ŞUŞANIN İŞĞALINDAN BİR GÜN ƏVVƏL İRANDA GEDƏN DANIŞIQLAR: ermənilər prezidentlərinə itaətkar, azərbaycanlılar isə... - TARİXİ MEMUAR

img

22-12-2019 [11:41]


Əziz Rzazadə

Strateq.az

***

Haşimi Rəfsəncaninin “Xatirat”ında bu qeydləri təkrar oxuyarkən, iki səbəbə görə təəccübləndim.

Birincisi, o dövrün bəzi məqamları ilə bağlı xüsusi bir qeydi yoxdur. Misal üçün, Müstəqil Dövlətlər Birliyinin yaradılması, yaxud Ayaz Mütəllibovun istefası.

İkincisi, o dövrü yaddaşımda təzələyib, qıtlığı, mübaribəni, saysız-hesabsız ölümləri və biçarəliyimizi xatırladım.

İlahi, biz nələrdən keçmişik, biz bütün bunlara necə dözə bilmişik!

19 dekabr 1991

Yeltsinin müavini, Rusiya Federasiyasının vitse-prezidenti [cənab Aleksandr Rutskoy] gəldi. Hərbçidir, siyasi və diplomatik məsələlərdə xamdır. Yeltsinin məktubunu gətirdi. İrana gəlməyə hazır olduğunu, əksəri Rusiyaya aid keçmiş müqavilələrin icra edilməsini yazıb və Əfqanıstandakı əsirlərinin sərbəst buraxılmasını kömək etməyimizi xahiş edir.

[Rutskoy] Qorbaçovun siyasətini tənqid etdi, Türkiyənin Azərbaycanla təmasını gücləndirməsi iddiasındadır və deyir ki, məqsədlidir.

[SSRİ-dən miras qalan] enerjinin – 93%, ağır sənayenin – 88% və hərbi sənayenin – 85%-lik payının Rusiyada olduğunu iddia edir. Dedi ki, İran bölgənin ən vacib ölkəsi hesab olunur və müəyyən münasibətlər istəyirlər.

İşlərimi gün batana qədər bitirdim və gün batanda evə gəldim.

24 dekabr 1991

[İqtisadi işlər və maliyyə naziri] doktor [Möhsün] Nurbəxş gəldi. Sovet Azərbaycanına gedir, qaz alqı-satqısı müqaviləsi və digər məsələlərdə mənimlə məsləhətləşdi. Dedim ki, tam səlahiyyət sahibidir. Keçmiş Sovet İttifaqının (Rusiyanın – Ə.R.) bundan narahat olmaması şərti ilə İran qazının orada istehlakı, qaz boru kəmərinin Avropaya uzadılması, Xəzəryanı dövlətlərin əməkdaşlığı, orada bir bankın qurulması və İran rialının işlənməsi məsələrini müzakirə etsin.

5 yanvar 1992

Axşam cənab [Mahmud] Vaezi gəldi. Keçmiş Sovet Azərbaycana səfəri barədə məlumat verdi. Onlar silah-sursat, hərbi təlim və neft-qaz əməkdaşlığının inkişafını xahiş, Ukraynaya da qaz verməyi təklif etdilər.

8 yanvar 1992

Neft naziri [Qulamrza Ağazadə] gəldi və Bakıya səfəri barədə məlumat verdi. Azərbaycan və Ukrayna ilə yaxşı müqavilələr bağlanılıb. Ukraynalılar İrandan qaz və neft almaq istəyirlər, hazırda Rusiyadan tədarük edir və gələcəkdə keçmiş Sovet İttifaqı (Rusiya – Ə.R.) ilə ixtilafın ortaya çıxacağını nəzərə alaraq, alternativ axtarırlar.

Deyilənə görə, amerikalılar onlara Qətərdən qaz tədarükünü və kəmər çəkməyi təklif ediblər, ancaq ukraynalılar Azərbaycana və İrana üstünlük veriblər.

Gələn il, birinci mərhələdə Türkmənistandan Azərbaycana 9 milyard kubmetr qaz tədarük ediləcək və o, Ukraynaya nəql olunacaq. Bunun əvəzində Azərbaycan bizdən üç kəmər vasitəsilə 75 milyard kubmetr qaz və 45 milyon ton neft tədarük edəcək. Bu təkliflər həyata keçirilərsə, çox məntiqli və faydalıdır, işlər davam etdirilməlidir.

11 yanvar 1992

[Kəşfiyyat naziri] Cənab [Mustafa] Purməhəmmədi gəldi. İrlandiya və İngiltərə, PKK və Türkiyə, Birləşmiş Ərəb Əmirliklərindəki münafiqlər, keçmiş Sovet Azərbaycanı… haqqında məruzə etdi.

30 yanvar 1992

Axşam cənab [Seyyid Əbdülkərim] Musəvi Ərdəbili gəldi. Səhhəti yaxşıdır, bir neçə gün əvvəl yüngül insult keçirmişdi. Darül-Aləm Universiteti üçün yardım istədi və Azərbaycana daha çox kömək etməyimizi tövsiyə etdi.

10 fevral 1992

Axşam Emənistanın xarici işlər naziri gəldi. O, Ermənistandakı vəziyyət, enerji problemi və Azərbaycanla Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı geniş izahat verdi. Əməkdaşlığın inkişafı, Araz çayı üzərində körpü salınması və gömrük məntəqəsinin açılması, İrandan qaz xəttinin çəkilməsinə çağırdı.

Qərara alındı ki, İran Dağlıq Qarabağ münaqişəsinə vasitəçilik etsin.

16 fevral 1992

Səhər saat 9-da İƏT Zirvəsi qonaqlarını qarşılamaq üçün [Mehrabad] hava limanına getdik.

Azərbaycanın prezidenti [Ayaz] Mütəllibov gəldi. Baş nazirlərindən qabaq təşrif gətirmişdi. Çünki o, Pekində idi. Buna görə də, [Mütəllibov] görüşlərini qaçaraq başa vurub özünü Tehrana çatdırmışdı. Rəsmi qarşılanma və qısa müsahibələr oldu. [Mütəllibov] Azərbaycanın vəziyyətindən çox nigarandır.

…İclasdan sonra Azərbaycan Respublikasının baş naziri [Həsən] Həsənovla görüşdüm. Çox açıq və səlis şəkildə öz və SSR-nin digər respublikalarında olan problemlərdən danışdı. Ermənistanla müharibədən çox narahatdır və böyük israrla müharibənin qurtarması üçün vasitəçi olmağımızı istəyirdi. Özlərini zəif hiss edirdilər. [Həsənov] rusların Ermənistana xeyli silah verdiyini və Azərbaycana vermədiyini iddia edirdi.

Deyirdi ki, indi həm Amerika, həm də Rusiya Ermənistanı dəstəkləyir. Sovet ordusu hələ də respublikalarda qalıb, Rusiyanın tabeliyindədir və yerli hökumətləri vecinə almır.

…Həmin gün şam yeməyindən sonra [Mərkəzi Bankın sədri] cənab [Məhəmməd Hüseyn] Adeli gəldi və dedi ki, Azərbaycanla onların əsginaslarının (manatın – Ə.R.) bizdə çap edilməsinə razılaşıblar.

17 fevral 1992

Səhər saat 8-də İƏT Zirvəsi qonaqları ilə görüşmək üçün XİN-in Tədqiqat Bürosuna getdim.

Azərbaycan prezidenti [cənab Ayaz Mütlabov] gəldi. O, ermənilərlə münaqişə ilə bağlı narahatlığını bildirdi və Rusiyanın Ermənistanı dəstəklədiyini iddia etdi.

23 fevral 1992

Cənab doktor Vilayəti vasitəçilik üçün Azərbaycana və Ermənistana səfər edəcəyi barədə məlumat verdi.

29 fevral 1992

[Xarici işlər naziri] doktor Vilayəti gəldi və Azərbaycana və Ermənistana etdiyi səfərlər haqqında məlumat verdi.

…Ali Milli Təhlükəsizlik Şurası toplandı. Doktor Vilayətinin səfəri, Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyimiz, İraq xalqına kömək və İran kürd əks-inqilabına maneə ilə əlaqədar məsələr nəzərdən keçirildi və qərarlar qəbul olundu.

8 mart 1992

Ayətullah Xamnəinin iftar qonağı idim. Azərbaycan və Ermənistana dərman göndərilməsi və ölkənin ümumi problemləri barədə danışıqlarımız oldu. Bu il oruc tutur, öd kisəsi əməliyyatından sonra səhhəti yaxşıdır. Əvvəlki illərdə oruc tuta bilməmişdi.

12 mart 1992

Azərbaycandakı mədəniyyətə dəstək heyətindən (Mədəniyyət Mərkəzi – Ə.R.) cənab [Seyyid Əli Əkbər] Ocaqnejad və Əhmədi gəldi. 48 tələbənin qəbulu, video kassetlər, pul göndərilməsi və türk dilində kitabların hazırlanması da daxil olmaqla, işlər haqqında məlumat verdilər. Ayətullah Meşkini və Fazil [Lənkəraninin] məktubunu təqdim edib kömək istədilər. 20 milyon tümən yardım etdim. Onları həvəsləndirdim. Qərar verdim.

Günorta saatlarında Azərbaycanın baş naziri [Həsən] Həsənov zəng etdi. Ermənilərin təzyiqindən narahat idi, Azərbaycanın Ağdam şəhərinin (rayonunun – Ə.R.) bir hissəsini aldıqlarını və hələ də irəlilədiklərini söylədi. Məndən xahiş etdi ki, problemin həlli üçün Ermənistan və Rusiya prezidentləri ilə danışım, BMT-də aktiv olum.

Ermənistan prezidenti [Levon] Ter-Petrosyanla söhbətim oldu. Ağdamın işğalın inkar edərək vəziyyəti nəzarətinə götürməyə razılıq verdi. Dedi, ABŞ sülh danışıqları üçün Ermənistandan Belçikada, Türkiyə ilə bir toplantıda iştirakı tələb edir və Ermənistan bu təklifi rədd edib, İranın iştirakı olmadan razı deyil.

19 mart 1992

Fati (Fatimə Haşimi Rəfsəncani, böyük qızı – Ə.R.) Sovet Azərbaycanından, Bakıdan telefonla zəng etdi. Cənab [Mahmud] Vaezinin ailəsi ilə birlikdə maşınla gediblər.

Hesabatlarda İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyində irəlilyişin diqqət mərkəzində olduğu iddia edilir.

20 mart 1992

Evdə idim. Hesabatları oxuyurdum. İffət (Rəfsəncaninin xanımı – Ə.R.) və Yasir də yanımda idi. Fati və övladları Azərbaycandadır. Faizə də Kiş şəhərinə getdi.

21 mart 1992

Axşam və gecə qohumlar gəldi. Vaxtımın çoxu hesabatların mütaliəsinə sərf olundu. [Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında], Dağlıq Qarabağ bölgəsində İranın təşəbbüsü ilə atəşkəs bərqərar edilib, nisbi riayət olunur, lakin Qərb mediası bunu İranın səyi adlandırmaq istəmir.

24 mart 1992

Səid, Fati və uşaqlar gəldi. Keçmiş Sovet Azərbaycandan qayıtdılar. Bir az onların yoxsulluğu, geriqalmışlığı, problemlərindən və oradakı insanların İrana maraq və ümidlərindən danışdılar. Dedilər ki, Türkiyənin yalan təbliğatı ucbatından əslində, ağ yalan olan İranın Ermənistana köməyinə dair böhtan atılır.

25 mart 1992

Axşam hökumət üzvlərinin iclasında iştirak etdim. Seçki və monitorinq hesabatını daxili işlər naziri [Abdullah Nuri] və Dağlıq Qarabağdakı vasitəçilik vəziyyəti barədə [xarici işlər naziri] doktor Vilayəti hesabat verdilər. Xüsusən, Azərbaycan xalqının İranın ermənilərə qarşı müsəlmanların tərəfdarı olmasına ümidini və Azərbaycanın tərəfini tutduğumuz təqdirdə vasitəçilik imkanın itiriləcəyini, ermənilərin Qərb, xüsusən ABŞ tərəfindən dəstəklənəcəyini nəzərə alaraq, bu vasitəçiliklə bağlı bəzi problemləri müzakirə etdik.

28 mart 1992

Ali Milli Təhlükəsizlik Şurasının iclasında [xarici işlər nazirinin müavini] cənab [Mahmud] Vaezi Dağlıq Qarabağ bölgəsindəki vasitəçilik tədbirlərinin gedişatı haqqında məlumat verdi və məmnunluğunu bildirdi. Qərara alındı ki, Azərbaycanın təlafatları məsələsi diqqətlə izlənilsin və səylər göstərilsin. İnsanlar inandırılsın ki İranın addımları onların nəfinədir, bu, onların açıq şəkildə dəstəklənməsi və ermənilərə qarşı çıxmaqdan daha yaxşıdır. [Vaezi] Azərbaycan xalqının bunu başa düşdüyünü iddia etdi.

3 aprel 1992

Axşam XİN-in təkidi ilə telefonla Almaniya kansleri cənab [Helmut] Kolla Dağlıq Qarabağ bölgəsində vasitəçilik sahəsində koordinasiya və iki ölkənin mübadiləsində tarazlığın vacibliyini müzakirə etdim.

11 aprel 1992

[Ali Rəhbərin nümayəndəsi və İranın Həcc qəyyumu] cənab [Məhəmməd Məhəmmədi] Reyşəhri gəldi. Bu il Azərbaycan zəvvarlarının da İranın həcc qafiləsinə daxil edilməsini tövsiyə etdi.

15 aprel 1992

Ukraynada, Portuqaliyada və Azərbaycandakı yeni səfirlərimiz vida verməyə və təlimatlar almağa gəldilər

2 may 1992

Axşam doktor Vilayəti və [Mahmud] Vaezi gəldi. Ermənistan və Azərbaycan prezidentlərinin İrana səfəri və mənim Türkmənistana səfərim müzakirə edildi.

4 may 1992

Keçmiş Sovet Azərbaycanının baş prokuroru [cənab Babayev (Murad Babayev – Ə.R.)] və yoldaşları gəldi. Onların mövqeləri və İranın köməyinə ümidlərindən söz açıldı.

5 may 1992

Azərbaycan və Ermənistan qonaqları üçün proqram hazırladıq.

6 may 1992-ci il

…Azərbaycanın prezidenti əvəzi cənab Yaqub Məmmədovu qarşılamaq üçün [Mehrabad] hava limanına getdik. Rəsmi qarşılanma mərasimi və qısa müsahibədən sonra onu müşayiət edən nazir [Qulamrza] Şafei ilə birlikdə Səadabada getdi.

İqamətgahıma gəldim. Bir saat işlərimi gördüm, sonra Azərbaycan nümayəndə heyəti gəldi. Əvvəlcə fərdi görüşümüz oldu, hərtərəfli əməkdaşlığı inkişaf etdirmək istədilər. Sonra Qarabağ və müharibə haqqında söhbətlər oldu. Səmimi olaraq sülh istədiklərini söylədi. Sonra bu məsələlərlə bağlı rəsmi danışıqlar oldu.

Axşam hava limanına Ermənistan prezidenti [cənab Levon Ter-Petrosyanı] və digər cənabları qarşılamaq üçün getdik. Rəsmi qarşılama və müsahibədən sonra [iqtisadiyyat və maliyyə naziri] doktor [Möhsün] Nurbəxşin müşayiəti ilə Səadabada getdilər. Mən iqamətgaha qayıtdım. İffət də onun xanımını qarşıladı.

Günbatana yaxın gəldilər. Fərdi və rəsmi danışıqlarımız oldu. İkitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ və s. məsələlərdə rəylər Azərbaycan nümayəndə heyətinin fikirlərinə bənzəyirdi: yollar, dəmir yolları, körpülər, qaz və qida məhsulları istəyirlər.

Şam yeməyini Azərbaycan nümayəndə heyəti ilə birlikdə yedik. Halbuki hər iki nümayəndə heyətinin birgə iştirakı ilə olmalı idi, amma ermənilər imtina etdilər ki, bizim üçün ayrıca ziyafət olmalıdır.

Yeməkdən əvvəl və şam yeməyi zamanı Azərbaycandakı vəziyyəti müzakirə və xeyli məlumat əldə etdik. Fərdi danışıqlarda silah tələb etdilər. Hər iki nümayəndə heyəti sülhlə bağlı xoş məram ifadə etdilər.

Çisələyirdi. Gec evə gəldim.

7 may 1992

Günortadan əvvəl iqamətgahıma gedib işlərimi görməyə başladım. Qonaqlara görə müxtəlif təyinatlı görüşləri ləğv etdim. Səhər saat 11-də iki – Azərbaycan və Ermənistan nümayəndə heyəti gəldi. İşlərin rəsmi və geniş tərkibli iclasda rəvan getməsi üçün əvvəlcədən ilkin danışıqlara vaxtımızın çoxunu sərf etdik. Məlum oldu ki, [Azərbaycan və Ermənistan prezidentləri] cənab Məmmədov və cənab Ter-Petrosyan əvvəllər bir-birini heç görməyiblər. Amma telefonla əlaqə saxlayıblar.

Hovuzxana otağında (mərkəzində hovuzu olan təmtəraqlı, ənənəvi İran qonaq otağı – Ə.R.), hovuzun ətrafında oturduq. Mən ikisi arasında əyləşdim, əvvəlcə münaqişə və sülhün itirilməsi, sonra tərəflərin imzalaması üçün hazırlanan sənədin mətni haqqında ümumi məlumat verdim. Razılaşmanın ümumi cəhətləri haqqında ortaq fikirlər var idi, ancaq sənədin bəzi müddəaları və şərtlərində fikir ayrılıqları meydana çıxdı.

Erməni nümayəndə heyəti öz prezidenti ilə ahəngdar və itaətkar, lakin Azərbaycan nümayəndə heyəti üzvləri bir-birilə ixtilafda idi, bəziləri müəmmalı şəkildə hərəkət etdilər ki, prezidentləri uğur qazanmasın və ya İran vasitəçilik edə bilməsin.

[Azərbaycanın] xarici işlər naziri (Hüseynağa Sadıqov – Ə.R.) məhz bu cür davranırdı. Razılaşma əldə olunanda, onu sabotaj etdi. Nəhayət, naçar qalıb xəlvətcə yarımçıq razılaşma hazırladıq. Rəsmi iclasa getdik. Özümün və tərəflərin rəsmi və ümumi açıqlamalarından sonra bəyanata uyğun mövzuları müəyyənləşdirdim.

Günortadan sonra, saat 3-də iclas başa çatdı və mütəxəssislər bəyanatı hazırlayıb üç tərəfin imzalanmasına çatdırmalı idilər.

Onlar dincəlməyə getdilər. Mən də namaz, nahar, istirahət və işlərimə görə bilmək üçün iqamətgahıma gəldim.

Azərbaycan nümayəndə heyəti danışıqların ikinci mərhələsinə təşrif gətirdi. Qərara alınmışdı ki, bu gün Məşhədə getsinlər, dedilər, təəsüf ki, imtina etməlidirlər və bu gün Azərbaycana qayıdırlar.

Yekun sənədin mətnini müzakirə etdik. [Azərbaycanın] ekspertlərinin şübhəsi olduğu ortaya çıxdı. İran və Azərbaycan arasında əməkdaşlıq haqqında bəyanatlar imzaladıq. İran mallarını almaq üçün onlara 500 milyon dollar kredit verdik. Atəşkəs məsələsi yarımçıq qaldığından ermənilərlə barışıq üçün gecə qalmaları qərara alındı.

Məğrib və işa namazlarından sonra Ermənistan nümayəndə heyəti gəldi və biz yenidən barışıq danışıqları apardıq. Azərbaycan heyətinin yeni təklifləri ucbatından nəticəyə yetişə bulmədik. Ümumi rəhbərliyin köməyi ilə yekun sənədin mətnini hazırlamaq üçün ekspertləri səlahiyyətləndirdik. Azərbaycanlılar iqamətgahlarına qayıtdılar və müqavilələrin imzalanması üçün ermənilərlə birlikdə rəsmi mərasimdə jurnalistlərlə birlikdə iştirak etdilər.

Sonra ziyafət məclisinə getdim. İffət, eyni zamanda, Ermənistan prezidentinin xanımına “Naft Hotel”-də şam qonaqlığı verdi.

Yemək masası arxasında Ermənistandakı vəziyyətlə bağlı çoxlu sual verdim. Onların Rusiya ilə münasibətləri pis deyil və digərlərindən fərqli olaraq, Rusiyanın gələcəyinə nikbin baxırlar. Silahlı qüvvələrin bölünməsində yaxşı pay alacaqlarını gözləyirlər. Suriya ilə də yaxşı münasibətləri var. Yanacaq, ərzaq və işsizlik problemləri var. Azərbaycan mühasirəyə (blokadaya – Ə.R.) aldığı üçün və bu zəifliyə görə sülh istəyirlər.

Sabah səhər 8-də hər iki nümayəndə heyətinin kompromisin son mətnini təsdiq və imzalamaq üçün razılığa gəlmələri planlaşdırıldı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq