“GünayBank"da sensasion fırıldaq: “3 milyon 500 min verdim, sonra 2 milyon istədi..."

img

07-02-2020 [20:29]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Orxan Vəliyev məhkəməyə məktubla müraciət edərək hazırda Avstriyada olduğunu, məhkəmə proseslərinə qatıla bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Hakim təqsirləndirilən Emin Zeynalova ifadə verməyi təklif edib. E.Zeynalov hazır olmadığını, növbəti məhkəmə iclasında sərbəst ifadə verəcəyini deyib.

Hakim proses iştirakçılarının diqqətinə çatdırıb ki, digər zərərçəkmiş İlkin Nuriyev 1 saylı Psixatrik Xəstəxanada müalicə olunması səbəbindən məhkəmə proseslərinə gələ bilmir. Bununla bağlı yanvarın 10-da Psixatrik Xəstəxanadan məhkəyə məktub daxil olub.

Məhkəmədə zərərçəkmiş İlkin Nuriyevin istintaqa verdiyi ifadəsi elan edilib. İ.Nuriyev ifadəsində fərdi sahibkarlıqla məşğul olduğunu, Emin Zeynalovu yaxından tanıdığını, anasının Eminin atası ilə birgə bankda işlədiyini göstərib. Həm dostu Ramin Soltanov, həm də özü Eminə bankda dövriyyəyə buraxmaq üçün külli miqdarda pul veriblər.

“Əvvəlcə 500 min manat Raminə verdim ki, Eminə çatdırsın. Üç-dörd ay ayda 10-12 min manat verdi. Sonra pul lazım oldu deyə pulun hamısını geri aldım. 2017-ci ildə yenə də Eminə pul verdim. Ramin özü də ona pul verirdi”- İ.Nuriyev istintaqa verdiyi ifadəsində deyib.

Zərərçəkmiş ifadəsində 2018-ci ilə kimi dəfələrlə E.Zeynalova külli miqdarda pul verdiyini, sonuncu sözünə əməl etdiyinə görə ona inamı yarandığını, amma sonradan Eminin pulları da götürüb xaricə qaçdığını deyib: “Ramin dedi ki, Emin başqa şəxslərin də pullarını götürüb xaricə qaçıb. Mən də onun barəsində şikayət etdim. Ümumilikdə Eminə 750 min manat vermişəm”.

Daha sonra zərərçəkmiş Əmrah İldırımzadənin istintaqa verdiyi ifadəsi elan edilib. Zərərçəkmiş ifadəsində fərdi sahibkarlıqla məşğul olduğunu, E.Zeynalovu bank sektorunda işlədiyinə görə tanıdığını, əvvəlcə 100 min manat verdiyini, qəbz almadığını deyib: “Heç bir sənədə imza atmadım. Hər ay 2-3 min manat qazanc verirdi. Elə olurdu bir ay gecikirdi. Emin işlərinin yaxşı getmədiyini deyirdi. Əlavə olaraq yenə də ona pul vermişdim. Bir müddət sonra isə Eminlə əlaqə saxlamağa cəhd etsəm də, telefonuna zəng çatmadı. Sonradan eşitdim ki, məndən başqa müxtəlif şəxsləri aldadaraq onlara qarşı dələduzluq edib”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bilidirib.

Hakim hazırda Vyana şəhərində olduğu bildirilən zərərçəkmiş Orxan Vəliyevin istintaqdakı ifadəsinin məhkəmədə elan edilməsinə etirazlarının olub olmaması ilə bağlı proses iştirakçılarının fikrini soruşub.

E.Zeynalovun vəkili Kamandar Nəsibov Orxan Vəliyevin məhkəmədə iştirakının vacib olduğunu deyib: “O özü mütləq məhkəməyə gəlib ifadə verməlidir. Çünki bu ittiham Orxan Vəliyevin üzərində qurulub”.

Hakim cinayət işi üzrə zərərçəkmiş kimi tanınan şəxslərin çağırılıb məhkəmədə dindiriləcəklərini açıqlayıb.

Prosesdə O.Vəliyevin də istintaqa verdiyi ifadəsi elan edilib. Zərərçəkmiş ifadəsində rəsmi olaraq heç yerdə işləmədiyini, sahibkarlıqla məşğul olduğunu, tez-tez “Günaybank”a gedərək pul dəyişdiyini, E.Zeynalovu da həmin vaxtlarda tanıdığını, aralarında dostluq münasibəti yarandığını deyib: “3 milyon 500 min manat verdim. 21 gün sonra əsas məbləği qaytarmaqla 150 min avro da qazanc verdi. Mənə deyirdi ki, etibar etdiyin dostların varsa onları da gətir. Sonra 2 milyon da sürücüm Elşən vasitəsilə yolladım. Emin dedi ki, pulla birgə qazanc da olacaq. Əlavə 2 milyon da istədi. Yenə də sürücüm vasitəsilə yolladım. Eminə yüksək etimadım vardı, inanırdım. Rahim də, Araz da Eminə pul verirdilər. Rahib qızıl-zinət əşyalarını satışı ilə məşğul olurdu. Mən xaricdə olanda Emin yenə də əlavə olaraq 1 milyon pul istədi. Artıq ondan şübhələnirdim, amma biruzə vermirdim. Azərbaycana qayıdanda Eminlə əlaqə saxlaya bilmədim. Eşitdim ki, ölkədən qaçıb. Mən də polisə şikayət etdim”.

Məhkəmə prosesi fevralın 11-də davam edəcək.

İttihama görə, Emin Zeynalov 2012-ci ildən etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Özgənin əmlakını ələ keçirmək məqsədilə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici valyuta bazarında yüksək gəlirli valyuta mübadiləsi əməliyyatları həyata keçirən, uzun müddət bank sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübəyə malik tərəfdaş kimi təqdim edib.

Müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün bankdan kənar müstəqil şəkildə həyata keçirəcəyi valyuta mübadiləsi əməliyyatlarından əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalandan vəd verməklə onların etibarını qazanıb.

Bu məqsədlə Emin Zeynalov 2016-cı ilin sentyabr ayında Rəşad Qəribdən 200 min dollar alıb. Həmçinin, 2017-ci yanvarında bacısının əri Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, Məmməd Nəzərəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1,4 milyon, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb.

E.Zeynalov iş yoldaşı Xalidə Məmmədovanın özünəməxsus mənzili satdığını və yeni mənzil almaq niyyətində olduğunu öyrənib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR