Mərkəzi Bank: "Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötüb"

img

13-12-2019 [12:54]


Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7%, kənd təsərrüfatında 7,3% artım müşahidə olunub.

Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9% artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.

Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib.

Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərmişdir. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64,1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2,3%, o cümlədən, qeyri-neft ixracı 17,5% artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olub.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7% və yaxud 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatıb. 
Digər xəbərlər
SON XƏBƏRLƏR