""Azəriqaz" SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək" - Komitə sədri dəyişiklik anonsu verdi

img

22-12-2019 [17:47]


SOCAR-da yanvar ayından islahatlar gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlama verib.

O bildirib ki, yanvar ayında "Azəriqaz" İB SOCAR-ın tərkibindən çıxırılacaq: "Bu qurum, yəni "Azəriqaz" müstəqil təşkilat kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərovun səlahiyyəti artırılacaq. Belə ki, Yaşar Lətifovun hazırda rəhbərlik etdiyi "Yataqların işlənməsi üzrə vitse-prezident"  postu ləğv olunacaq və onun kurasiya etdiyi sahə Daşqın İskəndərovun nəzarətinə veriləcək".

Mirvari Qəhrəmanlı xatırladıb ki, D.İskəndərovun "Azneft" İB-nin Baş direktoru olduğu dövrlərdə rəhbərlik etdiyi sahədə 11 faciəli qəza hadisəsi baş verib: "Orada Əmək Məcəlləsinin müxtəlif maddələrinin pozulması nəticəsində 120-dək işçinin həlak olması dövrü mətbuatda yazılıb..." .

M.Qəhrəmanlı başqa bir vitse-prezidentin də yaşla bağlı təqaüdə göndəriləcəyini bildirib.

Xatırladaq ki, Daşqın İskəndərov bu ilin dekabrın 3-də "Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən çıxarılaraq, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. O, bu vəzifədə təqaüdə göndərilən Rəhman Qurbanovu əvəzləyib. 

 "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə bu ilin noyabr ayının 1-də vəzifədən çıxarılaraq, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi təyin olunub. "Azəriqaz” İB-yə isə qurumun Baş direktorunun müavini Ruslan Əliyev  rəhbər təyin edilib. 

Onu da qeyd edək ki, SOCAR-da hazırda 13 vitse-prezident postu var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA