və hesabatını vermişik. Adi dəftərxana ləvazimatı almaq istəyəndə belə tender keçirilib.

Bu günə qədər heç bir qəzetin bizim Fonddan şikayəti olmayıb. 11 il rəhbəri olduğum Fonddan bircə dəfə də olsun sizin qəzetin rəhbərliyinin şikayəti olmayıb. Rauf Arifoğlunun yaxşı bir sözü var. O həmişə deyirdi ki, Fond bizim üçün “ASAN xidmət” olub. Bütün qəzetlər üçün belə olmuşuq. Qapım hər bir jurnalistə açıq olub. Əlimdən gələn hər problemlərinə kömək etmişəm.

Mənim media nümayəndələri ilə yaxşı münasibətlərim olub. Elə bir fəaliyyətim olmayıb ki, kiminsə yanında gözü kölgəli olum”.

V.Səfərli sonda bildirib ki, indi bir müddət dincəlməyi düşünür: “11 il Fondda işləmişəm. Bu gün prezidentimizin məsləhəti belədir. Yenilənmə gedir və bizim də borcumuzdur ki, onlara dəstək verək. Kimlərsə kənardan nəsə deyir. Bu, həmişə belə olub.

Fondun yeni rəhbərliyi ilə görüşəndə də demişəm ki, mənlik nə kömək olsa etməyə hazıram.

İndi dincəlmək istəyirəm. İşim çox ciddi və çətin olub. Mənim müavinim, aparat rəhbərim, şöbə müdirim olmayıb. Mən məzuniyyətə gedəndə belə yerimə təyin ediləcək şəxs belə olmayıb. Heç vaxt bir aylıq məzuniyyətə getmək imkanım olmayıb. 15 gündən artıq qala bilmirdim ki, işlərdə problem yaranar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:59 24.05.2020

NANKORLUQ...