"Qadınlar 62, kişilər 67 yaşda..." - Nazirlik yaş həddinə görə pensiyaalma hüquqi ilə bağlı açıqlama yaydı + DETALLAR

img

08-01-2020 [12:23]


"Prezident İlham Əliyevin ötən il dekabrın 16-da təsdiqlədiyi yeni qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib. Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnu 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir".

Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar:

"Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR