Xaləddin Yarıyevə şərti cəza verildi

img

14-02-2020 [13:56]


Abşeron rayonunda mişardaşı karxanası və əhəngdaşı yataqlarında qanunsuz fəaliyyət göstərən sahibkar Xaləddin Yarıyevə şərti cəza verilib.

“Report”un xəbərinə görə, Abşeron Rayon Məhkəməsi X.Yarıyevin 4 il 6 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə hökm çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək X.Yarıyev barədə şərti məhkumetmənin ləğv edilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib və X.Yarıyev barədə şərti cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub.

Aparılmış istintaqla qeyd edilən sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da "Günəş" kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat ziyan vurması müəyyən edilib.

Xaləddin Yarıyevə Cinayət Məcəlləsinin 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq) 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

İbtidai istintaq zamanı X.Yarıyev tərəfindən 337 321 min manat ziyandan 109 min 400 manatı ödənilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR