Ruhidən komitə sədrinə mesaj: "Kənarda dayanmaq lazım deyildi"

img

18-12-2019 [14:45]


Tanınmış biznes-ledi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini tənqid edib.

Mia.az-ın məlumatına görə, Ruhi Əliyeva “news24.az”a müsahibəsində bildirib ki, adıçəkilən qurum tərəfindən onun gördüyü işlərə heç bir dəstək göstərilmir:


 
“Bilirsinizmi, mən bu məsələlərdə kimisə günahlandırmaq istəmirəm. Təbii ki, mənim də o qurumdan gözlədiyim bəzi məsələlər var idi ki, onları görmədim. Hətta tədbirlərimizə dəvət etdik, ötən il tədbirimizə gənc bir nümayəndə göndərmişdilər. Əgər bizim kimi vətəndaşlar bu layihələri edir, çiynimizi bu yükün altına veririksə, çox istərdim ki, onlar da lazımi dəstək versinlər”.

Ruhi Əliyeva əlavə edib ki, onun təqdim etdiyi sosial layihələri, əslində, Komitənin özü etməlidir:

“Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var”.

Qeyd edək ki, Ruhi Əliyeva tez-tez qadına qarşı şiddətə son, qadın zorakılığı və qadınlarla bağlı digər məsələlərə aid sosial layihələr həyata keçirir.

***

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “azxeber.com”a bildirib ki, qadına şiddətə qarşı olan bütün tədbirlər təqdirəlayiqdir:

"İlk olaraq onu deyə bilərəm ki, zorakılıqla mübarizə ilə 11 dövlət qurumu məşğuldur. Bundan əlavə, qeyri-hökümət təşkilatlarının və ya hansısa tanınmış şəxsin bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Hər il bu sahədə tədbirlər keçirilir, maarifləndirici kampaniyalar aparılır. Bu kampaniyalarda maarifləndirmə ilə yanaşı ailələrlə də fərdi danışıqlar aparılır.
 
Biz Ruhi xanımın fikrinə hörmətlə yanaşırıq. Ancaq onu da bildirməliyik ki, qadına şidddət təkcə bizim komitənin yox, bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Ruhi xanımın tədbirlərində bizim bir əməkdaşımız iştirak edib. Ola bilər ki, keçirilən tədbirlər silsilə xarakteri daşıyıb və eyni anda bizim də tədbirlərimiz olduğu üçün əməkdaşlarımız iştirak etməyib. Çünki bizim heyətimiz elə də çox deyil. Burada qabardılacaq bir məqam yoxdur. Biz hər zaman məişət zorakılığı və ya uşaq hüquqlarının qorunmasına dəstək olmağa hazırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR