"Onlar DSK-nın qərarından bizə təkrar şikayət edə bilərlər” - Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir?

img

17-02-2020 [12:33]


Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər və siyasi partiyalar tərəfindən yuxarı seçki komissiyalarına şikayət proseduru açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli deyib ki, seçki subyektləri seçki məntəqəsində qanun pozuntuları aşkar edərsə, bununla əlaqədar həmin gün məntəqə seçki komissiyasına müraciət etmək hüququ var.

Seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq dairə seçki komissiyasına (DSK) müraciət edə bilər. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət 10, 11 və 12 fevral tarixlərini əhatə edir. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatır. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

MSK isə Seçki Məcəlləsinə uyğun olaraq, maksimum 20 gün müddətində müraciətlərlə bağlı qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir. MSK fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalı, seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

“Seçki subyektlərinin MSK-nın qərarlarını apelyasiya məhkəməsində mübahisələndirmək hüququ da var. Apelyasiya məhkəməsinin qərarından narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi də MSK-nın təqdim etdiyi sənədlərlə paralel Ali Məhkəmənin göndərdiyi sənədlərə də baxır. Bu proses Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyənə qədər başa çatmalıdır. Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir”, - deyə M. Rəhimli bildirib.

Prosedurdan aydın olur ki, MSK ən gec fevralın 28-də Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurarsa, 24 saat müddətində, yəni fevralın 29-da sənədləri Konstitusiya Məhkəməsinə təqdim edərsə, Konstitusiya Məhkəməsi maksimum martın 10-dək Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyəcək.

MSK katibi onu da qeyd edib ki, məntəqədə baş verən hadisələrlə əlaqədar birbaşa MSK-ya müraciət etmək olmaz, bu, ancaq DSK-da mübahisələndirilə bilər: "Əgər DSK-ya müraciət etmədən MSK-ya müraciət olunubsa, MSK həmin məsələyə baxılması üçün müraciəti DSK-ya göndərmək hüququna malikdir. Əgər məsələyə MSK-da baxılıbsa, seçki subyektinin MSK-nın qərarı ona təqdim edilən vaxtdan 3 gün ərzində apelyasiya məhkəməsinə şikayət etmək hüququ var".

Yeri gəlmişkən, bəzi namizədlər məntəqələrdə onlara təqdim edilən protokollarda hər hansı problem olmadığı, pozuntunun DSK-da baş verdiyini iddia edərək birbaşa MSK-ya müraciət etdikləri və məsələyə məhz MSK-nın baxmalı olduğunu vurğulayırlar.

MSK katibi isə deyir ki, deputatlığa namizədlər MSK-ya müraciət edə bilərlər: “Amma MSK müraciəti araşdırmayacaq. Çünki MSK-nın məntəqə seçki komissiyalarında baş verən hadisələri birbaşa araşdırmaq hüququ yoxdur. Ona görə də MSK həmin müraciətləri DSK-ya göndərir. Seçki məntəqələrində baş verənləri DSK araşdırır. Əgər şikayətçi qane olmursa, DSK-nın qərarından MSK-ya şikayət edə və məsələ MSK-da mübahisələndirilə bilər”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı