QIRMIZI RƏNGLİ MAŞINLAR...

img

29-03-2020 [23:41]


Səxavət TAĞLAR,

Əməkdar müəllim.

****

Korona təhlükəsi bizi "evdə qal, sağlam qal" çağrışına gətirdi. Evdəyik. Ev təsərrüfatı ilə məşğul olan kim, kitab oxuyan kimi, film və tamaşalara baxan kim, xəbərləri izləyən kim...

...Nə yaxşı ki, evimizin pəncərəsi Araz cayına açılır. Pəncərədən Arazın ecazkar mənzərəsi, onun sağ və sol sahillərini birləşdirən körpünün üstündən şütüyən maşınlar, təbiətin oyanışı, quşların nəğməsi necə gözəl görünür və eşidilir. Qəlbimiz rahatlıq tapsa da dünyanı lərzəyə gətirən korona təhlükəsi heç yaddan çıxmir...

Adi günlərdən biridir. Vaxtımızı "öldürən", canlı "ekran-efir" pəncərəmizin qarşısındayıq.

Sükutu nəvəm Şəbnəm pozur:

-  Baba!

- Eşidirəm, canım!

- Bir körpünün üstündə şütüyən maşınlara baax.

- Baxıram, qızım. Nədi ki?

- Baba, orada maşınların bir-birini ötməsi qadağandır. İndi gör nə qədər sürücü yol-hərəkəti qaydasını pozur.

- Qızım, narahat olma. Qaydanı pozan hər bir sürücü orada quraşdırılmış kameraya düşür, mütləq cərimə ödəyəcəklər.

Şəbnəmin sorğusunu yenicə cavablandırmışdım ki, bacısı Zeynəb başladı:

- Baba, mən də onların ötüşünü izləyirəm.

- Əcəb eləyirsən.

- Bilirsən, nəyi müşahidə etmişəm?

- Nəyi?

- Qırmızı rəngli maşınlar daha sürətlə gedir. Bütün maşınları keçir. Bu, niyə belədir?

Zeynəbin sualı məni uşaqlıq illərinə apardı. Bir əhvalat yadıma düşdü. Şəhərə gedirdik. Eyni vəziyyəti mən də görüb sürücüyə sual vermişdim.

Yaşlı və nurani kişinin cavabı heç yadımdan çıxmır:

- Burada qeyri-adi heç nə yoxdur. Avtomobil almaq istəyən hər kəs maşın bazarına çıxır, alacağı maşının markasını və rəngini seçir. "Dəli qırmızı sevər" məsəlində deyildiyi kimi qırmızısevərlər yəqin ki, maşını dəlicəsinə və sürətli sürürlər...
Nə yaxşı ki, uşaqlıq xatirələrimin bu anları yadıma düşdü, köməyimə çatdı.

Odur ki, Zeynəbin sualına öz dilindən cavab almaq istədim:

- Qızım, sən bilirsən dəli hansı rəngi sevir?

- Hə, niyə bilmirəm. Kitabımızda bir məsəl də var:" Dəli qırmızı sevər"

- Bu məsəl ilə sualına cavab tapa bildin?

- Hə, hə, başa düşdüm... Baba, onda bilirsən kimlərin maşını qırmızı rəngdədir?

- Kimlərin?

- Dostun Seymurun, müəllimimiz Elçinin, qonşumuz Əlinin, polis Rəsulun və bir də...

- Bir də kimin?

- Baba, cavan vaxtı mənim də ilk maşınım qırmızı rəngdə olub - deyirdin.

....Susmağımdan Zeynəb söhbətin məntiqcə yanlış olduğunu anladı. Odur ki, ixtiyari olaraq boynuma sarılıb könlümü almağa çalışdı:

- Baba, Ulu Tanrı xalqımızı bu koronavirus təhlükəsindən qorusun. Tezliklə biz məktəbimizə, Siz də işinizə gedəsiniz. Nə qədər bu təhlükə var, biz evdəyik, Sizinləyik, birlikdəyik! TV-lərdən dərsimizi izləyirik, " evdə qal, sağlam qal" təşəbbüsündəyik...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR