Mətbuat xidmətinin rəhbərini təhdid edən şəxsə hökm oxundu

img

03-03-2020 [20:32]


Nəsimi rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyevi ölümlə hədələməkdə təqsirləndirilən Fərid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə E.Hacıyevin vəkili Cavid Cəfərov məlumat verib.

O bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə Fərid Quliyev Cinayət Məcəlləsinin 134.1 (ölümlə hədələmə) və 228.1-ci ( qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, Fərid Quliyev ötən ilin noyabr ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs olunub və bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb: ""Evez VAhidoviç" adlı sosial şəbəkə istifadəçisi "facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və "Makarov" tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR