Azərbaycanda 25 nəfərdə koronavirus aşkarlanıb - 560 nəfər karantindədir

img

16-03-2020 [17:55]


“İndiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb: “Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar”.

Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib ki, ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır: "Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır”

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bu, vəziyyətdən asılıdır: “Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR