"Mən orada heç kimi təhqir etməmişəm” - Nazpəri Dostəliyeva

07-11-2019 [19:25]
"Mən  orada heç kimi nə təhqir etməmişəm, nə də heç kəsə xoşagəlməz sözlər deməmişəm”.

Bunu "Yeni Sabah”a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Bir müddət əvvəl xalq artisti "5/5” verilişində meyxana tərzində oxuyan müğənniləri tənqid etmişdi. 

Amma bundan bir müddət sonra Türkan Vəlizadə və Pərviz Bülbüləni nəvəsinin şənliyinə dəvət etdiyi üçün özü tənqid hədəfi olmuşdu.

N. Dostəliyeva deyir ki, o, sadəcə bir böyük kimi tövsiyyələrini verib: "Bu gün də  bir böyük kimi fikirlərimi deyirəm. Mən hər zaman dediyim sözdə etikanı da, mədəniyyəti də gözləyirəm. Başqa  cür heç vaxt danışmaram. Bu gün dediklərim də yenə  bir böyük tövsiyyəsi idi. 

Qaldı ki meyxanalara və meyxanaçılarımıza, mən heç  vaxt onları nə təhqir etmərəm, nə də, kobud bir söz demərəm. Meyxananın özü də bir sənətdir. Vahidimizin ağzından çıxan bütün gözəl şeirlərin kökündə meyxana üslüblu ədəbi sözlər var,  mən onu pisləyərəmmi? Meyxanaçılarımız içində də çox mədəni, qabiliyyətli, intellektual səviyyəli gənclərimiz var. Biz onların qarşısını niyə alaq?  Eyni zamanda rep deyən gənclərimiz var. Nə üçün biz onların qabağını almalıyıq? Biz əksinə, onlara təhsil  almağı və həmin sahəni  gözəl səviyyədə xalqa aşılamağını tövsiyyə etməliyik”.

Xatırladaq ki, N. Dostəliyeva gənc müğənnilər haqda aşağıdakı ifadələri işlətmişdi: "Gənclərin, demək olar ki, 80 faizinə qulaq asa bilmirəm. Ona görə ki, ali təhsil almaq istəmirlər, tez toyxanalara qaçırlar, musiqiləri düz təqdim eləmirlər. Meyxana sənətini çox sevirəm, amma daha çox meyxanaya üz tuturlar, meyxanaçılarla duet oxuyurlar".


SON XƏBƏRLƏR