AZƏRBAYCAN TARİXİNİN QANLI YANVARI - TARİXİ FOTOLAR

img

19-01-2020 [18:47]


Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 30 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Soyuq qış günündə doğan azadlıq günəşi

Həmin Qanlı Yanvar günündən artıq 30 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır.

Bu soyuq qış gecəsində Bakının küçə və meydanları insanlarla dolu idi. O gecə ürəklərə yalnız bir hiss hakim kəsilmişdi: öldü var, döndü yoxdu. İnsanların gülləyə tutulduğu, tankların altında əzildiyi bu qış gecəsi, əslində, azadlıq günəşi doğurdu. Bu, tariximizdə dönüş nöqtəsi oldu və çox keçmədən Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Şəhidlər tarixə azadlıq müjdəsi gətirən qaranquşlar kimi düşdü.

Ötən 30 ildə Azərbaycanın siması müqayisəolunmaz dərəcədə dəyişib. 90-cı ilin Bakısından, 30 il əvvəlki Azərbaycandan əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. Xalq 30 il əvvəl bunu arzulayırdı, onun qəhrəman oğul və qızları canını bu amala görə qurban verdilər. Ötüb keçən illərin və zamanın axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər. Bu, əsl paradoksdur.

 

Ulu öndər Heydər Əliyev xalqına dayaq oldu

O vaxt Moskvada yaşayan Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza böyük dayaq oldu. Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Bir xalqın başına gətirilən müsibətin bu gün on minlərlə canlı şahidi var. İmperiya qoşunlarının 30 il əvvəl Bakıda törətdiyi hərbi cinayətin digər təkzibolunmaz dəlil-sübutu fotoşəkillərdir. AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Sayrışan güllələrin işıqlandırdığı qanlı Bakı gecəsinin, şəhidlərin dəfnində yaşanan izdihamın, insanların kədərli simalarının və digər epizodların əks olunduğu bu fotolar bizi o günlərə qaytarır.

20 Yanvar faciəsinə bir günün ərzində baş verən hadisə kimi baxmaq olmaz. Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Həmin günlər küçə və meydanlarda çəkilmiş fotolar 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyəti, xalqımızın azadlıq ruhunu əks etdirir.

Qanlı 20 Yanvar rəqəmlərdə

Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər hər kəsə atəş açırdılar. Həmin gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”.

Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi. Onlar yanvarın 20-nə keçən gecə Bakıda misli-bərabəri görünməmiş vəhşiliklər törətdilər.

“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

 

Faciənin və qəhrəmanlığın bir arada yaşandığı gün

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimi çox qürurverici məqam idi. Dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi.

Həmin vaxt çəkilmiş fotolar özündə bu qürurverici anları yaşadır.

Vətənin azadlığı naminə canlarını qurban verən həmin insanlar milyonlara fədakarlıq dərsi keçdilər. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

 

 

Şəhidlər xiyabanı xalqımızın yenilməz iradəsinin rəmzidir

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

 

Şəhidlər xiyabanı Azərbaycan xalqının 30 il əvvəl məruz qaldığı böyük faciə ilə yanaşı, yenilməz iradəsinin rəmzidir. Özündə ümummilli kədər və iztirabı əks etdirməklə bərabər, həm də mübarizlik məktəbidir.

Bu müqəddəs məkanı hamı ziyarət edir. Buraya gələn müxtəlif yaşlı insanlar şəhid məzarları önündə ayaq saxlayır, onların xatirəsinə hörmət və ehtiramlarını bildirirlər. 20 Yanvar günü isə Şəhidlər xiyabanına əsl insan seli axışır. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki məhz bu xiyabanda uyuyanların fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getməyib, azadlıq və müstəqillik arzuları həqiqətə çevrilib/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq