Bakının iki icra başçısı arasında anlaşılmazlıq: bəs sakinlərin dərdlərinə kim əlac olacaq?

img

18-01-2020 [13:26]


Bakının Binə qəsəbəsinin bəzi sakinləri saytımıza müraciət edərək yollarının bərbad vəziyyətdə olması ilə bağlı şikayətlərini yazıblar.

“Yeni Sabah”a üz tutan sakinlər bildiriblər ki, onların yaşadığı ərazi Binə sovxoz sahəsində “Sağagedən yol” adlanır. Onlar yaşadıqları ərazidə küçələrin rəsmi adları olmadığı olmadığı üçün də problemlərinin müəmmalı şəkildə qaldığını deyiblər.

Sakinlərin sözlərinə görə, yaşadıqları ünvana kommunal ödənişlərlə bağlı göndərilən qəbzlərdə ərazinin Xəzər rayonuna aid olduğu qeyd olunur. Hətta sakinlərin heç bir probleminə çarə olmayan, onlarla maraqlanmayan Xəzər rayonu, Binə qəsəbəsinin bələdiyyəsi də onlara torpaq ev vergisi ilə bağlı qəbzlər göndərir. Lakin Xəzər Rayon İcra Hakimiyyəti həmin ərazinin onlara deyil, Suraxanı Rayon İcra Hakimiyyətinə aid olduğunu iddia edərək bərbad gündə olan yolları təmir etmir: 

“Yollarımız bərbad gündədir. Yağış yağanda isə bu problem daha acınacaqlı hal alır. Həmin yolda nəinki piyada hətta minik avtomobili ilə hərəkət etmək də müşkülə çevrilir. Çünki yağış yağanda yolda böyük gölməçələr, çuxurlar əmələ gəlir. Bizim əraziyə elə də uzaq olmayan - “Kanal üstü” adlanan ərazidəki yolu Xəzər Rayon İcra Hakimiyyəti təmir etdirsə də, bizim dərdimizə çarə olan yoxdur. 

Yollarımızın bərbad gündə olması ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin onlar bu əraziyə Suraxanı Rayon İcra Hakimiyyətinin baxdığını deyərək bizə kömək etmirlər. Necə olur ki, komunnal ödənişlərlə bağlı qəbzlərdə Xəzər rayonu yazılır. Hətta heç bir dərdimizə çarə olmayan, problemimizi həll etməyən Binə bələdiyəssi bizə vergi ödənişləri ilə bağlı üzərində şəxsi bank hesabı olan qəbzlər göndərir, bizdən pul istəyir. Necə olur ki, bizdən pul istəyəndə ərazimiz Xəzər rayonu olur, amma problemimiz olanda Suraxanıya aid olduğumuz deyilir. Bundan sonra Suraxanı Rayon İcra Hakimiyyətinə də getdik. Onlar da məsuliyyəti üzərlərindən atmaq istədilər. Bir dəfə isə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib əraziyə baxdılar. Onlar “Sağagedən yol”u tanıyırlar. Şikayətimizə baxılacağı və problemimizin həll olunacağını desələr də, hələ də bizim bu bərbad yola baxan yoxdur. Xəstəmiz olanda əraziyə təcili yardım maşını belə çağıra bilmirik. Yol elə gündədir ki, avtomobillər çox ehtiyyatla, yavaş-yavaş gedirlər. Həmin yolun bir az hissəsinə heç bir dövlət qurumunun köməyi olmadan asfalt çəkilib. Əraziyə su çəkənlər isə həmin asfaltı bərbad günə qoydular. Həmçinin ərazidə kanalizasiya sistemi də yoxdur. Xahiş edirik problemimizin həlli üçün bizə kömək edin”.

Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı isə Əziz Əzizovdur.

Xatırladaq ki, 2019-cu ilin 26 dekabr tarixində Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq